• 25 Aprel 2024

DÜNYA DÜZDÜRMÜ?

«İnsanlar, dünyanın düz olduğunu düşünəndə yanılırdılar. İnsanlar, dünyanın kürə olduğunu düşünəndə də yanılırdılar. Amma əgər sən dünyanın kürə olduğunu düşünənlərin yanılqısıyla onun düz olduğunu düşünənlərin yanılqısının eyni olduğunu düşünürsənsə, sənin yanılman ikisinin cəmindən çoxdur» (İsaak Asimov)

Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri də yaşadığımız dünyanın, yəni yerin formasıdır. Yer kürəsinin düz olduğunu söyləyən din alimləri də Qurandan dəlil gətirir, kürə şəklində olduğunu söyləyənlər də. Kim haqlı kim haqsızdır mübahisəsində tərəflərin bir-birini təkvir edərək kafir elan etməsi, kafir olanın isə öldürülməsinin vacibliyini söyləməsi işin ən qorxunc tərəfidir. Atalarımızın «yarım hoca dindən, yarım doktor candan edər» tövsiyyəsinə uymayanlar həm dinindən, həm də canından olur. Adətini din sayanlar da, xurafatı din olaraq qəbul edənlər də, Qurana bütün elmlərin yeganə qaynağı olaraq baxanlar da yanılır. Quran, düşünənlərə istiqamət verən, elmə gedən yolu göstərən, insanın dünya və axirəti üçün yaşam standartını bəlli edən, Allahdan insanlığa göndərilmiş dəyişməz mesaj toplusudur. O mesajı düzgün oxuya bilmək üçün insanın zəkaya, biliyə, təcrübəyə, dərrakəyə ehtiyacı var. Başqa sözlə desək, barmaq ayı göstərərkən barmağa deyil, aya baxdığımız təqdirdə Allahın bizə ünvanladığı mesajların gerçək anlamını qavraya biləcəyik. Allah son kitabında «ağlını istifadə edənlər üçün yer üzündə ayələr var» (Zariyat, 20) deyir. Ağlını istifadə edənlər də təbii olaraq o ayələri oxumaq üçün təcrübəyə və dəlillərə istinad edərək bir qənaətə varır, bir iddiaları varsa onu isbat edirlər.

Quran əmrləri və yasaqları ilə insanlığa yaşamağı, yaratmağı, dərs alıb, nəticə çıxartmağı öyrədir. Başqa sözlə desək, bigi sahibi olmadan fikir sahibi olmağımızı istəmir. «Yer üzünü gəzib dolaşın, yaradılışın necə başladığını öyrənin» (Ənkəbut, 20) əmrinə uymadan insanlıq tarixi yazmaq, fikir yürütmək, cahilin alimlik etmək çabasından başqa bir şey deyil. Görmək üçün iki gözün yetmədiyini də biz Allahdan öyrənirik: «məgər onlar dəvənin necə yaradıldığını görmürlər? Göyün necə yüksəldiyini (görmürlər)? Dağların necə sancıldığını (görmürlər)? Yerin necə döşədildiyini (görmürlər)?» (Ğaşiyə 17-20). Dəvəni incələmədən dəvə haqqında fikir sahibi olmaq mümkün olmadığı kimi yeri də, göyü də, dağı da incələmədən, tədqiq etmədən fikir sahibi olmaq mümkün deyil. Quran dəvəni, yer üzünü, göyü, dağı öyrənmək üçün mənə bax demir. Dəvəyə bax, göyə bax, dağa bax, yer üzünə bax deyir. Astranomiya, anatomiya, fizika, riyaziyyat, kimya kimi elmlərlə öyrənililməsi mümkün olan bilgini əldə edə biləcək patensialı olmayanlar bu sahənin mütəxəssislərinə inanmaq məcburiyyətindədir. O mütəxəssislər isə yerin elipis (kürəyə bənzər) olduğunu dəlilləri ilə isbat edir, kosmosdan şəklini çəkib göstərir və iddialarını məntiqi olaraq açıqlaya bilirlər. Əksini söylərənlərin buna bənzər araşdırmaları və ciddi dəlilləri olmadığı kimi yerin uzaqdan çəkilmiş düz rəsmi də yoxdur. Başqa sözlə, onların iddialarının təcrübədə təsdiqi yoxdur.
Yerin kürəyə bənzər (yumurtava oxşar) şəkldə olmasının mütləq Qurani qaynağını tələb edənlərə isə əlavə olaraq Naziat 30 ayələrini oxumağı tövsiyyə edirik. «Sonra da yeri döşəyib yerləşməyə hazırladı»
(وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا) Yerin fiziki quruluşundan (ontolojik) bəhs edən bu ayədə keçən dəhaha kəlməsi yerin yumurtaya bənzər elipis şəklində olmasına işarədir. Dəhaha (دَحَاهَا) kəlməsi udhiyyə, udhuvvə kökündən gəlir ki, bu da dəvəquşu yumurtası mənasına gəlib yuvarlıqlığı ifadə edir. Eyni kökdən gələn mədha kəlməsi dəvəquşunun yumartasını buraxdığı yuvaya deyilir. Başqa surələrdə isə yer üzünün «beşiyə» (Nəbə, 6; Taha, 53), «döşşəyə» (Bəqərə, 22) bənzədilməsi metaforadır və onun düzlüyünün deyil, rahatlığının dəlilidir. Çünki insanoğlunun normal şərtlərdə yaşaya biləcəyi tək yer yaşadığımız dünyadır ki, biz burda doğulub, burada böyüyüb, burada ölüb və burada həşr olunacağıq. Bu rahat məkanı tərk etdiyimiz zaman, yerin cazibə qüvvəsində çıxır, yeriməkdə zorluq çəkirik, nəfəsimiz daralır. İnsan yalnız yer üzündə beşikdəki qədər rahat ola bilir.

P.S. 1. Bu dəlillərin yetmədiyi kimsələr üçün yer üzünün şəklinin düz olması da, kürə və ya elipis olması da heç bir şey ifadə etmir. Düzgün yaşaya bilənlər üçün düz və əyri yerin əhəmiyyəti yoxdur. Əyri oturdulsalar da düzgünlüklərindən vaz keçməyənlərə salam olsun. Dünyanın formasından çox axirətinin aqibətini düşünərək yaşayanlara salam olsun. Adəmin elminə səcdə edəcək qədər mələkləşənlərə salam olsun.

P.S. 2. Üzüntümüzü bir az da olsa xəfiflətmək üçün Mirzə Ələkbər Sabiri rəhmətlə anırıq.

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

Rüzgar Kəskin (G.Qafarova)

Read Previous

Ədəb bir çərçivədir

Read Next

İtiqaf nədir?