• 12 Noyabr 2019

Həcc

     hacc[1]Möhtərəm müsəlmanlar!

  İslamın beş təməl əsaslarından biridə həcdir. Həcc, mömin, zəngin, ağıllı, azad, sağlam və yetkinlik yaşına çatan hər müsəlmana fərzdir. Həcci inkar etmək küfrdür.

Həcc Hz. İbrahimin canı, malı, övladı və hər şeyi ilə Rəbbinə göstərdiyi təvəkkül, tam təslim olma və itaətin qiyamətə qədər davam edəcək ən gözəl bir simvoldur.

Həcc saleh insanlardan ibarət olan böyük bir izdihamın müəyyən bir zaman və məkanda toplanmasıdır.

 Həccin fərz olmasınının səbəbi, Məkkə şəhərində yerləşən, müsəlmanların qibləsi olan mübarək kəbədir. Kəbə tövhid inancını əsas alan İslamın yeganə mərkəzidir. Kəbə, Quran diliylə desək yer üzündə ilk inşa edilən mübarək Allah evidir. Necə ki Uca Allah Qurani-kərimdə belə buyurur:

   “Həqiqətən insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o, şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr- İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. (təhlükədən kənardır.) Onun yoluna (ərzaq, minik və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur.Kim bunu (bu borcu) inkar edərsə, (özünə zülm etmiş olar) Əlbəttə Allah aləmlərə (heç kəsə) möhtac deyildir.”[1]

   Kəbə, Allahın ilahi əmrinə tabe olaraq, dünyanın hər yerindən gələn dilləri, irqləri, rəngləri ayrı olan yüz minlərlə müsəlmanın, eyni iman, eyni şuur altında ağappaq ehramlar içərisində Allah, Allah nidalarının yüksəldiyi mübarək bir məkandır. Kəbə Hz. Rəsulullahın (səs): “Allaha and olsun ki (ey Məkkə) sən Allahın ən xeyirli yerisən. (əgər) Səndən  (zorla) çıxarılmış olmasaydım qətiyyən (bu yerdən) çıxmazdım” buyurduğu bərəkətli bir torpaqdır.         

Möhtərəm möminlər!

  Həcc insan ömrünün zəkatıdır. Malın zəkatı pulla, bədənin zəkatı namaz və orucla verildiyi kimi ömrün zəkatı da həcc etməklə verilmiş olur. Ağappaq kəfəni xatırladan ehramlara bürünən möminlər bu ibadət əsnasında dünyanın fani olduğunu, özlərinin isə əbədi bir həyatın yolçuları olduqlarını daha yaxından his edərlər.

Həcc uzun yolçuluq və ağır bir işdir. Bir sözlə həcc böyük fədakarlıq tələb edir.

Ona görə də sırf Allah rizası üçün edilən həcc ibadəti, əvvəlki küfr halını yox etdiyi kimi, keçmiş günahları yox edər. Rəsulullah (səs) bu həqiqəti belə bəyan edir:

   “Kim həcc edər, həcci əsnasında ağzından pis bir söz çıxarmaz, günahlara girməzsə, o kimsə anasından yeni doğulmuş kimi günahlardan təmizlənmiş olaraq dönər.”[2]

  Həccə gedən bir müsəlmanın Kəbədə yerləşən Həcərül-Əsvəd-i öpməsi sünnə bir əməldir. Ancaq  başqalarına əziyyət etmək insanları itələmək  surəti ilə bu sünnəni yerinə gətirmək istəyən kimsə sünnə deyil əksinə ən azında məkruh bir iş görmüş olur.  Necə ki,  bu barədə Hz. Peyğəmbər (səs) Hz. Ömərə belə buyurmuşdur:

  “Ey Ömər, sən qüvvətli bir insansan, Həcərül-Əsvədə yaxınlaşmaq üçün çiyninlə insanları itələmə, zəifləri kənara sıxışdırma! Nə narahat ol, nə də başqalarını narahat et. İzdiham olduğundan dolayı Həcərül-Əsvədə yaxınlaşa bilməsən, aralıdan “əl sürtüb öpmək” işarəsi et, kəlimeyi-tövhid oxuyaraq və təkbir gətirərək keç!” buyurdu.[3]

  Əziz müsəlmanlar! Namaz əsnasında çiyin-çiyinə saf quran möminlər Həccdə daha toplu və daha geniş bir şəkildə yan- yana gəlirlər. Qəlblər eyni duyğu ilə döyünür, dillər eyni şeyləri təkrarlayır. Fərqli rəng və millətlərdən olan möminlər həqiqi qardaşlığın necə olduğunu həcc əsnasında bir daha göstərirlər. Bu baxımdan bir məşvərət, fikir alış verişi demək olan həcdə, müsəlmanlar bir- birlərinin dərdlərinə şərik çıxmağa çalışaraq, kədər və sevinclərini birlikdə paylaşırlar.

   Əziz qardaşlar, hər hansı bir xeyir iş görmək istəyərkən tələsmək lazımdır. Həccə getmək də təbi ki, xeyirli bir işdir. Bunun üçün Peyğəmbərimiz (səs) belə buyurur:

   “-Həccə getmək istəyən tələssin! Ola bilər ki, xəstələnər, (miniyi) itər və ya (getməyə mane olan) bir əngəl çıxar.”[4]

   Bunun üçün həccə getməyə gücü çatan kimsələrin işi gecikdirmədən bu fərzi yerinə yetirmələri lazımdır.

Həccə getməyə hər cür imkanı olduğu halda həccə getməyən kimsələr haqqında  baxın Hz. Peyğəmbər (səs) nə buyurur:

   “Hər kim azuqəsi və onu Allahın evi Kəbəyə aparacaq bir miniyi olduğu halda həcc ziyarətinə getməzsə Yəhudi və ya Xristian kimi ölmüş olur”[5]

   Uca Allah   cümlə müsəlmanlara həcc ibadətini yerinə yetirməyə nəsib etsin! Həccə getməyə gücü və qüvvəsi çatmayan qardaşlara güc və qüvvət versin!

 

     21  Zilqədə 1434 / 27 Sentyabr 2013



[1]Ali-İmran: 97.

[2]Buxari, Müslim, Tirmizi, Nəsai, et-Tac, c. 2, sh. 120.

[3] Heysəmi, III, 241; İbn Hənbəl, I, 28.

[4] İbn Hənbəl, I, 214

[5] Tirmizi, Həcc 3.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 117 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Özünüzü və ailənizi oddan qoruyun!

Read Next

Müsəlman icması Katolik kilsəsini aldı.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.