• 28 Mart 2024

Həcc ziyarətinin qiymətləri qalxdı

haccBu il Həcc ziyarəti üçün qiymətlərin əvvəlki ilə nisbətən baha olacağı təsdiqlənib. Belə ki, VİP xidmətlərlə Həcc ziyarəti 5750, adi xidmətlərlə isə 4700 dollar olacaq.

Bu barədə İlahiyyat Məscidinin imamı Ceyhun Rüstəmov deyib.

Onun sözlərinə görə, bu gündən etibarən Azərbaycanda bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbuluna və siyahıya alınmasına başlanılıb.

C.Rüstəmov qeyd edib ki, Həcc ziyarəti üçün pul Musiqili Komediya Teatrının arxasında yerləşən Beynəlxalq Banka köçürülməlidir. Onun sözlərinə görə, Həcc ziyarətinə getmək istəyənlər mütləq biometrik pasporta sahib olmalıdırlar: “Əvvəlki pasportla sənəd qəbul edilmir. Bundan başqa, şəxsiyyət vəsiqəsi, şəkil və tibbi arayış təqdim edilməlidir”.

C.Rüstəmov qeyd edib ki, Həcc ziyarətinə getmək istəyənlər pulun köçürüldüyünü təsdiq edən qəbzi və yuxarıda adı çəkilən sənədləri Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinə təqdim etməlidirlər. Bu il Həcc ziyarəti üçün təxminən 3 minə yaxın kvota müəyyənləşdirildiyini açıqlayan C.Rüstəmov deyib ki, kvota dolan kimi sənəd qəbulu dayandırılacaq: “Çox güman ki, kvota tez dolacaq. Çünki keçən ildən də müraciət edənlər var”, – deyən C.Rüstəmov bu məlumatların QMİ-dən aldıqlarını əlavə edib.

O ki qaldı Həcc ziyarəti üçün qiymətlərin niyə bu qədər bahalaşdığına, C.Rüstəmov deyib ki, bu suala cavabı QMİ-dən almaq olar: “Deyəsən, Səudiyyə Ərəbistanında da qiymətlər bahalaşıb. Yəni bu da var. Amma qiymətlərin niyə bu qədər baha olduğu barədə suala Qafqaz Müsəlmanları İdarəsi cavab verə bilər. Biz qiymət məsələsinə qarışa bilmərik”.

Qeyd edək ki, builki ziyarətlə bağlı münasibət öyrənmək üçün Azərbaycanda Həcc ziyarətini təşkil edən Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlamağa çalışdıq.Amma QMİ-nin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşovanın mobil telefonuna dəfələrlə zəng vurmağımıza baxmayaraq, cavab ala bilmədik.

Xatırladaq ki, 2012-ci ildə VİP xidmətlərlə Həcc ziyarəti 3850 manat, adi xidmətlər isə 3090 manat təşkil edib. Son iki ildə isə nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalmaq istəyən zəvvarlar 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar isə 4100 manat ödəməli olublar. Bu il isə məlum olduğu kimi, Həcc ziyarəti VİP xidmətlərlə 5750, adi xidmətlərlə isə 4700 dollar olub. Deməli, bu il adi xidmətlərlə Həcc ziyarətinə gedənlər təxminən 1500, VİP xidmətlərlə gedənlər isə 1700 manat əlavə pul ödəməli olacaqlar.

Mənbə:

Read Previous

Avropa təmizliyi bizdən öyrəndi

Read Next

Ailədə xoşbəxt olmağın yolu xoşbəxt etməkdən keçir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.