• 19 Oktyabr 2019

Haram ay nə deməkdir?

Hicri-qəməri təqvimdə olan aylardan 4-ü haram aylar adlandırılıb. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir…” (ət-Tövbə, 36).

Bu ayların haram adlandırılmasına gəlincə, təbii ki, bunun hikmətini yalnız Uca Allah bilir. Ancaq burada aşağıdakıları qeyd edə bilərik:

Uca Allah 12 ay arasından bu ayları seçmiş və onları digərlərindən üstün qılmışdır. “Haram”  – toxunulmaz, qorunmuş və qadağan olunmuş kimi mənalara gəlir. Yəni, digər aylarda halal olan bəzi işlərin görülməsi,  bu aylarda yol verilməzdir, qadağandır və haramdır. Bu ayların digərlərindən daha hörmətlidir, toxunulmazdır, qorunandır. Yaradan yaratdıqlarından bu aylara xüsusi hörmət göstərilməsini və ehtiram bəsləmələrini istəyib, insanlara bu ayların hörmətini qorumalarını əmr edib.

Rəvayət olunduğuna görə, haram aylardan olan Məhərəm ayında Nuh əleyhissəlamın dövründə böyük tufandan sonra Nuhun gəmisi bu ayın 10-cu (Aşura günü) Cudiy dağına enmişdir. Həmçinin, Allah Musa peyğəmbəri və İsrail oğullarını Fironunun zülmündən Məhərrəm ayının 10-cu günü xilas etmişdir.

Haram ayda, haram bölgədə və  həcc üçün gəldikdə əməl üç yöndən hörmət və əzəmət qazanmış olur.“Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), (Kə’bəyə gətirilən) qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytül-hərama (Kəbəyə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin!…” (əl-Maidə,  2).

Bu dörd ay hələ İslamdan qabaqkı dövrlərdə də haram aylar kimi məlum idi və bu aylarda bəzi şeylər, xüsusilə müharibə etmək qadağan idi. İbrahim və İsmayıl peyğəmbərlərin dövründən bu 4 ay haram aylar kimi qəbul olunmuşdur. Məhəmməd peyğəmbərin (s) dövründə də hələ peyğəmbərlik verilməmişdən əvvəl cahiliyyə dövrü ərəbləri də bu aylara hörmət edər, bu aylarda müharibə aparmaz, qan tökməzdilər. Quranda “əl-Bəqərə” surəsinin 217-ci ayəsində buyurulur: “(Ya Rəsulum!) Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır”.

Bunun hikmətini yalnızca Allah bilir. Alimlər isə “haram” sözündən çıxış edərək, yuxarıda qeyd etdiyimiz bəzi izahları gətirmişlər.  Sonda qeyd edək ki, haram sayılan  aylara hörmət əlaməti olaraq bu ayların bəzi günlərində oruc tutmağın (Zülhiccənin ilk 9 günündə, Məhərrəmin 10-cu günündə (Aşura)),  saleh əməllərin sayının  artırılmasının, qurban kəsilməsinin  (Zülhiccənin 10, 11, 12-ci günlərində) şəriətdə öz yeri vardır. Ümumiyyətlə,  bu aylara hörmət-ehtiram olaraq saleh əməlləri çoxaldıb, günahlardan uzaq durmaq (ələlxüsus bu ayların bəzi günlərində) gərəkdir.

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 1. 461 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Əhli-beytə kimlər daxildir və Peyğəmbər (s) onların sədəqə almasını nə üçün qadağan edib?

Read Next

Dində sol əl ilə yemək günahdırmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.