• 17 İyul 2019

Bir-birinizə qarşı kin saxlamayın!

islam-kardesligi2[1] Möhtərəm möminlər, bu gün ki, xütbəmizin mövzusu kin və nifrət duyğusu haqqında olacaqdır.
Kin, qisas almaq üçün qəlbdə yerləşən düşmənlik duyğusudur. Xüsusilə acizliyi səbəbindən dərhal intiqam ala bilməyən şəxsin qəlbinə yerləşən qəzəb, gizli bir düşmənlik duyğusuna, kinə çevrilir. Kin duyduğu insana daxildən hirslənən şəxs, intiqam almaq üçün hər vaxt fürsət güdər. Yəni kinin başlıca qaynağı qəzəb, nifrət və intiqam almaq hissidir. Qurani-Kərimdə kafirlərin möminlərə qarşı duyduqları kin və nifrət haqqında belə buyurulur:
“Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik.”
Əziz möminlər, kafirlərin möminlərə qarşı duyduqları kin və nifrət başa düşüləndir. Çünki kin və nifrət küfrün nəticəsidir. Ancaq çox təəssüflər olsun ki, bəzən bu cür kin və nifrət hisləri müsəlmanlar arasında ola bilir. Halbu ki, kin bir çox mənəvi xəstəliyin mənbəyidir. Bir müsəlmanın digər müsəlmana duyduğu kin eyni zamanda digər mənfi xüsusiyyətlərin yaranmasına gətirib çıxarır. Bunların başlıcası həsəd, qeybət, əlaqələri kəsmək, insanları özündən aşağı görmək, sirləri açmaq, müxtəlif şəkillərdə əziyyət vermək kim mənfi davranış və xüsusiyyətlərdir. Həzrət Peyğəmbərimiz (s) möminlərə yaraşmayan bu mənfi xasiyyətlərdən uzaq durmaq və ümmətinə örnək olmaq üçün belə dua etmişdir: “Ey Rəbbim!.. qəlbimi hidayətə yönəlt, dilimi doğru qıl, köksümdəki (qəlbimdəki) hiylə və kin duyğusunu apar”
Başqa bir hədisində isə kin və həsədin insanın dini həyatını necə məhv etdiyini bu ibrətli üslubu ilə bəyan etmişdir: “Sizə keçmiş millətlərin həsəd və kin xəstəliyi sirayət etdi. Bunlar kökündən qazıyıcıdır. Biləsiniz ki; qazıyıcı deyərkən saçı dibindən qazıyır demirəm. Onlar dini kökündən qazıyanlardır.
Canımı əlində tutan Allaha and içirəm ki, sizlər iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş olmazsınız. Bir-birinizi sevməyə yardım edəcək şeyi sizə xəbər verimmi: Aranızda salamı yayın.”
Hədisi-şərifin vurğuladığı kimi fərdləri bir-birinə qarşı sevgisiz düşmənlik hissi bəsləyən, kin və nifrət duyğuları ilə dolu olan bir cəmiyyətdə, əsas etibarilə dini duyğular zədələnir. Dini duğuların zəiflədiyi bir cəmiyyətdə isə əxlaqlı, sağlam xarakterli, bir-birinə qarşı hörmətlə davranan insanların sayı olduqca az olur. Məhz bu səbəbdən, uca dinimiz tərəfindən kin pis bir xüsusiyyət kimi qarşılanmış, qınanmış və qadağan edilmişdir.
Abdulla bin Amrın (r.a) nəql etdiyi bir rəvayətə görə Rəsulullaha (s) “İnsanların ən üstünü kimdir?”-deyə soruşdular. Peyğəmbərimiz (s): “Qəlbi məhmum, doğru sözlü olan hər kəs” deyə cavab verdi. Əshabələr: “Doğru sözlülüyün nə mənaya gəldiyini bilirik amma “məhmu-l-qəlb nə deməkdir?-deyə soruşdular.
Peyğəmbərimiz (s) belə buyurdu: “Bu Allahdan qorxan tərtəmiz bir qəlbdir, (elə bir qəlb ki,) içində heç bir günah, zülm, kin və həsəd yoxdur.”
Qurani-Kərim möminləri kin və nifrət kimi pis xasiyyətlərdən çəkinməyi əmr edir. Həzrət Əbu Bəkr Həzrət Aişəyə iftira atan qohumlarından Mistaha bir daha kömək etməyəcəyinə dair and içir. Həzrət Əbu Bəkrin bun andından sonra bu ayə nazil olur: “Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!”
Əziz qardaşlar, xütbəmə əsl müsəlmanların qardaşları üçün etdikləri bir dua ilə yekunlaşdırıram. əl-Həşr surəsi 10 cu ayədə buyurulur: “Onlardan sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”
8 Mart 2013 /26 R.Əxır 1434.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 666 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Türkiyədə bir ilk: karlar və lallar da cümə xütbələrini dinləyə biləcəklər

Read Next

ÖVLADIN VALIDEYNLƏRİNƏ QARŞI VƏZİFƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.