Borc


   Əziz müsəlmanlar, Uca Allah bütün insanları bir-birlərinə möhtac olaraq yaratmışdır. Malı, mülkü, vəzifəsi və rütbəsi nə olursa olsun, hər insan başqasına möhtacdır. Bu baxımdan sıxıntı içərisində olan  bir müsəlmanın, sıxıntısını ortadan qaldırması üçün imkanlı bir kimsədən borc alması təbii bir haldır. Elə isə gəlin görək borc haqqında İslamın görüşü necədir. Hər mövzuda söz söyləyən   islam təbii ki, borc haqqında da bəhs etmişdir. Məsələn, Uca Allah bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın!”[1] Ayədən də başa düşüldüyü kimi birimizə borc verdiyimiz zaman, daha sonra bir problem çıxmaması üçün yazmağımız lazımdır.  İnsan oğlu unutqan varlıqdır. Yaşımızdan asılı olmayaraq bəzən keçmişdə baş vermiş bir hadisəni unudur və ya qarışdıra bilərik. Bu səbəblə yazmağa ehtiyac yoxdur yadımdan çıxmaz kimi ifadələrlə özümüzü arxayın etməyək.  Borcları yazaq və ya şahid tutaq.

Möhtərəm möminlər, bir möminin, çətinlik içərisində olan bir mömin qardaşına borc verməsinə Qurani-Kərimdə qarzi həsənə deyilir. Nçə ki Uca Allah bu barədə belə buyurur: “Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.”[1] “Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!”[2]

Möhtərəm möminlər, bu ayələrdən də başa düşüldüyü kimi demək ki, darda qalan, sıxıntı içərisində olan kimsələrə Allah rizası üçün borc vermək, onların sıxıntısını ortadan qaldırmaq böyük savabdır. Cənnətə getməyə vasitə olan bir əməldir. Möhtərəm möminlər,  bütün bunlarla bərabər borc alan kimsədə borcunu geri qaytarma xüsusunda diqqətli olmalıdır. Borcunu geri qaytarmağa imkanı olduğu halda qaytarmayan və ya gecikdirən kimsələr haqqında Peyğəmbərimizin (səs)  bir çox hədisi şərifləri vardır. Onlardan bəzilər bunlardır: “(Borclunun) borcunu qaytarmağa imkanı olduğu halda üzürsüz olaraq borcunu geciktirməsi zülmdür”[3] “Kim (daha sonra) geri qaytarmamaq niyyətiylə borca girərsə , Allahın hüzuruna oğlu olaraq çıxar.”[4]  Borcun ödənməsi mövzusu o qədər əhəmiyyətlidir ki, Peyğəmbərimiz (səs) borclu birinin cənazəsi gətirildiyində onun cənazə namazını qılmaz, ancaq bir adam onun borclarını ödəməyi üzərinə alarsa o zaman namazını qılardı.[5] Borc verən kimsələr aşağıdakı bu maddələrə  diqqət etməlidirlər. 

1. Borc verən kimsə borcu sırf Allah rizası üçün, mömin qardaşının sıxıntısını aradan qaldırmaq niyyətiylə verməlidir.

2. Borc verən kimsə, borclunu çox sıxışdırmamalıdır. Əgər borclu həqiqəqtən borcunu geri qaytara bilmirsə ona möhlət verməlidir.

3. Borc verən varlı, borc alan isə kasıbsa və borcunu ödəmə imkanı yoxdursa borc verən alacağını sədəqə yerinə saymalıdır.

4.  Borc verən borclunu incitməməlidir. Borcunu başa qaxmamalıdır.

Borc alan kimsənin diqqət edəcəyi xüsuslar isə bunlardır:

1. Çox zəruri olmadıqca borca girməməlidr.

2. Ancaq zəruri ehtiyaclar üçün borc almalıdır.

3. Aldığı borc pulu lüks və israf sayılacaq işlərdə sərf etməməlidir. 

4. Aldığı borcu geri qaytarmaq üçün işləməli, tənbəllik etməməlidir.

5. Borcunu gecikdirməməlidir. İmkann varsa dərhal verməlidir.

 Möhtərəm qardaşlar, xütbəmə bir hədisi şəriflə son verirəm: “Kim geri qaytarmaq niyyətiylə insanlardan borc mal alarsa,  Allah o borcun ödənməsinə yardımçı olar. Kim geri qaytarmamaq niyyətiylə insanlardan bir borc mal alarsa,  Allah da onun aldığını məhv edər.”[6]

Müşfiq Xəlilov.


[1] Bəqərə, 245.

[2] Hədid, 11.

[3] Buxari, Müslim, R.S. Tərc. C. 3, səh. 181, Nö: 1642.

[4] İbn Hıbban, Kütüb-i Sittə, (Hədis Ens.) C. 17, səh, 296, No: 749.

[5] Tirmizi, Cənaiz, 68.

[6] BUxari, İstiqraz, 2.


[1] Bəqərə, 282.