• 20 Aprel 2024

21 DEKABR 2012

 

qiyametyazi

O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın.”(Taha, 15)

Bu gün Dünya gündəminin ən aktual xəbərlərindən biri “Qiyamət” hadisəsidir. İnsanlar 21 dekabrda baş verməsi təxmin edilən “qiyamət”in olub olmayacağını düşünür və mayaların verdiyi bu “dəqiq xəbərdən” narahatdırlar.

Halbuki onları yaradan, yer üzündə xəlifə edən Allah 14 əsr öncə insanlığa göndərdiyi son Kitabında bir gün hər şeyin bitəcəyini, hər kəsin əməllərinə görə hesaba çəkiləcəyini söyləmişdi. İnsanlığın həşr (yenidən dirilməsi) olunması üçün qiyamətin qopması labüddür və sura ilk üfürülüş bu müdhiş və olduqca qorxulu hadisəni reallaşdıracaq.
Qiyəmət gec-tez mütləq qopacaq. Bunu kimsə inkar edə bilməz. Lakin insanların əksəriyyətinin bunu məhz indi “düşünməsi” olduqca təəccüblüdür.
Niyə?

14 əsr öncə Allahın verdiyi xəbərə qarşı bu qədər biganə olan insanları mayaların verdiyi xəbər niyə bu qədər qorxudur? Allah daha öncə bunu söyləməmişdirmi? Bütün İlahi Kitablar bunu söyləmirdilərmi? Allah Rəsulu bunu təbliğ etməyibmi?…

Niyə məhz indi? Çünkü zaman çox yaxındır. Halbuki, Allah 14 əsr öncə o gündən danışarkən “sabah qopacaq” deyərək qiyamətin reallaşacağının sabah qədər yaxın olduğuna vurğu vurmuşdur. Allahın sabahını uzaq görənlər mayaların 21 dekabrını yaxın görürlər.
Çünki onlar Allaha deyil, insanlara iman etmiş, Allahın elminə və gücünə deyil insanların elminə arxayın olmuşdular. Bir həkimin “bir ay sonra öləcəksən” xəbərinə daha çox güvənən insan, Allahın “hər kəs ölümü dadacaq”, “Bizə döndəriləcəksiniz”… xəbərdarlıqlarına daha az güvənir, ölümü, qiyaməti çox uzaq bir gələcək hesab edir.

Halbuki həm “öləcəksiniz” deyərkən həkimlər, həm “dünyanın sonu gələcək” deyən mayalar sadəcə və sadəcə Allahın söylədiyini söyləyirlər.
Həkimlərə, mayalara Allahdan çox güvənənlər “hesab verəcəklərini inkar edənlərdir”. Çünki Allah, “qiyamət siz əməllərinizə görə hesab verəsiniz deyə gələcək. Sizi sorğu-suala tutmaq üçün Son saat olacaq” deyir. Mayalar isə insanlığın hesaba çıxarılacaqlarını söyləmirlər. Onların söylədikləri “yığdıqlarınızı 21 dekabr 2012 qədər yeyin, için, əylənin. Dünyanın sonu gəlir. Son fürsəti qaçırmayın” mesajıdır…

Qiyamət əvvəl axır qopacaq. Bu dəyişməsi mümkün olmayan həqiqətdir. Bunu idrak edən “ağıl sahiblərini” bir də o günün nə zaman baş verəcəyi maraqlandırır.

Hə zaman?
Qiyamət nə zaman qopacaq?
“Ağıllı” mayalar dəqiq tarix verirlər. 21 dekabr 2012 – ci il, saat 12.11 də.
Allah isə bu tarixi kimsəyə bildirmədiyini, bunu sadəcə Özünün bildiyini söyləyir:
“(Ey Peyğəmbər!) Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. Sən onu bilə bilməzsən. Onun nə zaman olacağını sadəcə Rəbbin bilir. Sən sadəcə onun əzəmətindən qorxanlara (bunu) xatırladansan. (Nazirat, 42-46)

“Bu qiyamət dediyin hadisə nə zamandır?
O gün gözlər bərələcək, ay sönüb gedəcək, çünki günəş və ay birləşəcək, insanoğlu o gün belə deyəcək: “Hara qaçaq?” Yox heç bir sığınaq yoxdur. O gün dönüş sadəcə Rəbbinədir. O gün insana nəyi öncələdiyi, nəyi axıra saxladığı bir-bir xəbər veriləcək. İnsan özü-özünə şahid olacaq. Fərqli bəhanələri olsa da…”
(Qiyamət, 6-15)

“Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini (körpəsini) unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanlar sərxoş olmadıqları halda sən onların sərxoş kimi olduqlarını görəcəksən, Lakin Allahın əzabı daha şiddətlidir” (Həcc, 1-2)

