• 03 İyun 2020

Bu il Həcc ziyarəti ləğv oluna bilərmi?

Bütün dünya müsəlmanlarını koronavirus pandemiyası şəraitində bu ilin iyul ayına təsadüf edən Həcc ziyarətinin mümkün ləğvi ilə bağlı məsələ maraqlandırır. Ötən həftə Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarətləri naziri, dindarları məsələyə tam aydınlıq gətirilənədək hazırlıq işlərini təxirə salmağa çağırmışdı. Eyni zamanda, əlavə etmişdi ki, indiki vəziyyətdə insanların sağlamlığı prioritet məsələdir.

Səudiyyə Ərəbistanı hökuməti Məkkə və Mədinədəki müqəddəs məscidlərdə davamlı olaraq dezinfeksiya işləri aparır. Həmçinin bu şəhərlərdə indiyədək 480 insanın koronavirusa yoluxduğu bildirilir. Krallıq ötən aydan Ümrə ziyarətini və Məkkəyə bütün aviareysləri, o cümlədən daxili uçuşları dayandırıb. Rəsmi məlumata görə, bu ölkədə COVID-19 virusundan 25 ölüm halı qeydə alınıb. İndi bütün müsəlmanlar Həcc ziyarəti ilə bağlı Krallığın verəcəyi qərarı gözləyir. Bu, qarşıdakı ayda pandemiyanın yayılması vəziyyətindən asılı olacaq.

Bəs tarixdə Həcc ziyarətinin ləğv edilməsi halları baş veribmi? Tədqiqatlar və Arxivlər üzrə Kral Əbdüləziz Fondunun (DARAH) məlumatına əsasən, Həcc ziyarəti ilk dəfə 930-cu ildə, Abbasi Xilafəti dövründə baş vermiş iğtişaş nəticəsində dayandırılıb. Həmin vaxt Məkkədə 30 mindən çox zəvvar öldürülüb və Kəbədəki qara daş Qətif bölgəsinə aparılıb. Bundan sonrakı on il ərzində Həcc ziyarəti yerinə yetirilməyib.

Həcc ziyarətinin növbəti dəfə dayandırılması isə 989-cu ildə baş verib. Həmin il Məkkədə bir çox zəvvarın ölümünə səbəb olan xəstəlik yayılıb. Əksəriyyəti dəvə ilə Məkkəyə gələn zəvvarların bir hissəsi də su qıtlığından həyatını itirib. Sonrakı 29 ildə isə Həcc ziyarətinə təkcə İraq müsəlmanları gələ biliblər.

“ArabNews” portalına müsahibə verən Kral Əbdüləziz Universitetinin tarix kafedrasının müdiri İmad Tahir qeyd edib ki, Həcc ziyarətinin ləğvi tarixən siyasi iğtişaşlar və təriqət zəminində münaqişələrlə əlaqədar olub. Məsələn, müsəlman aləmində müharibələr nəticəsində 1099-cu ildə də Məkkəyə zəvvar gəlməyib.

Lakin Krallıq rəsmiləri bildirirlər ki, indiki şəraitdə Həcc ziyarətinin ləğv olunması ehtimalı çox azdır.

Mənbə:azertag.az

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 30 dəfə.

calal calalov

Read Previous

Şeytanın oyunları

Read Next

OSKARLI REJİSSORDAN FATİHƏ AÇIQLAMASI