• 28 Mart 2024

BÜDCƏ KASIBLIĞI AİLƏDƏ SEVGİ KASIBLIĞINA ÇEVRİLMƏMƏLİDİR

aile insanBəzən ona sahib olmaq üçün doğmalarımızdan uzaq düşməli oluruq. Maddi əskikliklər yalnız büdcədə yox, elə ailənin özündə də bir sıra çatışmazlıqlara səbəb olur. Ata maddi sıxıntıları aradan qaldırmaq, ailəsinin ehtiyaclarını təmin etmək üçün məcburən övladlarından, xanımından uzaq düşür. Vaxt keçdikçə ailə bağları zəifləyir. Ata həsrəti, övlad həsrəti hər iki tərəfə də mənəvi zərbə vurur. Büdcə kasıblığı ailə fərdləri arasında sevgi, nəvaziş, qayğı kasıblığına çevrilir. Ailə başçısının uzaqda olması bütün yükü, bir növ ananın çiyinlərinə qoyur. Həm övladların tərbiyəsi, həm məişət işləri, eyni zamanda yalnızlıq qadını çıxılmaz hala salır. Bəs bu halda qadın neynəməlidir? O, bütün bunların öhdəsindən gəlmək üçün nədən güc almalıdır? Həm qız, həm də oğul övladı tərbiyə edən ana nələrə diqqət etməlidir? Suallarımıza Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Gülər xanım Məmmədova aydınlıq gətirdi: “Bir qisim valideynlər müxtəlif səbəblərdən, xüsusən də, maddi ehtiyacları ödəmək məqsədi ilə qazanc üçün ailələrindən kənarda yaşamalı, qalmalı olurlar. Bu zaman ailədə bütün məsuliyyət, cavabdehlik qadının üzərinə düşür. Belə olan halda isə ana, həm də atanın rolunu ifa etməli olur. Uşaqların sağlam böyüməsi üçün ata və ananın birgə yaşaması və bir-birinə dəstək olması çox önəmlidir. Əgər ata ailədən uzaqda olarsa, bütün yük qadının üzərinə düşər və o, bir sıra problemlərlə qarşı-qarşıya qalar”.

“Ata” statusunu ata özü qazanmalıdır

Oğul övlad əsasən atadan güc alır. Ona arxalanır. Ən böyük dayaq atasını bilir. Atanın varlığı övladda özünə güvən, cəsarət yaradır. Oğlan uşağının tərbiyəsində atanın rolunu xüsusi vurğulayan Gülər Məmmədova ata-oğul uzaqlığının səbəb olduğu problemləri göz önünə gətirdi: “Qız övladları anaya, oğlan övladları isə ataya daha yaxın olurlar. Oğulun tərbiyəsində atanın rolu böyükdür. Elə mövzular var ki, oğul onu anası ilə yox, məhz atası ilə bölüşür. Lakin atanın uzaqlığı oğul övladının da yükünü ananın çiyinlərinə qoyur. Övladlarını cəmiyyətin çirkab əməllərindən qorumaq istəyən ana uşaqların, xüsusən də oğlan övladının üzərində nəzarəti gücləndirir. Bu zaman da onlarda böyük əsəb gərginliyi yaranır. Ana uşağına qarşı həddindən artıq tələbkar olduğundan onların arasında aqressiya artmağa başlayır. Onsuzda atanın əskikliyini yaşayan oğul, ananın müdaxilələrinə baş qaldırır. Bu da oğul ilə ana arasında münasibətlərin soyumasına səbəb olur”.

Ailəni daha çox ana idarə etdiyi üçün övladların düşüncəsində bəzən “ata” statusunun ikinci plana keçdiyini deyən psixoloq bunun ailənin təməllərinə ciddi şəkildə zərər verdiyini bildirdi: “Ailəni təkbaşına idarə edən qadın çox vaxt qərarları özü verməli olur. Həm ananın idarəçiliyi, həm də atanın uzaqda olması ailədə “ata” statusunun azalmasına gətirib çıxarır. Uşaqlarda “ata” ünvanının düzgün formalaşmasında ananın da müəyyən rolu var. Bu mövzuda ananın üzərinə çox böyük məsuliyyət düşür. O, atanın ən adi hərəkətini belə qiymətləndirməli, onun bu evdə birinci olduğunu vurğulamalıdır. Övladın, xüsusən də oğulun atadan çəkinməsi onun bir çox mənfi hərəkətlərdən uzaqlaşmasına şərait yaradacaqdır. Lakin bu statusu ata özü qazanmalıdır. Ana isə bu düşüncəni inkişaf etdirməlidir. Əgər ata özü bu düşüncəni formalaşdıra bilməyibsə, ana nə qədər “atan nə desə odur”, “evdə atanın sözü keçərlidir” desə də, bunun heç bir faydası olmayacaq. Ata getdiyi yerdən asılı olmayaraq ailə başçısı olduğunu unutmamalıdır. O, tez-tez ailəsi ilə əlaqə saxlamalı, onların vəziyyəti ilə maraqlanmalı, uzaqda olsa belə, daima onları düşündüyünü göstərməlidir”.

