• 21 Mart 2019

Cümə namazında 4 rükət ilk sünnətin qılınması barədə hədis varmı?

Allaha həmd olsun. Cümə namazı müsəlmanlara Allaha təla tərəfindən əmr olunmuş namazdır. Allaha təla Qurani Kərimdə buyurmaqdadır: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” (Cümə 9)

Bildiyimiz kimi “cümə” cəm olmaq sözündəndir. Bu gün allah qatında ən fəzilətli gündür. Və bu fəzilətli gündə Allah müsəlmanların bir araya yığılaraq birgə ibadət etmələrini əmr etməkdədir. Allahın bütün əmrləri kimi Cümə namazının da öz hikmətləri vardır. Bu gün müsəlmanlar Allaha birlikdə ibadət etməkdə, eyni zamanda camaat kimi formalaşmaqda, bir-birlərini tanımaq, dərdi-sərləri ilə tanış olmaq imkanı əldə edirlər. Cümə namazı həm də insanları yaxşılığa əmr etmək, pisliklərdən çəkindirmək üçün bir vasitədir.

Təəssüf ki, günümüzdə müsəlmanların bu gözəl ibadətinin də üzərinə kölgə salmağa çalışırlar. Kimisi bu ölkədə cümə namazının vacib olmadığını iddia edir. Kimisi də müxtəlif fiqhi ixtilaflarla müsəlmanların bu mübarək ibadətinin dadını qaçırmağa çalışır.

Həqiqətən cümə namazından həm əvvəl, həm də sonra sünnət qılmaq Rəsulullahın sünnətindəndir. İbn Macə Rəsulullahın cümə namazından əvvəl 4 rükət namaz qılmasını rəvayət etmişdir. Eyni zamanda məşhur fəqih, professor Vəhbə Zuhayli “Əl fiqhul-İslami və ədillətuhu” adlı əsərində Səhabənin cümə namazından əvvəl 4 rükət namaz qılmasını bildirir. Ancaq İbn Teymiyyə (rəhmətullah aleyh) cümə namazından əvvəl qılınan sünnətin əzandan əvvəl olduğunu, əzandan sonra Rəsulullahın heç bir sünnət namaz qılmadığını bildirməkdədir. Yəni əzanla cümə namazının fərzi arasında heç bir sünnət namazın olmadığı görüşündədir. İbn Teymiyyə cümə günü məscidə gələn səhabənin əzan verilənə qədər, dəqiq bir say izləmədən bacardığı qədər nafilə (sünnət) namaz qıldığını bildirməkdədir.

Bu gün bölgələrdən və məscidlərdən asılı olaraq hər iki variant da tətbiq edilməkdədir. Xatırladaq ki, bu ciddi bir problem deyil. Bir bölgənin və ya bir məscid imamının bu ictihadlardan birini tərcih etməsini anlayışla qarşılamaq lazımdır. Bu kimi məsələləri dərin ixtilaflar kimi ələ alıb faciələşdirməkdən qaçmaq lazımdır. Siz getdiyiniz yerdəki məscidlərin qaydasına uyun. Bununla siz ətrafınızdakıları ixtilafa təhrik etmiş olmazsınız.

Hər şeyin doğrusunu bilən Allahdır.

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 189 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Cümə namazını qılmaq qadınlara vacibdirmi?

Read Next

Peyğəmbərimizi Tanıyaq I Hissə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir