• 28 Mart 2024

HAQQ SAHİBLƏRİNİN HAQLARINI VERMƏK

Möhtərəm möminlər!

İnsan, kainatın ən üstün varlığı olaraq yaradılmışdır. İnsan bu üstünlüyünü qoruyub saxlaması  üçün, Allaha iman və ibadət etməsi şərtdir. Çünki, insan yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.

Elə isə, yaxşı bir insan ola bilmək, Allahın verdiyi vəzifələri yerinə yetirməklə mümkündür. Bu vəzifələrin ən əsası isə haqq sahiblərinin haqlarını verməkdir.   İnsan bu vəzifələrini yerinə yetirdiyi zaman ucalır və üstünlüyünü qoruyub saxlayır.

Uca Rəbbimiz Qurani Kərimdə belə buyurur:

“(Ya Peyğəmbər! bil ki); haqq sənin Rəbbindəndir, buna heç vaxt şübhə edənlərdən olma!”[1]

Allahdan gələn və insanların yerinə yetirməsi lazım olan əsas haqlar bunlardır: 1) Allahın haqqı. 2) Peyğəmbərin haqqı. 3) Ana-atanın haqqı. 4) Ailənin haqqı. 5) Qohum-əqrabanın haqqı. 6) Qonşuların haqqı. 7) Müsəlmanın haqqı.

Əziz möminlər! İndi isə qısa şəkildə bu haqların verilməsi haqqında sizlərə bəhs edəcəyəm.

1) Allahın haqqı: Yaxşı insan ola bilməyin yeganə şərti Allaha iman və ibadəttir. Allaha iman etmək, Allahın əmr və qadağanlarının hamısını qəbul etmək deməkdir. Allahın əmr və qadağanlarından birini vəya bir neçəsini qəbul etməyən kimsə iman etmiş sayılmaz. Uca Allahın bütün əmrlərini yerinə yetirmək isə, ibadəttir. İman və ibadət etməyən kimsə Allahın haqqını verməmiş deməkdir. Haqqını ödəməyən kimsə isə heç vaxt yaxşı insan ola bilməz və Allah ona heç bir qiymət verməz.

2) Peyğəmbərin haqqı: Şərəfli və üstün insan ola bilməyin digər şərti, Hz. Muhamməd (səs)-i Allahın son elçisi olaraq qəbul etməkdir. Allah Rəsulu (səs)-ə iman və itaət etmək, Allaha iman və itaət etmək deməkdir. Rəsulullaha tabe olub onu sevmək, Allahı sevmək deməkdir. Peyğəmbərimizə (səs) iman və itaət etməyən kimsə, onun haqqını ödəməmiş deməkdir.

 

3) Ana-atanın haqqı: Uca Rəbbimiz Qurani Kərimdə belə buyurur:

“Rəbbin yalnız Ona ibadət etməyi və  valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” de.”[2]

4) Ailənin  haqqı: Ər-arvadın bir-birləriylə yumşaq davranmaları, bir-birlərinə sevgi və hörmət göstərmələri, bir-birlərinin ehtiyaclarını təmin etmələri və bir-birlərinə dinlərini öyrətmələri qarşılıqlı haqlarıdır.

Peyğəmbərimiz (səs) övladın ana-ata üzərindəki haqlarını belə bildirmişdir: “Gözəl bir ad qoymaq,  gözəl tərbiyə etmək, oxuma və yazma öyrətmək, halal ruziylə bəsləmək, üzgüçülüyü  və atıcılığı öyrətmək, vaxtı gəlincə ədəbli (və həyalı bir möminə) xanımla evləndirmək.

5) Qohum-əqrabanın haqqı: Allah Təala, qohum-əqrabalarımızı ziyarət etməyimizi əmr etmiş, onlarla əlaqəni kəsməyin fitnə-fəsad çıxarmaq kimi günah iş olduğunu bizlərə xəbər vermişdir. Qohum-əqraba ilə əlaqəni kəsən kimsədə sevgi və şəfqət duyğusu ölmüş deməkdir. Qohum-əqrabanı sevməyən kimsə digər kimsələri heç  sevməz.

6) Qonşunun haqqı: Ailədən sonra insanın ən yaxın ətrafı onun qonşularıdır. Qonşularla gözəl davranmaq, onların canlarına və mallarına zərər verməmək, onlara yaxşılıq etmək hər kəsin qonşu üzərindəki haqqıdır.  Peyğəmbərimiz (səs) belə buyurmuşdur: “Qonşusu, pisliklərdən əmin olmayan kimsə cənnətə girə bilməz.”  

7) Müsəlmanın haqqı: Hədisi şərifdə müsəlmanların bir-birləri üzərindəki qarşılıqlı haqlardan bəziləri belə bildirlmişdir: Salam vermək və almaq, dəvətini          qəbul etmək, öyüd vermək, xəstələndiyində şəfa diləmək, aksırıb “əlhamdulilləh” dediyində “yərhəmukəllah= Allah sənə mərhəmət etsin” demək, cənazəsində iştirak etmək.

 Möhtərəm möminlər! Elə isə gəlin yuxarıda sizlərə ərz etməyə çalışdığım haqları sahiblərinə verək. Haqq sahiblərinə haqlarını verməyin  imanın bir təzahürü olduğunu bilək.  Qul haqqıyla Allahın hüzuruna çıxmayaq. Bir-birimizin haqlarına hörmət göstərək.

Haqq sahiblerinin haqqini vermek

9 Dekabr 2011/ 13 Məhərrəm 1433


[1] Bəqərə: 147.

[2] İsra: 23,24. 

Read Previous

AŞURA VƏ KƏRBALA FACİƏSİ

Read Next

CƏNAZƏNİN DƏFNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.