Bəzi alimlər İmam Əbu Hənifə haqqında

ebuhanife[1]Bəzi alimlər İmam Əbu Hənifə haqqında

Şö`bət ibn əl-Həccac hədis elmində “möminlərin əmiri” idi. İmam Əbu Hənifə isə əhli-rəyin qüdrətli nümayəndəsi olmuşdur.  Metodları hər nə qədər fərqli olsa da, Şö`bət Əbu Hənifənin biliyini, məqamını yüksək qiymətləndirirdi.

Onların arasında dostluq və sevgi vardı; tez-tez məktublaşırdılar. Şö`bət[1] Əbu Hənifəni mötəbər alimlərdən hesab edirdi. Ondan hədis rəvayət etməyini istəyirdi. Əbu Hənifənin vəfat xəbərini eşitdikdə demişdi: “Onunla birlikdə Kufə fiqhi də getdi. Allah lütf edərək həm onu, həm də bizi bu fiqhlə mükafatlandırıb”[2].

Bir dəfə bir nəfər Yəhya ibn Səid əl-Qəttandan Əbu Hənifə haqda soruşur. Yəhya deyir: “Uca və Böyük Allah ona nə öyrətmişsə, o da Onun qatında gözəldir. Və biz, Allaha and olsun ki, onun dediklərindən xoşumuza gələni əxz edirik”.

Göründüyü kimi, aralarındakı fikir ayrılıqları, metod fərqləri onların bir-birindən münasib bilikləri öyrənmələrinə əngəl deyildi.

Abdullah ibn Mübarək də Əbu Hənifəni tərifləmişdir. Belə ki, o, Əbu Hənifəni daima xoşhallıqla yada salar, tərifləyər, dediklərini mötəbər sayıb mənimsəyər, heç kəsə də icazə verməzdi ki, məscidində Əbu Hənifənin qarasınca deyinsin. Bir dəfə bəzi həmsöhbətləri Əbu Hənifənin dalınca danışmaq istədiklərində Abdullah ibn Mübarək onlara demişdi: “Kəsin səsinizi! Əgər Əbu Hənifəni görsəydiniz, parlaq bir zəkanın, alicənablığın şahidi olardınız”.

Rəvayət olunur ki, İmam Şafei deyib:

“Bir gün Malikdən Osman əl-Bətti haqqında soruşdular. Dedi: “O, Allaha yaxın bəndə idi.” İbn əbu Şəbrəmət haqqında soruşurlar. Eyni cavabı verir. Soruşurlar: “Bəs Əbu Hənifə?” Deyir: “Əgər o, bu sütunların (Peyğəmbər məscidinin sütunları) yanına gəlib, qiyas edib desəydi ki: “Bu sütunlar ağacdandır”, onların ağacdan olduğunu güman edərdiniz”[3].

İmam Malik bu sözləri deməklə İmam Əbu Hənifənin “qiyas”dakı məharətinə işarə edirdi.

İmam Şafeinin belə dediyi rəvayət olunub:

“İnsanlar fiqhdə Əbu Hənifəyə möhtacdırlar (və ya: İnsanlar fiqhdə Əbu Hənifədən asılıdırlar)”[4].

Bu insanların olduğu məclislərdə ancaq xeyir danışılardı; kimsə ümmətin imamları haqqında ədəbsizlik edib, hərzə-hədyan danışmağa cəhd göstərsəydi, dərsini alar, sözü ağzında qalardı.

Bir dəfə əl-Fəzl ibn Musa əs-Sinanidən soruşdular: “Əbu Hənifəyə (fikirləri ilə) hücum çəkən filankəslər haqda fikrin nədir?” Dedi: “Doğrudan da, Əbu Hənifə onlara nəyi bilib-bilmədiklərini göstərdi, danışmaqları üçün yer qoymadı, odur ki ona paxıllıq edirlər”[5].

Bütün bunlar hədis imamlarının Əbu Hənifə barədə dedikləri sözlərdir. Halbuki onlar İmam Əbu Hənifənin bir sıra görüşləri ilə razı deyildilər. Amma bu, onların ona ehtiramla yanaşmalarına, onu təqdir etmələrinə mane olmamışdı. Onlar Əbu Hənifəni xeyirxahlıqla anmış, onun ümmət üçün faydalı insan olduğunu etiraf etmişdilər. Çünki inanırdılar ki, Əbu Hənifə ilə aralarındakı fikir ayrılıqları nəfsi istəyin, təkəbbürün nəticəsi olaraq meydana çıxmayıb; əksinə, haqqı aramağın səmərəsi kimi özünü göstərib. Allah onlara rəhmət etsin!

Əgər bu gözəl əxlaq, bu nəcib ədəb-ərkan olmasaydı, əməlisaleh sələflərimizdən sayılan alimlərin fiqhi itib-batardı… Onlar bəzən ona görə bir sıra fikir ayrılıqlarına düşmüşdülər ki, məhz bununla müsəlman fiqhinin mühafizə edildiyini anlamışdılar. O fiqhin ki, ümmətin həyatı onunla istiqamət götürür, doğru-düzgün forma alır.

 

[1] Şö`bət ibn əl-Həccac: Tam adı Şö`bət ibn əl-Həccac ibn əl-Vərd əbu Bistamdır. Ləqəbi “Hədis elmində möminlərin əmiri” idi. Hicri 160-cı ildə vəfat etmişdir. Tərcümeyi-halı üçün bax: Tarixi-Bağdad, cild IX, səh. 255; Təhzib ət-təhzib, cild IV, səh. 338; Təzkirə, səh. 193; Buxari. ət-Tarix əl-kəbir, cild II, səh. 244; Buxari. ət-Tarix əs-səğir, cild II, səh. 135; İbn Sə`d. ət-Təbəqat, cild VII, səh. 280. 

[2] əl-İntiqa, səh. 126.

[3] Yenə orada, səh. 147.

[4] Yenə orada, səh. 136.

[5] əl-İntiqa, səh. 136.

 

/azerimuslims/