• 26 Aprel 2024

ELM VƏ DUA

Günlərdən bəri ölümlə çarpışan körpəsinə baxmaqdan bağrı parçalanan ana evin qəfil bir küncünə çəkilib, göz yaşları içində içindən gələn səmimi bir duyğularla əl açıb Uca Yaradana yalvarır: “Allahım, övladı verən də Sənsən, alan da Sən. Amma bir ana kimi günlərdən bəri bu körpənin yaşadığı acılara, ağrılara baxmağa taqətim qalmayıb. Neynirsən, xeyirlisindən elə, Allahım. Alsan da, almasan da, Sən bilən məsləhətdir. Amma mən daha bu mənzərəyə baxa bilmirəm. Ya mənə dözüm ver, səbir ver, ya bu körpəyə şəfa nəsib eylə”. Bu bir ana duası idi. Günlərdən bəri xəstə yatan körpəsinin çırpıntılarına, qıvrılmasına baxa bilməyən ana Uca Yaradana əl açıb beləcə yalvarırdı. Amma bu duanın boşa getdiyini, nəticəsiz qaldığını düşünməyin. Dualar boşa atılmış güllə deyil, içdən gələn o yalvarışlar mütləq və mütləq ünvanına yetişir, tez, ya gec nəticəsi görünür.

Duanın təsir gücünü araşdıran mütəxəssislər heyrətamiz nəticələr əldə edirlər. Kliniki araşdırmalar, insanlar üzərində aparılan təcrübələr, duanın həm dua edənə, həm də dua edilən şəxsə müsbət təsir göstərdiyi artıq mütəxəssislər tərəfindən birmənalı şəkildə qəbul edilməkdədir. Duanın pozitiv təsirini kəşf edən klinikalar, tibbi mərkəzlər və dərman istehsal edən şirkətlər indi duanı müasir tibb elmi ilə birləşdirməyin yollarını axtarırlar. Artıq toplaşaraq xəstə üçün dua etmək, Allaha yalvarmaq Qərbdə qəbul edilmiş gərəkli müalicə üsulları sırasında yer almaqdadır. Tibb müəssisələrində həkimlərin və eləcə də digər tibb işçilərinin toplaşaraq xəstə üçün dua etməsi də sürətlə genişlənməkdədir. Mütəxəssislərin söylədiklərinə görə, bu cür toplu duaların xəstəyə pozitiv təsiri daha çox olur. Duanın insana fiziki təsirini araşdıran ən məşhur alimlərdən biri belə  deyir: “Dua edərkən insanın vücudunda və beynində ciddi dəyişikliklər meydana gəlir. Davamlı şəkildə və mütəmadi olaraq ibadət edən insanların qan təzyiqi digərlərinə nisbətən daha sağlam, yəni normasında olur. İbadət edən adamlar başqalarına nisbətən daha az stress və əsəbi gərginlik keçirirlər. Dua və ya ibadət əsnasında orqanlar rahatlanır, beyin isə bir qədər böyüyür”.

Qurani-Kərim dua mövzusunda belə buyurur: “Duanız olmasaydı, nə əhəmiyyətiniz olardı?”[1]