Qiyamət necə baş verəcək?
“Günəş sarıldığında, ulduzlar töküldüyündə, dağlar yürüdüldüyündə, doğuma yaxın dəvələr tərk edildiyində, bütün vəhşi heyvanlar bir yerə toplanacağı zaman, dənizlər qaynadıldığında, bütün insanlar təsnif edildiyində…” (Təkvir, 1-7)
“Yer üzü anidən dəhşətli bir zəlzələ ilə sarsıldığı zaman, Bütün ağırlıqlarını boşaltdğı zaman, İnsan deyər ki, “Nə olur buna? “ (Zəlzələ, 1-3)

Bu ayələrin sayını kifayət qədər çoxaltmaq mümkündür. Qurani Kərimi nüzul sırası ilə oxusanız ilk ayələrin məhz qiyamətlə, yenidən diriliş və hesab verməklə daha çox əlaqədar olduğuna şahid olacaqsınız. İnsanı Yaradan, onu tanıyan bir gün insanoğlunu etdikləri əməllərinə görə sorğu-suala çəkəcəyini də xəbər vermişdi. Allah xəbər vermişdi, lakin görünür dinləyənlər olduqca azdır. Allahın xəbərdarlığını qulaq ardı edənlər, indi mayaların verdiyi xəbərə inanır, onu daha gerçək hesab edir və qorxurlar. Yaradanın verdiyi xəbərə diqqət yetirməyənlər, Ona inanıb, Ona güvənməyənlər mayaların təqviminə daha çox güvənirlər. Halbuki, Nazirat surəsində deyildiyi kimi, Allah Rəsuluna bunu bildirməmiş, ondan belə bu müdhiş günün vaxtını gizlətmişdir. Allah bu günün gerçəkləşəcəyi zaman haqqında dəqiq tarix söyləməmiş, lakin qullarının o anın hər zaman ola biləcəyi ehtimalını unutmadan yaşamalarını istəmişdir.

Nə etməli?
“(Ey insanlar!) Allahın fərmanı ilə geri dönməsi mümkün olmayan gün gəlmədən öncə Rəbbinizin dəvətinə uyun! Çünki o gün nə sığınacağınız bir yer tapa bilərsiniz, nə də əleyhinizə olan dəlilləri yox edə bilərsini” (Şura, 42)

“Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut!…” (Rum, 43)

“Siz ey iman edənlər! Bazarlığın, dostluğun və şəfaətin olmayacağı gün gəlməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən infaq edin…” (Bəqərə, 254)

“İndi ey insanoğlu! O gün carçı sənə çox-çox yaxın bir yerdən çağıracaq olan Allahın nidasını dinlə! Bütün həqiqəti ilə o çağırışı hər kəs eşidəcəkdir. Məhz bu bir (başqa həyata) çıxış günüdür. Ölümü və həyatı yaradan Bizik və dönüş də yalnız Bizədir. Yer ayaqlarının altından qaçıb param-parça olduğu gün son sürətdir: bu ağılların idrak edə bilməyəcəyin bir toplanışdır” (Qaf, 41-44)

“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!…” (Tahrim, 6)

Kimlər xilas olacaq?
“Allah onları (möminləri) o günün şərrindən qoruyacaq və qəlblərinə hüzur bəxş edəcəkdir.” (İnsan, 11)

“Mömin olub, saleh əməl işləyənlərə gəlincə isə onlar nə haqsızlığa düçar olmaqdan, nə də zülmə məruz qalmaqdan qorxarlar” (Taha, 112)…

Bəli, Allah hər şeyi söyləyib: nə baş verəcəyini, necə baş verəcəyini, baş vermədən öncə nə etməli olduğumuzu, kimlərin xilas olacağını… Allah bizim bilməyimiz vacib olan hər şeyi söyləmişdir. Sadəcə adına Qiyamət deyilə hadisənin nə zaman olacağını isə gizlətmişdir. İstəmişdi ki, insanlar bu dünyada iradəli yaşamağı öyrənsinlər. Hər gün ölümə və hesab verməyə hazır olsunlar.

Allah ölümü unutmamağımızı istəmiş, lakin nə zaman və harada öləcəyimizi bizə bildirməmişdir. Cənnətə və ya cəhənnəmə getməyimizi isə öz istəyimizə buraxmışdır. Harada öləcəyini bilməyən insan, harada həşr olunacağını, harada əbədi həyat yaşayacağını özü seçə bilər. Birinci doğuluşumuz Allahın təqdiri ilə olsa da, ikinci doğuluşumuz bizim seçimimizlə olacaq.

P.S. Möminlər sadəcə Allahın verdiyi xəbərlərə tabe olar, sadəcə Ona güvənər və yalnız Ondan yardım istəyərlər.

Rüzgar Kəskin / azerislam.com

Read Previous

Osman Nuri Topbaş Kimdir

Read Next

Şübhəli şeyləri tərk etmək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.