• 29 Mart 2024

Azan.

İslamın mühüm əlamətlərindən biri də azandır. Azan namaz vaxtının daxil olduğunu xüsusi sözlərlə bildirmək deməkdir.

Azan vasitəsilə İslamın əsasları gündə beş dəfə yüksək səslə elan edilərək kafirlər imana, müsəlmanlar da camaatla ibadətə və birliy dəvət edilir.

Bir yerdə azan oxunanda orada müsəlmanların varlığı və həmin bölgənin İslam torpağı olduğu elan edilir deməkdir. Bu xüsusiyyəti ilə azan tarix boyunca fəth  və zəfərlərin ayrılmaz bir ünsürü olmuşdur. Yeni fəth edilən bir məmləkət oxunan fəth azanıyla İslam diyarına çevrilmiş, Rəsulullah (səs) hər hansı bir şəhərin müsəlman olub-olmadığını azanla müəyyən etmişdir.[1]

Azan peyğəmbərlik vəzifəsinin davamıdır. Çünki o dinin və bütün ibadətlərin əsası olan namaza çağırışdır.
Allah təala azanla bəndələrini hüzura dəvət edir. Buna görə də azan, Allahın bəndələrinə verdiyi bir dəyəri göstərir.

Doğulanda qulağına azan oxunan uşaqlar milli və mənəvi tərbiyənin ilk əsasını bu ilahi dəvətdən alırlar.

Bir sözlə, azan müsəlmanların hörmət etdiyi vacib nişanələrdən biridir. Azana göstəriləcək hörmətin ilk təzahüru onu dəstəmazlı olaraq oxumaqdır.[2]

Başqa bir dəyəri də müəzzinlə birlikdə azanı təkrar etməkdir. Azan oxunurkən müəzzinin dediklərini təkrarlamaq müstəhabdır. Əbu Səid (r.a.) Hz. Peyğəmbərin belə dediyini rəvayət edir: “Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin.”[3] Beləki, müəzzinin oxuduğu azanı təkaralayan bir mömin müəzzinin aldığı qədər savab qazanır. Bəzi rəvayətlərdə müəzzin “ Hayyə aləs-saləh” və Hayyə aləl-fələh” deyərkən dinləyənlərin “Lə həvlə və lə quvvətə illə billəh” demələri tövsiyə olunmuşdur.[4]

Azan bitdikdən sonra Peyğəmbərimizə salavat deyilir və hədislərdə öyrədilən dualar oxunur. Belə ki, bir hədisdə bu barədə belə buyurulur:

“Müəzzinin azan oxuduğunu eşitdikdə söylədiklərini eynilə siz  də təkrar edin. Sonra mənə salavat deyin. Çünki kim mənə bir salavat deyərsə, Allah bunun əvəzində ona on dəfə salət edər. Daha sonra mənim üçün Allahdan “Vəsilə”ni istəyin. Vəsilə cənnətdə Allahın bəndələrindən yalnız bir nəfərə nəsib olacaq bir məqamdır. O bəndənin mən olacağını sanıram. Kim mənim üçün Vəsiləni istəyərsə, ona şəfaətim vacib olar.”[5] Zahirən bu dualar Rəsulullah (səs) üçün səslənir kimi görünsə də, əsində  bəndənin öz xeyri üçündür. Çünki bir salavat deyəndə Allah təala on dəfə rəhmət edər və günahlarını bağışlayar.

Azanla iqamə arasında çoxlu dua etmək bəyənilən bir haldır. Çünki bu vaxt edilən dua məqbuldur. Ənəs (r.a.) Peyğəmbərimizin (səs) belə dediyini rəvayət edir.

“Azanla iqamə arasında edilən dua rədd olunmaz”[6]

Azan bu dərəcə fəzilətli olduğundan, onu oxuyan insanlar da bundan bir pay götürürlər. Məhz müfəssirlər aşağıdakı bu ayənin eyni zamanda müəzzinlərin fəzilətini bəyan etdiyi qənaətindədirlər:

“(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!”-deyən kəsdən daha gözəl danışan kim ola bilər.?!”[7]

Əzan oxumanın fəzilətilə əlaqəli Peyğəmbərimiz (səs) isə belə buyurur:

“İnsanlar azan oxumanın və namazı birinci cərgədə qılmağın nə qədər fəzilətli oldğunu bilsəydilr və sonra da püşk atmaqdan başqa çarə tapa bilməsəydilər, şüphəsiz öz aralarında püşk atardılar.”[8]

Müəzzinin səsini eşidən cin, insan və hər cür varlıq qiyamət günü onun üçün şahidlik edəcəkdir.[9]

Əziz möminlər, azana hörmətsizlik edənlər isə pis aqibətə düçar olacaqlar. Aşağıdakı bu hadisə bunun bariz misallarından biridir:

Mədinə xristianlarından bir nəfər (nə vaxt) müəzzin “Məhəmmədin Alahın Rəsulu olduğuna şəhadət edirəm.”-dedikdə:

“Yalançı olan yansın”.-deyərdi.

Bir gecə (bu xristianın) xidmətçisi əlində odla evə girdi. Bu zaman xristian ailəsi ilə birlikdə içəri yatırdı. Alovdan bir qığılcım sıçrayaraq evi və içindəkiləri yandırdı.

(Daha sonra isə) bu hadisə ilə bağlı bu ayə nazil oldu:

“Siz (bir-birinizi) namaza çağirdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.”[10]

Azanın necə ortaya çıxmasına gəldikdə isə bu barədə Abullah ibn Zeyd belə deyir: Peyğəmbərimiz (səs) (namaz üçün) camaatı toplamaq üçün zəng çaldırmaq qərarına gəlmişdi. Lakin xaçpərəstlər də belə etdikləri üçün  Hz.  Peyğəmbər (səs) bundan narahtlıq hissi keçirirdi. Bu ərəfədə mən yuxuda olarkən bir nəfər yuxuma gəldi. Həmin adamın əynində iki ədəd yaşıl paltar, əlində isə zəng var idi. Mən ona dedim: Ey Allahın bəndəsi zəngi satırsanmı? O dedi: Onu neynirsən? Mən dedim: Biz onunla camaatı namaza çağıracağıq. O: Mən sənə bundan daha xeyirlisini deyimmi? dedikdə. Mən: Əlbəttə söylə dedim.  (daha sonra) O: Bax belə deyirsən; (deyərək azanı oxumağa başladı).  Sonra bir az aralandı və: Namaza durduqda isə belə deyisən (deyərək iqaməni oxumağa başladı.)

Səhər açılanda Hz. Peyğəmbərin yanına gəldim və yuxuda gördüklərimi ona danışdım. Allah Rəsulu (səs) belə dedi: “Bu yuxu, haqq yuxudur inşallah. Sonra azan verilməsini əmr etdi…”[11]

Azan

Müşfiq Xəlilov.


[1] Bax. Buxari, Azan, 6; Müslim, Salət, 9.

[2] Tirmizi, Salət, 3, 200, 201.

[3] Buxari: 2, 90. N 611.

[4] Müslim, Salət, 12.

[5] Müslim, Salət, 11.

[6] Əbu davud, 489.

[7] Fussilət, 41, 33.

[8] Buxari, Azan, 9, 32, Şəhadət 30.

[9] Buxari, Azan, 5. Tövhid, 52.

[10] Maidə 5, 58. Vahidi, s. 203; Qurtubi, VI, 146.

[11] Əbu Davud: 469.

Read Previous

Xəstə ziyarəti.

Read Next

İntihar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.