• 29 Mart 2024

Əl-Əla (ƏN UCA) Surəsi təfsiri

            بِسْمِ اللَّala-suresi-arapçaهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

(سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى) (Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!] [əl-Əla 1]. Ya Peyğəmbər! Allahı nöqsan və aciz sifətlərdən, zalımların söylədiklərindən, evlilik və övlad kimi Allaha yaraşmayan şəriklikdən pak və müqəddəs tut.

 (الَّذِي خَلَقَ فَسَوَّىٰ) [O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi] [əl-Əla 2] O, bütün məxluqatını olduqca mükəmməl yaratdı. Belə ki, onlarda hər hansı bir nöqsalıq və əskiklik yoxdur.

(هَٰذَا خَلْقُ اللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ الَّذِينَ مِن دُونِهِ)  [Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar.] [Loğman 11] Sonra Uca Allah bəzi sübutlarla öz qüdrətinin dəlillərini xatırladır.

(وَالَّذِي قَدَّرَ فَهَدَىٰ) [O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək doğru yolu göstərdi]. [Əl-Əla 3] Hər şeyin keyfiyyətini və xüsusiyyətini yaratdı. Allah insanın faydalanması üçün, ona bəxş etdiyi xüsusiyyətlərlə onu doğru yola və heyvanları da otlaqlara yönəltdi. Hər bir məxluqata özünə məxsus vəzifə, iş və məqsəd təqdir etdi. Əgər sən nəbatatın xüsusiyyətlərini, metallarda olan faydaları və xüsusiyyətləri, insanların bitkilərdən əldə etdikləri faydalı dava-dərmanı və metalları əkin alətlərində, minik və təyyarələrdə istifadəsini tədqiq etsən, Uca və qüdrətli Allahın yaratmasındakı və təqdirindəki hikməti anlayarsan.

(وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ) [O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.] [Əl-Əla 4] Heyvanların otlaması üçün otu yaradan, onu yerdən yaşıl və rayihəli çıxaran məhz Odur. Bundan sonra təzə və gözəl mənzərəsi olan otları qara çör-çöpə çevirər.

 (فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ) [Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.] [Əl-Əla 5] Bu halda belə quruyan otlar heyvanlar üçün faydalı yem olur. Hər bir şeyi təqdir edən və kamilləşdirən Allah nə qədər də pak və müqəddəsdir! Bu ayədə ağacların və əkinlərin yaşıl, rayihəli olmasından sonra məhv olması kimi, insanların da ölməsinə işarə vardır. Əzəli və əbədi olan Allah-Təala istisna olmaqla, heç bir şeyin canlılığı davam etməyəcəkdir. Allah bəzi qüdrət və vəhdaniyyət ayələrini xatırlatdıqdan sonra, peyğəmbərinə bu Qurani-Kərimi ona nazil etmə və sinəsində qoruma nemətini xatırladır. Pak və müqəddəs olan Allah belə buyurur:

