• 18 Oktyabr 2019

Birlik və Bərabərlik

birlik-beraberlik[1]

Möhtərəm müsəlmanlar!  mənsubu olduğumuz İslam dinimizin əsası və giriş qapısı olan tövhid və ya şəhadət kəliməsini söyləyərək burada ifadə edilənləri tam mənası ilə dərk edib hər hansı bir tərəddüt etmədən qəbul edənlərə müsəlman deyilir.

   Müsəlman mərd, güclü, iradəli, əxlaqlı, ədəbli, etikalı, savadlı, ədalətli, mədəni, möhtərəm və örnək bir şəxsiyyətdir. Müsəlman hər növ yalan, qiybət, böhtan, iftira, pis niyyət, suizən, nifaq, fitnə, cahillik, cəhalət və söyüşdən uzaq durar. Müsəlman digər müsəlman qardaşına iftira və böhtan ataraq günaha girməz, onun qiybətini edərək onun ölü ətini yeməz, ona qarşı kin bəsləməz, ona paxıllıq və həsəd etməz, namərdcə onun arxasından vurmaz, onunla mübahisə və münaqişə etməz, dalaşmaz və vuruşmaz, onu xeyirlə yad edər, onun üçün xeyir-dua edər, onun ayıblarını örtər, günahlarını araşdırmaz, qurcalamaz və yaymaz, yalnış, günah və xatalarını üzünə vurmaz, ona zülm etməz, onu öldürmək kimi ağır və bağışlanılmaz bir günahı həyata keçirməz, ona işgəncə verməz, ona əziyyət etməz, onu təhqir etməz, ona xor gözlə baxmaz, onunla lağlağa etməz.

   Müsəlman mən müsəlmanam deyən hər bir kəsi bir mənalı şəkildə təkfir etməz və edə bilməz. Heç bir dəlili və sübutu olmadan ona nalayiq ifadələrlə müraciət etməz.  Günahkar olsun və ya  olmasın hər hansı bir müsəlmana küfr etmək, onu kafir adlandırmaq Allah qatında böyük günah, fasiqliq və pis bir əməldir. Heç bir dəlil və sübut olmadan müsəlmanı bu və ya digər firqəyə aid edərək onu dəlalət əhli, cəhənnəm əhli, yolunu azmış, münafiq, mürtəd, müşrik kimi nalayiq sözlərlə adlandırmaq iftira və böhtandır. Müsəlmanın digər müsəlmana canı, qanı, malı, həyatı və namusu haramdır, toxunulmazdır. Buna görə də müsəlmanı öldürmək, onu qətl etmək, onun həyatı üçün təhlükə meydana gətirmək haram, böyük günah və küfürdür.

   Əsl müsəlman digər müsəlmanların etiqadını, hürriyyətini, canını, malını və namusunu qoruyaraq bu dəyərlərə hörmətlə yanaşan bir qardaşdır. Müsəlman böyük, mötədil və güclü bir ümmət şüuruna sahib olan, ümmət şüuruna zərər verən hər cür düşüncəni, irqçiliyi, insanları təhqir edən hər cür milliyyətçi insanlararası sükunət və asayişi pozan hər növ məzhəbçilik və təriqətçilik təəsübkeşliyini, camaatçılıq təəssübkeşliyini, cərəyan və qrup təəsübkeşliyini, yerlibazlığı, firqəçiliyi, hizbçiliyi və təfriqəni, insanları bölüb parçalayaraq bir-birinə düşmən edən hər növ fikir, düşüncə və hərəkəti rədd edən, insanları düşmənçilik, nifrət, fitnə və nifaqa soxmayan insandır. Kamil müsəlman yer üzərində fitnə çıxartmaz, fəsada yol verməz.

   Müsəlman eyni zamanda onun etiqadında olmayan insanların da himayədarı, həyat və etiqadlarının təminatçısıdır. Nəticə etibarilə müsəlman iman gətirdiyi peyğəmbəri Muhamməd (s) onun üçün buyurduğu  “Müsəlman, digər müsəlmanların əlindən və dilindən əmin olduğu, etibar və etimad gördüyü, zərər görmədiyi insandır.” Müsəlmanın şəxsiyyəti bu qədər gözəl və mükəmməldir və onun bəşəriyyətlə bağlı düşüncəsi bu qədər geniş, bu qədər böyük və bu qədər möhtəşəmdir.

Hörmətli möminlər!

   Çox təəssüflə ifadə edim ki, bu gün cəmiyyətimizdə müsəlmanlar arasında nifaq salaraq məzhəb ədavəti salmağa çalışan müəyyən zərərli qüvvələr tapıla bilər. Hamımız bu qüvvələrə qarşı ayıq olmalı, məzhəb ayrı-seçkiliyinə qarşı vəhdətimizi qorumalıyıq. Unutmayaq ki, bu cür fitnə hallarında mömin olaraq öz təmkinimizi və səbrimizi qorumalı, aramızdakı ixtilaflı məsələri bir kənara qoyaraq Allahın ipindən bərk yapışmalıyıq.  

      http://minber.az/sohbetler/Vehdet.mp3

                                   13 Dekabr 2013 / 10 Səfər 1435

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 226 dəfə.

Müşfiq Xəlilov

Read Previous

BU QƏRAR MÜSƏLMANLARI SEVİNDİRDİ

Read Next

BİRLİK VƏ BƏRABƏRLİK (GÖRÜNTÜLÜ XÜTBƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.