• 29 Mart 2024

Axirət

Əziz müsəlmanlar, öldükdən sonra dirilib Uca Allahın hüzurunda hesab verməyə inanmaq imanın 6 şərtindən biridir. Bu səbəblə axirətə inanmayan kimsə müsəlman ola bilməz. Ümumiyyətlə bir kimsə imanın şərtlərindən hər hansı birinə inanmazsa o kimsə müsəlman sayılmaz.

Gecədən sonra səhərin, qışdan sonra baharın gəlməsi nə qədər dəqiq və mütləqdirsə, öldükdən sonra diriliş də o qədər dəqiq və mütləqdir. Hər şey axirətin varlığına dəlildir. Allahın varlığını qəbul edib axirəti inkar etmək, Günəşi qəbul edib işığını inkar etmək qədər ağılsızlıqdır. Qurana inandığını söyləyib cənnəti və cəhənnəmi inkar etmək cahillik və nadanlıqdır. Daha doğrusu  Qurana da inanmamaqdır. Çünki Uca Allah bizə axirətin, cənnətin və cəhənnəmin varlığını məhz Qurani-Kərimdə xəbər vermişdir. Bunu göndərdiyi bütün peyğəmbərlər və müqəddəs kitablar vasitəsilə bildirmişdir.

Allah hikmət sahibidir. Hər şeyi zamanında və yerində edər. Onun boş və anlamı olmayan bir iş görməsi  mümkün deyildir. Allah təalanın məxluqatın ən şərəflisi olan insanı yaradıb, sonunda da onu tamai ilə yox etməsi çox mənasız olardı. Uca Allah  günəşi, ayı, ulduzları, bütün kainatı onun üçün yaratmayıb ki, insanoğlu bu dünyada 60-70 il ömür sürüb sonra ölüb torpağa qarışıb yox olub getsin. Mükəmməl bir nizam içərisində olan bu kainat onun üçün yaradılmayıb ki insanlar doğulub boya-başa çatsın bir müddət ömür sürsün sonra ölsün torpağa basdırılısın və yox olub getsin. Günəş bunun üçün batıb çıxmır. Yer kürəsi bunun üçün fırlanmır.  Xeyir bu çox bəsid bir səbəbdir.

Bir bağban böyük əmək və qayğı ilə yetişdirdiyi bağçasını yandırıb yox edərmi? Meyvələrini çuxurlara doldurub çürüməsinə yol verərmi? “Xeyr” deyəcəksiniz. Elə isə Allah da insanı ona görə yaratmayıb ki, bu dünyada bir müddət yaşayıb öldükdən sonra çürüyüb toprağa qarışıb yox olub getsin. Xeyir bu mümkün deyildir.

Bir əkinçi çürüyüb yox olsun deyə toxumu torpağa səpməz. Kök atıb boy versin deyə tarlaya əkər. İnsan da ölüb torpağa basdırılar. Çürüyüb yox olmaq üçün deyil, yeni və sonsuz bir həyata gözünü açmaq üçün basdırılar. Ölüm bir növ bizim üçün ikinci bir doğuşdur. Allah anamızın bətnində-qaranlıq bir dünyada bizi doqquz ay bəsləyib inkişaf etdirdi. Dünya şərtlərində yaşaya bilməyimiz  üçün – baş, əl, ayaq, və digər orqanlarla bizi təmin etdi. Ondan sonra da doğumla bizi dünyaya göndərdi. Ölümlə isə sanki, ikinci dəfə bir də doğulacağıq. İnsanlar dirilmək üçün ölürlər. Bunun üçün ölüm yox olmaq deyil yeni bir həyatın başlanğıcıdır. Bizi ana bətnindən dünyaya göndərən Allah, dünyadan da Axirətə göndərəcək. Dünyadakı halımız yumurtadakı cücənin halına çox bənzəyər. Ölümlə yumurtanın qabığını çatladar, tamamilə ayrı və sonsuz bir həyata gözümüzü açarıq.

Əziz möminlər, hər ölkədə qanunlara əməl edən, vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirən həqiqi vətəndaşlar seçilir və sevilir. Qanunları pozan, hər kəsi narahat edən pis insanlar isə cəzalandırılır. Dünya deyilən məmləkətin sahibi də Allahdır. Allah sonsuz ədalət sahibidir. Yaxşı və sevilən qullarını mükafatsız, pisləri də cəzasız qoymayacaqdır. Onsuz da bu dünyada ədalət tam olaraq görünmür.

Zalım və məzlum, əzən və əzilən eyni torpağın altına basdırılır. Deməli, haqq-hesaba böyük bir məhkəmədə baxılacaqdır.

Möhtərəm müsəlmanlar, insanın iki cür yaradılışı vardır. Birincisi, dünyaya gələrkən yaradılışıdır. İkincisi isə Axirətdəki yaradılışıdır. Əslində ikinci yaradılışımız birincisinə görə daha asandır. Çünki birincisində bütün orqan və duyğularımız tək bir hüceyrədən yaradılır. İkincisində isə dağılan vücudun atom və hüceyrələri toplanılır. Bir şeyi yoxdan var etmək asandır, yoxsa ikinci dəfə təkrar var etmək daha asandır? Bizi yoxdan var edib dünyaya göndərən Allah ikinci dəfə də təkrara yaradacaqdır. Yasin surəsi 77-79 cu ayələrdə belə buyurulur:  “Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək.  Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. (Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”

Möhtərəm möminlər, axirətə inanmağın saysız faydaları vardır. Hər şeydən əvvəl insan üçün böyük təsəlli qaynağıdır. Doğulan körpə anasının bətnindən daha gözəl bir dünyaya gəldiyini bilsəydi heç ağlayardımı? Eləcə də  axirətə inanan insan da ölümü sonsuz bir dünyaya doğulmaq kimi görər və ölümdən qorxmaz.

Uzaq bir ölkəyə təhsil almağa gedən bir tələbə vətəninə dönərkən heç ağlayarmı? Ağlayarsa əgər o da sevincindən ola bilər. Eləcə də dünya həyatı da insanlar üçün bir oxumaq, dərk etmək, təhsil və elm almaq fürsətidir. Ölüm isə “buraxılış” əmridir. Gerçək vətənimiz olan axirətə dönüşdür. Axirətə köçmüş milyonlarca qohum, dost və yaxınlarımıza qovuşmaqdır.

Axirətdə hesab verəcəyinə inanan bir kəs zülm və haqsızlıq etməkdən çəkinər. Çünki etdiyi hər əməlin axirətdə hesabını verəcəyinə inanır. Bu dünyada insanın başına bir çox fəlakətlərin gəlməsi mümkündür. Hətta bəzən bu fəlakətlər insanın nəyi varsa hamısını yox edə bilər. Bu kimi vəziyyətlərdə Allaha və Axirətə inanan insan təsəlli tapar və səbr edər. İnithar etməz, stresə girməz ümidsizliyə qapılmaz.  Çünki O, itirdiyi şeylərin ona savab qazandırdığını dərk edər. Həyatın yalnız bu dünyadan ibarət olmadığına inanar.

Möhtərəm qardaşlar, xütbəmi axirətlə əlaqəli bir neçə ayə ilə yekunlaşdırıram: “Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.”

(Nisa 39)  “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?” (Ənam 32)

  19 Aprel  2013 /9 C.Axır 1434

Axiret Axiret

Read Previous

İçki və Qumar

Read Next

Taliban: “Əsirlər türkdürsə, sərbəst buraxacağıq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.