• 19 Aprel 2024

Orucun Faydaları

Möhtərəm müsəlmanlar, islam dininin bütün təlimləri özündə müəyyən məqsədi, hikməti ehtiva edir. Elə bir hökm, ibadət, əmr və qadağa yoxdur ki, nə isə bir hikmətlə bağlı olmasın. Allah təala hər şeyi, o cümlədən insanı yaradarkən, yer üzünə şəriətlər göndərərkən insanların mənafeyini əsas götürmüşdür.

Bir sözlə, islamın hər bir sahəsində: ibadətdə, sosial münasibətlərdə (müaməlat), halal və haramda hikmət vardır. Onu da deyək ki, ibadətə, ondakı hikmətə Allahın ehtiyacı yoxdur; Ona nə itaətkarlığımız fayda verər, nə də asiliyimiz zərər toxundurar. İbadətə ehtiyacı olan bizik – biz bəndələr, Allah deyil!

Oruc ibadətindəki hikmətlərə gəlincə, aşağıdakıları söyləyə bilərik:

Oruc tutmaqla biz nəfsimizi tərbiyə edir, mənən saflaşırıq. Çünki orucda Allahın əmrlərinə itaət, qadağalarından çəkinmə vardır. Kamilləşmək üçün nəfsimizi istəklərdən, şəhvətdən, vərdişlərdən məhrum edirik.

Oruc tutmaq imkan verir ki, mənəvi mahiyyətimiz fiziki-bioloji mahiyyətimizə qalib gəlsin. Axı insan əsas iki ünsürdən: bioloji və ruhi (mənəvi) ünsürlərdən ibarətdir. . İnsanın təbiətində həm torpağa, həm də Allaha çəkən xüsusiyyətlər vardır; o həm torpaqdan yaradılıb, həm də Allahın nəfəsi ona üfürülüb. Oruc sayəsində ruhumuz bədənimizə, ağlımız şəhvətimizə qalib gəlir və biz mənəviyyata sarı ucalırıq.

Ramazan orucu bizə möhkəm iradə, nəfslə mübarizə əzmi, səbir, ənənəvi həyat tərzinə üsyan şüuru aşılayır. Əbəs yerə deyildir ki, oruc tutmaqla iki növ səbri: günahlardan çəkinmək və ibadətlərə bağlılıq səbrini öyrənmiş oluruq. Peyğəmbərimiz (s) bir hədisin də buyurur:

“Ayın (Ramazanın) orucu səbir deməkdir. Hər ayın üç gününü oruc tutmaq qəlbdəki kini, nifrəti təmizləyir” (Təbərani)

Ramazan orucu insanı günahlara sürükləyən ən təhlükəli şəhvətlə – cinsi istəklə mübarizədə köməyimizə gəlir.

İnsan oğlu oruc tutmaqla naz-nemət, bol ruzi içərisində yaşadığını dərk etmiş olur. Çünki o, oruc zamanı bu nemətlərdən müvəqqəti olaraq imtina etməyə məcburdur. Bəli, naz-nemət bolluğunda yaşadığımız zaman bunu hiss etmirik. Halımızdan xəbər tutmağımız üçün ac-susuz qalıb, lüksdən uzaqlaşmağımız lazımdır ki, oruc da bu “xatırladıcı” vəzifəni icra edir.

Orucun əsas hikmətlərindən biri də onun ictimai həmrəylik funksiyası daşımağıdır. Ramazanda vəzifəsindən, sosial təbəqəsindən asılı olmayaraq hər kəs aç qalmağa məcburdur. Bu zaman varlısı da, kasıbı da, kəndlisi də, məhrumiyyətdə bərabərləşirlər; hər kəs aclığı, məhrumiyyəti, çətinliyi eyni dərəcədə hiss edir. Bu da öz növbəsində imkan verir ki, varlılar kasıbların vəziyyətini başa düşsünlər, onların nələr çəkdiyini praktik olaraq hiss etsinlər, nəticədə, onlara maddi yardım göstərsinlər, xeyirxahlıq “kisə”sinin ağzını daim açıq saxlasınlar… Bununla da, cəmiyyətdə sosial həmrəylik, köməkləşmə, şüuru formalaşır.

Nəhayət, Ramazan orucu insanı təqva məqamına yüksəldə bilir. Elə bu ibadətin bizlərə vacib qılınmasının başlıca hikməti də budur:

Necə ki ayədə buyurulur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə, təqva əhlindən olasınız” (əl-Bəqərə, 183).

Əgər təkcə mədəmizlə deyil, gözümüzlə, ağzımızla, qulağımızla, əlimiz və ayağımızla oruc tutsaq, mənəvi dünyamız gözəlləşər, davranışlarımız, hərəkətlərimiz, düşüncələrimiz yaxşılaşar və biz təqva məqamına ucalarıq:

“Yalan söz və davranışları tərgitməyənin ac-susuz qalmağına Allahın ehtiyacı yoxdur” (Buxari);

“Oruc yemək-içməyi tərgitmək deyildir, əksinə, pis söz danışmaqdan və buna bənzər şeylərdən çəkinməkdir. Birisi sənə sataşar və ya sənə qarşı nadanlıq edərsə, “Mən orucluyam” – de” (İbn Xüzeymə).

İslam hər il “Ramazan orucu” adlanan bir məktəb açır və insanları ən ülvi dəyərlər əsasında praktik şəkildə tərbiyə edir. Kim bu məktəbdən faydalanarsa, onu qənimət bilərsə, “ticarət”i karlı olar.

Ramazan bir sanatoriyadır. Bu sanatoriyaya qədəm basıb, onun imkanlarından bacardıqca faydalananlar mənəvi xəstəliklərdən, eybəcərliklərdən şəfa tapır, müsbət keyfiyyətlərə sahib olurlar. Bu sanatoriyada onlar səbir, ixlas (səmimiyyət), iradə, əzaları tərbiyə, nadanlarla mülayim davranma, kasıblara rəhm göstərmə kimi keyfiyyətləri mənimsəyirlər.”

Xülasə, Allah istəyir ki, Ramazanda oruc tutmaqla, ondakı hikmətləri başa düşüb, fürsətlərdən faydalanmaqla Rəhmanın qullarına çevrilək, təqva mərtəbəsinə ucalaq.

Orucun faydalari

 

27 İyul  2012 / 7  Ramazan 1433

Read Previous

Rəhmət Ayı Ramazan

Read Next

Asan şəkildə oruc tutmaq sizin öz əlinizdədir.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.