• 29 Mart 2024

Haram və onun hökmü

     mescidMöhtərəm möminlər!

   Əmr vermək  və qadağan etmək kimi səlahiyyətləri yalnız Uca Allaha aiddir. Çünki, yaradan Odur. Yaşadan Odur. Ruzi verən Odur. Öldürüb daha sonra yenidən dirildən Odur. Halalı və haramı da bildirən  yenə Odur.

   O halda, dünya və axirətdə xoşbəxt olmaq istəyən hər bir müsəlman; Uca Allahımız tərəfindən, edilməsi, işlədilməsi, yeyilməsi, içilməsi qadağan edilən şeylərə yaxınlaşmamaq nəcburiyyətindədir.

   Uca Allah təmiz və faydalı olan şeyləri halal; çirkin və zərərli olan şeyləri də haram qılmışdır. Bunun üçün Onun halal dediyi hər şey təmiz və faydalı, haram dediyi şeylər də  çirkin və zərərlidir.

    Əziz müsəlmanlar!  Uca Allahın haram qıldığı xususların hamısını bir xütbədə sizlərə ərz etmək mümkün deyildir. Bu baxımdan haramların təməl xususiyyətlərindən dört maddəni qısaca olaraq sizlərə çatdırmağa çalışacağam.

   1-Haram qılmaq səlahiyyəti yalnız Allaha nəxsusdur.  Vəzifə və rütbəsi dini və məqamı nə olursa olsun heç bir kimsənin hər hansı bir şeyi haram və ya halal etmə haqqı və səlahiyyəti yoxdur. Peyğəmbərlərin belə haram qılma hüququ yoxdur. Onlar yalnız Allahın hökümlərini təbliğ edirlər.

   2-Allahın haram qıldığı bir şeyə halal, halal qıldığı bir şeyə də haram demək küfürdür. Allaha şərik qoşmaqdır. Məsələn; Bir kimsənin  “Mən içki içirəm ancaq sərxoş olmuram. Özümü itirmirəm. Heç kimə zərər vermirəm. Bunun üçün də  içki içmək mənə və mənim kimilərinə haram deyildir” deməsi Allahın haram qıldığı bir şeyi halal saymaqdır ki, bu da küfürdür.

   Uca Allah şərəfli kitabımız Qurani Kərimdə bu həqiqətdən belə bəhs edir:

   “Yoxsa müşriklərin Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şəriklərimi vardır.?”[1]

   “De ki: Allahın sizə ruzi olraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De ki: (Bunu  deməyə) Allah özü sizə izin verdi, yoxsa Allaha iftira atırsınız.?”[2]  

   3-Harama aparan hər yol və vasitə də haramdır.  Uca dinimiz İslam, çirkin və zərərli olan bir şeyi haram qılarkən, o harama aparan yolları və vasitələri də haram qılmışdır. Belə ki: zina etmək haram olduğu kimi, zinaya yaxınlaşdıran hər cür davranış və hərəkətlərdə haramdır.

Qadın kişi bərabər bir yerdə oynamaq,  açıq saçıqlıq, insanın şəhəvi hislərini oyandıran rəsim və musiqi də haramdır.

    Qadının kişiyə, kişinin də qadına bənzəməyə çalışması haramdır. Bu barədə İbni Abbas (r.a) belə demişdir:

   “Allah Rəsulu (s) qadınlara bənzəməyə çalışan kişilərlə, kişilərə bənzəməyə çalışan qadınlara lənət etmiş və: “Onları evlərinizdən çıxarın” buyurmuşdur.”[3]           

   İçki  içmək haram olduğu kimi içki  emal  etmək, almaq, aldırmaq, satmaq, satdırmaq, onun ticarətini edib pulunu yemək də haramdır. Hz. Ənəs (r.a) belə deyir:

   “Allah Rəsulu (səs) içki xususunda on cür adama lənət etmişdir. (Bunlar), içki emal  etmək  üçün üzüm sıxan,  sıxtıran,  içən, daşıyan özü üçün daşınan, satan, pulunu yeyən, satın alan, özü üçün satın alınan (kimsələrdir) [4]  

 4-Haram xususunda hiylə etməkdə haramdır.     

Haram olan bir şeyin adını dəyişdirərək vəya bəzi səbəblər irəli sürərək o haramı işləmək də haramdır. Şəhəvi hisləri oyandıran rəsim və musiqilərə “incəsənət” adı vermək, faizə     “Sərmayə karı” deyərək yemək, onların   haramlığını   dəyişdirməz.   

    Necə ki, Peyğəmbərimiz (səs) bu barədə belə buyurur:

    “Ümmətimdən bir qrup başqa bir ad qoyaraq içkini halal sayacaqdır.”[5]

   “Elə bir zaman gələcəkdir ki, insanlar faizi ticarət adı altında halal sayacaqdır.”[6]

     Şərəfli möminlər!

  Qətiyyətlə bilinməlidir ki, Uca Allah insanlar üçün faydalı olan və həqiqətən ehtiyac duyulan heç nəyi haram qılmamışdır. Haram da müəyyən, halal da müəyyən. Haramlara möhtac olmayacaq qədər halal vardır. Halallarla yetinməyib haramlara əl uzatmaq həddi aşmaqdır. Haram olan bir şeyin haramlığını qəbul etməmək küfür, o haramı  işləmək də böyük günahdır. Xütbəmə yenə Peyğəmbərimizin (s) bir hədisi şərifiylə son verirəm:

   “Diqqət edin, hər hökümdarın (girilməsi qadağan olan) bir qoruğu vardır. Xəbəriniz olsun ki, Allahın qoruğu da (Onun) Haram qıldığı şeylərdir.”[7] 

http://minber.az/sohbetler/Haram_ve_onun_hokmu.mp3

      16 Avqust 2013/ 8 Şəvval 1434

 

 

 

 

 



[1] Şura: 21.

[2] Yunus: 59.

[3] Buxari, Riyazussalihin Tərc, c. ııı, Nö. 1662

[4]Əbu Davud, Tirmizi, Tac, c. ıı, s. 199.

[5] Buxari, Kitab-ül Əşribə, s. 6.

[6] İbn-ül Qayyum, İğasət-ül Lahfan, c. I, s. 352.

[7] Buxari, Müslim, Əbu Davud, Tirmizi, Tac, c. ıı, s. 193.

Read Previous

Ramazan Bayramı

Read Next

Namazda əllərin yeri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.