• 28 Mart 2024

Fitrə sədəqəsi kimlərə,nə üçün və necə verilməlidir?

“Fitr” kəliimagesməsi “orucu açmaq, başa vurmaq” və ya dilimizdə istifadə olunan “fitrə” kəlməsi isə “insan olaraq yaradılma”, “fitrət” mənasına gəlir. Bu mənada fitrə, yəni fitr sədəqəsi Uca Allahın bizi kainatda ən uca varlıq (insan) kimi yaratmasının müqabilində edilən təşəkkürün bir ifadəsidir. Digər mənası ilə isə, fitrə sədəqəsi Ramazan ayını başa vurmanın gözəl bir sonluğudur. Yəni, oruc tutaraq öz nəfsini tərbiyə edən bir müsəlman bir ay boyunca yoxsulların da halını yaşayır və beləliklə də, bayramdan əvvəl onlara əl tutaraq Ramazan ayına xitam verir və yoxsulların da bayram sevincini yaşamalarına vasitəçi olur. Fitrə sədəqəsi oruc ibadəti ilə birlikdə vacib buyurulmuşdur. Ümumiyyətlə, İslam dinində “infaq” məfhumu bütün növ sədəqə və zəkatı əhatə edir. İnfaq Allahın razılığına nail olmaq üçün sərf olunan bütün xərcləri ehtiva edir. Fitrə sədəqəsi ailədə hər bir fərd üçün, necə deyərlər adambaşına verilən bir sədəqə növüdür. Məhz fitrə sədəqəsinin zəkatdan fərqi də ailə fərdlərinin sayına görə verilməsidir. Zəkat isə sırf mal-dövlətdən verilən sədəqə növüdür. Yəni, hər il mal-dövlətin qırxda birindən zəkat çıxarılır. Əslində, zəkat verməyə borclu olanlar, yəni üzərinə fərz olanların, məhz Ramazan ayında zəkatlarını vermələri müstəhəbdir.

Fitr sədəqəsi insanı ramazan ayına çatdıran, ramazanı yaşadan və bu ayın bərəkətindən faydalandıran Allaha şükür niyyəti ilə verilən sədəqədir.

Fitrə Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları, yoxsulları və kimsəziləri sevindirmək, eləcə də oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçün verilən bir sədəqə növüdür. Hz. Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurur: “Fitrəni oruc tutanı mənasız və pis davranışlardan uzaq saxlaması və möhtac olanlara da bir loğma yemək olması üçün fərz (vacib) buyurulmuşdur. Kim onu bayram namazından əvvəl verərsə, o, qəbul edilmiş bir zəkat olar. Kim də namazdan sonra verərsə, o, sadəcə olaraq sədəqələrdən bir sədəqə olar” (Əbu Davud, Zəkat, 17; İbn Macə, Zəkat, 21).

SUAL: Fitrə sədəqəsi kimlər tərəfindən və kimlərə verilir?

CAVAB: Fitrə sədəqəsi Ramazan bayramına çıxan və təməl ehtiyaclarından başqa müəyyən qədər imkanı olan müsəlmanların özləri və baxmaqla məsul olduqları fərdlər üçün verməyə borclu olduqları maddi bir ibadətdir. Yoxsulların ehtiyaclarının qarşılanmasında iştirak etmək surətilə cəmiyyətdə qarşılıqlı sevgi və qardaşlıq bağlarının möhkəmlənməsinə vasitəçi olan fitrə sədəqəsinin əsas məqsədlərindən bir də odur ki, insanlara bir-biri ilə bölüşmə, bir-birinə bağışlama vərdişləri aşılayır və bunu daim canlı tutmağa çalışır. Bunun nəticəsində də, hər bir müsəlman ehtiyacı olan yoxsullara az da olsa verdiyi sədəqənin və etdikləri yardımın sevincini yaşayır və bundan mənəvi həzz duyur.

Məhz bu səbəbdən, fitrə sədəqəsini verərkən öz dolanışığımıza baxmaq məcburiyyətindəyik. Çünki Uca Allah baxmaqla məsul olduğumuz hər bir fərd üçün “ailəmizə yedirdiyimizin orta hesabını” əsas alaraq müəyyən etdiyimiz bir miqdarı verməyimizi tələb edir. Zəngin olanlar gündəlik istehlak etdiklərinə müvafiq olaraq, orta hallılar da həmçinin gündəlik xərclərinə müvafiq olaraq fitrə sədəqəsini verməlidirlər. Fitrə sədəqəsinin nə qədər mühüm bir ibadət və bir xeyirxahlıq olduğunu vurğulayan Hz. Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurur: “Ramazan ayı göy ilə yer arasında asılı vəziyyətdə durur. O, yalnız fitrə sədəqəsi sayəsində Allahın dərgahına ucalır” (Münziri, “ət-Tərğib vət-Tərhib”, II, 152).

Odur ki, bu məsələdə ideal olan hər bir kəsin yaşadığı həyat şəraitinə görə minimum gündəlik qida xərclərinə müvafiq olan bir məbləği verməsidir. Yəni, ailənin gündəlik dolanışığının orta hesabı dəyərində olan miqdarı verməkdir.

SUAL:Günümüzdə ən çox mübahisə olunan məsələlərdən biri də, fitrənin nə ilə, hansı qida məhsulu ilə və yaxud hansı maddi bir nemətlə veriləcəyi məsələsidir. Buğda, apra kimi məhsullarla vermək şərtdirmi? Bu barədə necə düşünürsünüz?

CAVAB:Qeyd edək ki, Hz. Peyğəmbərin (s.ə.s.) buğda, arpa kimi şeyləri əsas alaraq fitrənin verməsi ilə bağlı buyurduğu hədisdən də aydın olur ki, burada müəyyən edilən miqdar tamamilə əkinçiliklə məşğul olan cəmiyyət üçün müəyyən edilən bir məbləğdir və həmin dövrdə taxıl alğı-satqıda mübadilə vasitəsi olaraq istifadə edilirdi. Bu gün isə yeganə mübadilə vasitəsi puldur. Ona görə də, zəmanəmizdə fitrə sədəqəsinin pul olaraq verilməsi daha da fəzilətlidir.

Onu da qeyd etmək lazımdır ki, əslində fitr sədəqəsi sadəcə olaraq Ramazana məxsus olsa da, burada müsəlmanlar Ramazan ayında olduğu kimi hər ay, yəni daim xeyirxah olmağa təşviq edilir, sadəcə Ramazanda yox, bütün aylarda, il boyu yerinə yetirməli olduğu vəzifələr ona aşılanır, yəni bir nov həyat tərzi təlim edilir və digər Ramazana qədər qazandığı mənəviyyatını davam etdirməsi ondan tələb edilir. Bunun nəticəsində də, nümunəvi bir müsəlman şəxsiyyəti ortaya çıxmış olur.

mənbə:

sunna.az

Read Previous

İsrail orta məktəbi atəşə tutdu- 15 uşaq qətlə yetirildi

Read Next

Türkiyə Qarabağ müharibəsində

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.