• 29 Mart 2024

Dəstəmazın fəziləti

k_kms2009_DSCF62007[1] Möhtərəm möminlər, bütün ibadət həyatımız təmizlik üzərinə qurulmuşdur. Hətta insanın ruhən təmizlənməsində də maddi təmizliyin böyük təsiri vardır. Ümumiyyətlə həqiqi müsəlman, həm daxilən həm də xaricən ən təmiz insandır. İslam daxili təmizliyə əhəmiyyət verdiyi kimi maddi təmizliyə də böyük önəm vermişdir. Bu mənada Uca Allah əl-Bəqərə surəsi 222 ci ayədə belə buyurur: “Allah (təmiz və) pak olanları sevər!”
Peyğəmbərimiz də (s) “Təmizlik imanın yarısıdır” hədisi ilə bu həqiqəti ifadə etmişdir.
Bu səbəblə İslam, namaz və təvaf kimi ibadətlərdən əvvəl dəstəmaz alamğı fərz olaraq əmr etmişdir. İslam alimləri fəziləti və əhəmiyyətinə görə dəstəmazı ayrıca bir ibadət kimi görmüşlər. Dəstəmazın fəziləti haqqında Peyğəməbirimiz (s) belə buyurur: “Düzgün bir şəkildə dəstəmaz alıb sonra iki rükət namaz qılan və namaza bütün ruhu və mənliyi ilə yönələn hamıya cənnət vacib olar!” Başqa bir hədisi-şərifdə isə belə buyurulur: “ Sizdən kim düzgün bir şəkildə dəstəmaz alıb sonra da “Əşhədü ən lə iləhə illəllah və əşhədu ənnə Muhammdən abduhu və Rasuluh” desə ona cənnətin səkkiz qapısı açılar. Hansından istəsə oradan girər.”
Əbu Hüreyrə (r.a) nəql edir. Rəsulullah bir gün qəbiristanlığa gəldi və: -“Allahın salamı üzərinizə olsun, ey möminlər diyarının sakinləri. İnşallah bir gün biz də sizin yanınıza gələcəyik. Qardaşlarımızı görməyi nə qədər çox istədim! Onlar üçün nə qədər darıxdım!”-buyurdu. Əshabələr: -Biz sənin qardaşların deyilik, ya Rəsuləllah?-dedilər. Peyğəmbərimiz (s): -“Siz mənim ashabımsınız. Qardaşlarımız isə hələ dünyaya gəlməyənlərdir”-buyurdu. Əshabələr: -Ümmətinizdən hələ dünyaya gəlməyənləri necə tanıyarsız, ey Allahın Rəsulu,-deyəndə: Peyğəmbərimiz (s): “Təsəvvür edin ki, bir adamın ayaqları və üzü ağ olan atı var. O adam bu atını hamısı qara rəngdə olan at ilxısı içərisində tanımazmı?” deyə soruşdu. Əshabələr: -Bəli tanıyar, ya Rəsulallah!-dedi. Sonra Peyğəmbərimiz buyurdu:-“ Bax, onlar da dəstəmaz aldığı üzvləri ağappaq olaraq gələcəklər. Mən əvvəlcədən gedib hovuzumun başında onlara su vermək üçün gözləyəcəm…”
Bəli, müsəlmanların qiyamət günündə dəstəmaz aldığı üzvləri nur saçacaq və Rəsulullahın (s) ümməti oluqları bu xüsusiyyətlərindən aydın olacaq.
Bunu bilən möminlər dəstəmazı ən gözəl şəkildə almağa və mümkün olduğu qədər çox yeri islatmağa çalışmışlar.
Təbiindən Əbu Hazim Əbu Hüreyrəni (r.a) dəstəmaz alarkən görmüş, o, qollarını qoltuğunun altına qədər yuyurmuş. –Ey Əbu Hüreyrə, bu necə dəstəmaz almaqdır?-deyə soruşmuş. Əbu Hüreyrə də: -Ey Bəni Fərrux! Siz buradaydınız? Burada olduğunuzu bilsəydim belə dəstəmaz almazdım, -dedikdən sonra davam etmişdir: -Mən dostum Rəsulullahdan (s) belə eşitdim: “Qiyamət günü mömin dəstəmaz suyunun dəydiyi yerlərə qədər nur içində olar.”
Dəstəmaz yalnız ibadət üçün alınmamalıdır. İslam ibadət xaricindəki vaxtlarda da həmişə dəstəmaz almağa təşviq etmişdir. Buna görə daim təmiz olmaq imanın bir əlaməti kimi qiymətləndirilmiş və hədisi-şərifdə: “Ancaq mömin kimsə daim dəstəmazlı olar” buyurulmuşdur.
Bu mövzuda sevimli Peyğəmbərimizin (s) həyatında canlı misallar vardır: Əbu Cuheymin (r.a) nəql etdiyinə görə Allah Rəsulu (s) Cəməl quyusu tərəfindən gələndə bir nəfərlə rastlaşmışdı. Həmin adam ona salam verdi, ancaq Peyğəmbərimiz (s) salamını almadı. O saat bir divarın yanına gedib üzünü və əllərini məsh edərək təyəmmüm etdi, sonra salamı aldı.
İbn Abbas (r.a) belə nəql edir: -Rəsulullah (s) ayaqyolundan çıxar, əvvəl suyla əllərini yuyar, sonra onunla yüngülcə dəstəmaz alardı. Ona: -Ey Allahın Rəsulu, suya yaxınısınız! Niyə belə edirsiniz? –dedim. Peyğəmbərimiz (s) belə cavab verdi: -“Haradan bilirəm, bəlkə ona çatmadan (ruhumu təslim etdim).”
Peyğəmbərimiz (s) hər zaman dəstəmazlı olmağı təşviq etmək üçün belə buyurur: “Kim dəstəmazlı olduğu halda yenidən dəstəmaz alarsa, Allah Təala bu sbəbələ ona, bunun on misli savab yazar” buyurmuşdur.
Rəsulullahın (s) üzərində durduğu digər bir mövzu da misvaq işlətməkdir. Peyğəmbərimiz (s) özü bundan istifadə etməyə daha çox önəm vermiş və təkidlə buna sövq etmişdir. “Əgər bilsəydim ki, ümmətimə çətin olmayacaq, hər namazdan əvvəl misvaqdan istifadə etmələrini əmr edərdim” buyurmuşdur. Digər bir hədisində də belə buyurmuşdur: “Misvaq ağız üçün təmizlik, Rəbbin rizasını qazanmaq üçün də bir vasitədir.”

8 Fevral 2013 /27 R.Əvvəl 1434

Read Previous

Fevral 2013

Read Next

Qəzzada arılarla müalicə edirlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.