Çoxlarınız Allah-Təalanın adlarını zikr edən, Ona yalvaran ağsaqqallarımızı, ağbirçəklərimizi yəqin ki, görmüsünüz. Onların o rahat davranışları, səmimiyyəti, həlim söhbətləri, heç şübhəsiz, o dualarla, o yalvarışlarla birbaşa bağlı olmuşdur. Dua etmək bir zaman dini ritual sayılsa da, bu gün artıq yeni anlam kəsb etməkdə, müalicə vasitəsi kimi tanınmaqdadır. Araşdırmalar göstərir ki, dua ilə xəstəliyin sağalması müddəti qısalır. Bu gün ciddi araşdırmalar nəticəsində məlum olmuşdur ki, xəstələr üçün dua etmək xəstəliyi azaltdığı kimi, sağalma müddətini də tezləşdirir. Yəni həm dua edən, həm də dua edilən insan bu yalvarışdan şəfa tapır. Hətta bu gerçəkdən xəbərdar olan  bəzi ölkələrədəki insanlar bir yerə toplaşaraq dua klubları təşkil etməyə başlayıblar. Həmin ölkələrdə hər hansı bir problemlə qarşılaşan, səhhətində ciddi çatışmazlıqlar hiss edənlər doktorla yanaşı, həm də həmin dua klublarına müraciət edirlər. Tanınmış məşhur bir Universitetin ortaya qoyduğu nəticələrə görə, dindarların depressiya və stress halları daha az olur. Universitetin əldə etdiyi nəticələr isə mütəmadi olaraq ibadət və dua edənlərin erkən ölüm faizinin dindar olmayanlarla müqayisədə 25 faiz az olduğunu bildirir. Eyni mənbədən o da bildirilir ki, dua edən bir xəstənin ürək əməliyyatından sonrakı yaşama müddəti dua etməyəninkindən 30 faiz artıq olur. Bəzi araşdırmalarda xəstənin və dua edənin bir-birilərini tanımasa belə, duanın yenə şəfavericilik qabiliyyətinin görünməsi təsdiq olunur. Bir qrup elm adamı, teoloqları və beyin üzrə mütəxəssislərdən təşkil olunmuş qrup iki il araşdırma apardıqdan sonra “niyə bəzi insanların inancı güclü, bəzilərininki zəifdir? İnancın orqanizmdəki ağrı-acıya təsiri nədən ibarətdir?” sualına verdiyi cavab, həqiqətən də, çox inandırıcıdır: stress orqanizmin müqavimət gücünü aşağı salır. Beləcə, insan müqavimətini itirdikcə yad təsirlərin əsirinə çevrilir. Məhz stresə girən, depressiya vəziyyəti yaşayan insanlar daha çox xəstələnirlər. Dua və dini həyat tərzi isə stress faizini xeyli aşağı salır. Dua, sadəcə, xəstələr üçün və ya xəstəlik zamanında deyil, həyatın bütün məqamlarında oxunmalıdır ki, orqanizmdə immunitet halını alsın, vərdişə keçsin. Bu zaman insanda həm mənəvi, həm də fiziki güc mənbələri formalaşır.

Türkiyəli məşhur bir araşdırmaçı-yazar da Qurani-Kərimdə və eləcə də hədisi-şəriflərdə dua mövzusuna böyük önəm verildiyini bildirir. Həzrəti Peyğəmbərimizin oxuduğu duaların müsəlmanlar tərəfindən təkrarlanmasının çox böyük faydaları olduğunu bildirir. O, bu mövzuda belə yazır:

“İnsan dindardırsa, demək, Allaha inanır, Onun varlığını və birliyini qəbul edir, başına gələn işləri Allah-Təala tərəfindən yazılmış bir qədər olduğunu qəbul edir və onu da anlayır ki, sınaq içindədir. Bu sınağa qarşı verəcəyi reaksiya onun üçün savab və ya günah olaraq yazılacaqdır. Yəni mömin başına gələnlərin onun üçün bir sınaq olduğunu anlayır. Əsas məsələ də elə bu anlayışı qəbul edincədir. Bundan sonra insanda yeni bir güc mənbəyi açılır. İman adlanan həmin güc insana həm maddi, həm də mənəvi baxımdan çox böyük faydalar gətirir”.

Biz dinimizdən gələn gözəllikləri yaşaya bilsəydik, heç şübhəsiz, bu gün dünyada öncül olurduq. Amma təəssüflər ki, bizə tövsiyə olunan və yaşaya bilmədiyimiz gerçəklər bu və ya digər şəkildə xristian dünyasında araşdırılır, öyrənilir. Dua bizim üçün çox önəmlidir. Peyğəmbərimizin də da buyurduğu kimi, “dua ibadətin özüdür.”[2] Dualarınızı  əsirgəməyin.

Uca Allah cümləmizin  dualarını qəbul etsin! İnanaraq və israr edərək  dua edən qullarından etsin!


[1] Furqan, 77.

[2] Tirmizi, Dəavat, 1/3371.  

Read Previous

Vücud fabrikini işlədən kimdir?

Read Next

Sehr və cadudan necə qorunmalı?