(سَنُقْرِئُكَ فَلَا تَنسَىٰإِلَّا مَا شَاءَ اللَّهُ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ) [Ya Peyğəmbər! Biz sənə Quranı oxudacağıq və sən onu əsla unutmayacaqsan. Allahın istədiyi bundan müstəsnadır. O aşkarı da, gizlini də, bilir] [Əl-Əla 6-7] Ey Mühəmməd! Biz sənə bu əzəmətli Quranı oxudacaq, Allahın dəyişdirmək və unutdurmaq istədiyi istisna olmaqla, onu sənin sinəndə, yəni qəlbində qoruyacağıq. Bu ayədə Peyğəmbərimiz (s.ə.s) ilə bağlı bir möcüzə vardır. Çünki o, anadangəlmə yazıb-oxumağı bilmirdi, lakin buna baxmayaraq Cəbrayıl (ə.s) mələyin ona oxuduqlarını unutmurdu. Hz. Peyğəmbər (s.ə.s) heç bir mütaliə və təkrarlama etmədən bu böyük kitabı əzbərləyir, daha sonra da unutmurdu. Məhz bu da onun peyğəmbərliyinin ən böyük sübutudur. Hətta ilahi vədin (Ya Peyğəmbər biz sənə Quranı oxudacağıq və sən onu əsla unutmayacaqsan)  gerçəkləşməsi üçün Cəbrayıl (ə.s) ona uzun sürəni bir dəfədə oxuyar, o da  bu sürəni bir daha unutmazdı. (Allahın istədiyi bundan müstəsnadır) sözünə gəldikdə, yəni, Allahın şəriətdə ləğv etdiyi və yaxud dəyişdirdiyi hökmlərdir. O sənə bunları unutduracaq. [O, aşkarı da, gizlini də bilir!] [Əl-Əla 7] Yəni, o, bəndələrin söz və əməllərində gizlətdiklərini də, aşkara çıxardıqlarını da bilir. Ona heç bir şey gizli deyildir. Sonra Allah peyğəmbərə şəriətinin cansıxıcı, çətin və məşəqqətli deyil, asan və dözülə bilən etməsi haqqında başqa bir müjdə verir. Bundan sonra belə buyurur:

(وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ) [Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.] [Əl-Əla 8] Biz sənə şəriətlərin ən asan, ən yüngül və atan İbrahimin (ə.s) dini olan xoşgörülü bir dini müyəssər edirik.  Bu səbəbdən Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur. “Mən xoşgörülü hənif dini ilə göndərildim”. Parlaq din, asan və xoşgörülü olandır.

(فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَىٰ) [Əgər nəsihət vermək fayda verərsə, öyüd-nəsihət ver] [Əl-Əla9] Ey Rəsul! Nəsihətin, moizənin və xatırlatmağının fayda verməsi üçün, sənə nazil etdiyimiz Quranla insanlara öyüd-nəsihət ver. Sözə qulaq asıb, məqsədi başa düşməyən, heyvanlar dərəcəsinə enənlər üçün özünü məhv etmə. Onlara nə nəsihət, nə də xatırlatma fayda verər.

İbn Kəsir belə demişdi: Əli ibn Əbu Talibin də dediyi kimi: “Sənin anladıb insanların dərk etmədiyi elə bir sözün yoxdur ki, o, onların bəzilərini fitnəyə salmasın” və həmçinin belə buyurmuşdur: “İnsanlarla onların başa düşdükləri səviyyədə danışın. Siz onların Allah və Rəsulun təkzib etmələrini istərdiniz?”

 (وَيَتَجَنَّبُهَا الْأَشْقَى ﴿سَيَذَّكَّرُ مَن يَخْشَىٰ)  [Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Bədbəxt isə ondan qaçacaqdır.] [Əl-Əla 10-11] Quranla verilən öyüd-nəsihət qəlbi diri olan, Allahdan çəkinən və Onun əzabından qorxan insana fayda verər. Lakin Allaha inanmayan, kafir, günahkar, zəlalət və azğınlıqda həddi aşan insan bu nəsihətdən uzaq durar və bunu qəbul etməz.

(الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ)[O, ən böyük atəşə (cəhənnəmə) atılacaq.] [Əl-Əla 12]

 (ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ) [O orada nə öləcək, nə də yaşayacaqdır] [Əl-Əla 13] O, istiliyi çox şiddətli olan yandırıcı atəşə girəcək, sonra orada ölməyəcək, əzabdan qurtulmayacaq, gözəl və təmiz həyat yaşamayacaq. Uca Allahın başqa bir ayədə buyurduğu kimi:

(لَايُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا) [Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər] [Fatir 35]. Onlar orada bitməyən əzaba düçar olacaqdır. Səhih bir hədisdə qeyd edildiyi kimi: “Ölüm qiyamət günü qurban ediləcək. Çağıran belə çağırar: “Ey cəhənnəm əhli! Əbədiyyət var,  ölüm yoxdur. Ey cənnət əhli! Əbədiyyət var ölüm yoxdur”.