“Uşaqlarımla dost olmalıyam”

Deyirlər ailəni dişi quş qurar. Lakin nəzərə almaq lazımdır ki, dişi quş tək başına qanad çırparsa tez yorular. Və hər şey yarıda qala bilər. “Ailə fərdlərindən biri, xüsusilə də ata uzaqda olarsa, həm məişət işləri, həm də uşaqların tərbiyəsi qadının üzərinə düşür. Problemlərlə tək başına mübarizə aparmalı olan qadın bir növ yorulur. Maddi tərəfdən təmin olunan qadının həm də mənəvi dəstəyə ehtiyacı olur. Bu mövzuda qohumların rolu böyükdür. Bu zaman qadın özünü tək hiss etmir. Onların mənəvi dəstəyi bir növ qadının ayağa qalxmasına kömək olur. Mən deyərdim ki, ağıllı qadın uşaqlarının xoş gələcəyini görmək istəyirsə, bu cür problemlərdən tək başına çıxmalıdır. Qazanc dalınca gedən ailə başçısı onsuzda bir gün geri qayıdacaq. Bu müddət ərzində ana iradəli davranaraq uşaqların tərbiyəsində daha nizam-intizamlı olmalıdır. O, düşünməlidir ki, “əgər həyat yoldaşım yanımda deyilsə, onun vəzifəsini də mən icra etməliyəm. Lakin daha yumşaq formada. Uşaqlarımla dost olmalı, onlara atalarının yoxluğunu hiss etdirməməliyəm”. Bu düşüncədə olan qadın hər zaman problemlərdən çıxış yolu tapacaq” deyən psixoloq uzaqda olan həyat yoldaşının qadına qarşı həssas davranmasının önəmini vurğuladı: “Ətrafdan nə qədər dəstək olsa da, qadının ən böyük dayağı onun həyat yoldaşıdır. Yaxşı olardı ki, kişilər uzaqda olsalar belə, hər gün xanımları ilə telefon vasitəsilə əlaqə saxlasınlar. Ailədə uşaqların vəziyyəti ilə maraqlanıb, onların problemlərini dinləsinlər. Çünki, qadın belə hallarda ona ən yaxın olan insanın dəstəyinə ehtiyac duyur”.

Məsafə qayğıya əngəl deyil

Atanın ailədən uzaq olması uşaqların psixologiyasında iz qoyduğu kimi, onların cəmiyyətdə sosial münasibət qurmasına da müəyyən qədər təsir edir. G. Məmmədova bəzən ailəsinin yanında olduğu halda uşaqları ilə maraqlanmayan ataların da olduğunu söylədi: “Atası uzaqda olan uşaqlar hər zaman bunun əskikliyini yaşayırlar. Yaşıdları öz atası haqqında danışdığı zaman onların bu barədə xatirəsi az olur. Atadan çox şey asılıdır. Texnologiya inkişaf edib və artıq insanların bir-birilə əlaqə qurması çox asandır. Ata uzaqda olsa da, “Skayp”(skype) və ya telefon vasitəsilə tez-tez əlaqə saxlamalı, uşaqları ilə maraqlanmalıdır. Bu, övladların düşüncəsində “qayğıkeş ata” anlayışının formalaşmasına şərait yaradar. Lakin elə ailələr var ki, ata heç uzağa getmir, amma o ailədə nə ünsiyyət, nə də uşaqlara qarşı diqqət var. Belə hallarda da uşaq cəmiyyətdə bir çox problemlərlə üzləşir. Uşaqda öz atasına qarşı soyuqluq yaranır. “Onun atası öz övladını cizgi filminə aparır, futbol oynayır amma mənim atam səhər işə gedir, axşam gəlib yatır” fikri formalaşır. Bu cür atalar həyatda olduqları halda öz övladına ata məhrumiyyəti yaşadırlar”. Ailə, insanların sevgi bağları ilə birləşdiyi bir müəssisədir. Ailə təməllərinin möhkəm olması üçün münasibətlər qarşılıqlı hörmət, anlayış və xoşgörüyə dayanmalıdır. Əgər hər iki tərəf bu düşüncə ilə hərəkət edərsə, o zaman ən xırda problemlərin öhdəsindən belə böyük ustalıqla gəlmək mümkündür. Müsahibimiz son olaraq güvən və qarşılıqlı anlayışın ailədə çox önəmli ünsür olduğunu bildirdi: “Əgər ailənin təməli sevgi üzərində qurulubsa, həyat yoldaşı uzaqda da olsa, münasibətlər ilk günki doğmalığını, səmimiyyətini itirməyəcək. Hər iki valideyn bir-birinə güvən verməyi bacarmalıdır. Bəzən insanlar daha çox maddiyyat həvəsində olduqları üçün əslində ən dəyərli xəzinəyə sahib olduqlarını unudurlar. Ən gözəl hal odur ki, insanlar Allahın onlara verdiyi nemətlərlə kifayətlənsinlər və xoşbəxt olmağı bacarsınlar”.

MƏNBƏ:

XEZERXEBER.COM

Read Previous

Azərbaycanda evlənənlər və boşananlar: statistika açıqlandı

Read Next

EVLİLİYİN MƏQSƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.