(الَّذِي يَصْلَى النَّارَالْكُبْرَىٰ) [O, ən böyük atəşə (cəhənnəmə) atılacaq.] [Əl-Əla 12] Bu ayədə cəhənnəm böyük atəş kimi səciyyələnmişdir. Buradakı məqsəd cəhənnəm atəşidir. Kiçik atəş isə bu dünyadakı atəşdir. Hz. Peyğəmbər (s.ə.s) belə demişdir: “Sizin bu dünyada yandırdığınız atəş, cəhənnəm atəşinin yetmiş hissəsindən bir hissədir”.

 (قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ) [Günahlardan təmizlənən kimsə nicat tapacaq. O kimsə ki, Rəbbinin adını anıb namaz qılar] [əl-Əla 14-15]. Yəni, uğur qazanacaq, nicat tapacaq və istədiyinə nail olacaqdır. Nəfsini imanla təmizləyən, Rəhmana qarşı niyyətini səmimiləşdirən, Allahın cəlalını və əzəmətini xatırlayan, Rəbbinin əmrini yerinə yetirmək üçün namazlarını mütiliklə qılan Nəim cənnətinə daxil olmaq kimi böyük səadətə nail olacaqdır.

(وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ﴾ ﴿بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا) [Lakin siz dünya həyatını üstün tutursunuz. Halbuki axirət həyatı daha xeyirli və daha qalıcıdır.] [əl-Əla 16-17]. Yəni, “Ey insanlar! Siz bu fani həyatı axirət həyatından olduqca üstün tutur, axirəti unudub dünya üçün çalışırsınız. Halbuki, axirət dünyadan daha xeyirli və əbədidir. Əgər dünya yurdu və onun məskənləri qızıldan, axirət yurdu və onun məskənləri isə taxtadan olsaydı, yenə də axirət daha fəzilətli və daha qiymətli olardı. Çünki axirət əbədi, dünya həyatı isə müvəqqəti və fanidir. Bu, tərsinə olsaydı necə olardı? Cənnət sarayları gümüş və qızıldan, içindəkilər rahat və təhlükəsiz.??? Ağıllı insan dünyanı necə axirətdən üstün tuta bilər? Abdullah ibn Məsud “Siz dünya həyatını üstün tutursunuz” ayəsini oxuyub öz dostlarından: “Dünya həyatını axirət həyatından nə üçün üstün tutduğumuzu bilirsinizmi?” – deyə soruşdu.  Onlar: “Xeyr!” – deyə cavab verdilər. İbn Məsud belə dedi: “Çünki dünya həyatı ləzzəti, bağçaları, qadınları, içkiləri, təamları ilə tezləşdirilib önümüzə qoyuldu, axirət hayatı isə bizdən gizlədildi və uzaqlaşdırıldı. Məhz bu səbəbdən biz təcili olanı sevdik, gecikdirilmiş olanı tərk etdik”.

(إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ﴾﴿ صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ) [Həqiqətən bu  deyilənlər  əvvəki kitablarda bildirilmişdir. İbrahimin və Musanın kitablarında] [əl-Əla 17-18].  Bu surədəki moizə və öyüd-nəsihət Hz. Musa və Hz. İbrahim peyğəmbərə nazil olan səhifələrdə də mövcuddur. Bunlar, əvvəlki dinlərin və bununla əlaqədar olan Quran ayələrinin nazil olduğu son səmavi kitabın üzərində ittifaq etdikləridir. Möminlər bunları dərindən fikirləşməli, Uca Allahın kəlamını özlərinə nəsihət olaraq qəbul etməlidirlər.

Tərcümə edən: İlqar Səmədov

Read Previous

Ömür sərmayəmizi qısa bir hesaba çəkək

Read Next

İslamda terror yoxdur!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.