• 19 Mart 2024

İbn Teymiyyə Kimdir?

“ Düşmənlərim mənə heç nə edə bilməzlər. Mənim cənnətim qəlbimdə, bağçam isə sinəmdədir. Hara göndərilsəm onlar mənimlə bərabərdir. Həbs edilməyim Allah üçün inzivaya çəkilməyimdir, öldürülməyim  şəhadətimdir və məmləkətimdən sürgün edilməyim isə hicrətdir”

 

Adı, soyadı və şəxsiyyət kimi formalaşması.

Tam adı Əhməd Təqiyyəddin Əbu əl-Abbas ibn Əbdülhalim ibn Teymiyyədir.
Hicri 661-ci il rəbiül əvvəl ayının onunda Harranda dünyaya gəlmişdir. Mənsub olduğu ailənin bir çox nümayəndələri öz fitvaları, verdiyi dərsləri və kitabları ilə məşhur idi. Onlar hənbəli məzhəbinə mənsub olub bölgədə tanınmışdılar. Bu ailə zəka, hafizə və ağıl mühakimə sahəsində bənzərsiz bir məziyyətə sahib idi.
İbn Teymiyyədə isə bu xüsusiyyətlər daha qabarıq şəkildə özünü göstərirdi. Dövrünün alimləri və müəllimləri onun fenomen yaddaşına və dərin hafizəsinə heyran qalmışdılar. O bu xüsusiyyətləri ilə Dəməşq və ətraf şəhərlərdə şöhrət qazanmışdı. Hələb şəhərindən bir alim İbn Teymiyyənin bu xüsusiyyətlərini eşidərək onu görmək üçün Dəməşqə gəldi. Həmin alim o vaxt hələ kiçik yaşda olan İbn Teymiyyəyə on üç hədis oxuyaraq yazdırdı. Hələbdən olan bu  alim İbn Teymiyyədən yazdığı bu hədisləri təkrar oxumasına imkan vermədən, əzbər söyləməsini istəyir. O da yazdığına baxmayaraq hədsiləri daha  bəlağətli şəkildə qarşısındakı alimə söyləyir. Bunu görən alim: “Əgər bu uşaq yaşayarsa o çox şöhrətli olacaq. Belə zəkalı bir insan görülməmişdir” deyir.
Əhməd ibn Teymiyyə yeddi yaşına qədər Harranda yaşadı. Monqolların Harranı işğal etməsindən sonra ailəsiylə birlikdə Dəməşqə hicrət edir. Yolda bir çox çətinlik və təhlükəylə qarşılaşırlar. Bu hadisələr onun monqollara hədsiz nifrət etməsinə səbəb olmuşdur. Böyüdükdən sonra monqollara qarşı mübarizədə mücahidlərin başında duran şəxslərdən biridə İbn Teymiyyə idi.
Dəməşqə hicrətlərindən sonra hələ orada tam məskunlaşmamış atası, elmdə şöhrət qazanmış bir alim kimi oradakı digər böyük alimlər tərəfindən Əməvi məscidinə müəllim təyin edildi.
Belə bir elmi mühitdə yetişən İbn Teymiyyə Əhməd ibn Hənbəlin “Müsnəd”, Buxarinin “ əl-Cami əs-Səhih”, Müslimin “əs-Səhih”, Trimizinin “Sünən”, Əbu Davudun, Nəsainin , İbn Macənin və Darəkutninin eyni adlı əsərlərini müəllimləri yanında oxudu. Bunlardan bəzilərini dəfələrlə ustadlarına oxuyaraq dinlətdi. Hafiz Zəmləkani (vəfatı h.727) onun hədis elmindəki yerini belə qeyd edir: “Beş yüz ildən bəri hafizəsi ondan qüvvətli olan görünməmişdir.”  Hafiz əl-Mizzi də onun haqqında : “ Quran və Sünnəti İbn Teymiyyədən daha yaxşı bilən və ondan daha gözəl şəkildə bu yolu gedən birini görmədim” demişdir.
İbn Teymiyyə öz dövründə bilinən bütün elmləri oxumuş, yuxarıda sayılan elmlərdən başqa fiqh üsulu, tasavvuf, süluk, xətt, hesab və bənzəri elmlələ də ciddi şəkildə maraqlanmışdır.

Elmə xidməti və elmdəki yeri
O dövrdə alimlər Əndəlüs və Bağdaddan hicrət edərək Dəməşqə gəlməkdə idilər və bu səbəbdən Dəməşq elm mərkəzinə çevrilmişdi.
Dəməşqdə hədis tədrisi ilə məşğul olan Nəvəvi, İbn Daqiq, əl-Eydi Zəmləkaninin rəhbərlik etdikləri mədrəsələrdən savayı bir çox mədrəsələr də mövcud idi.
O dövrdə Şamda Əbu əl-Həsən əl-Əşərinin fikirləri yayılmağa başladı. Əşərilərə hənbəlilərdən başqa heç kim etiraz etmirdi.
İbn Teymiyyə əşərilərin mədrəsələrindən məzun olanlardan biri idi. Ancaq eyni zamanda  səhabələrin fikirlərinə, xüsusən də Ömər ibn əl-Xattab, Əli ibn Əbu Talib, İbn Abbas kimi səhabələrin fikirlərinə diqqət yetirməkdə idi. İbn Teymiyyə Səid ibn Müsəyyəb və Qasım ibn Məhəmməd kimi tabiindən önə çıxmış şəxslərin fitvalarını da araşdırardı. Əllamə əz-Zəmləkani onun haqqında belə deyir: “Ona hər hansı bir elmə aid sual verildikdə onu dinləyən insan cavabları eşdərkən bu elmdən başqa bir elm bilmədiyinə və bu elmdə onun bənzərinin olmadığı qənaətinə gələrdi.”

Monqollara qarşı cihadı

 

Monqollar hicri 702-ci ildə Şam hasarlarını mühasirəyə alınca insanlar qorxdu. İbn Teymiyyə onları sakitləşdirib and içərək “ Siz onlara qalib gələcəksiniz” dedi. Bəzi dövlət adamları ona: “ İnşallah de” deyə ona cavab verdilər. O da : “ Mən təhqiq edərək söyləyirəm” dedi və xalqa dönərək: “Əgər məni qarşınızda görsəniz, başımın üstündə Quran belə olsa məni öldürün” söylədi.
Sonra ilk səfdə yer alaraq cihadı elan etdi. Ramazan ayı idi. Mücahidlərə oruclarını poza biləcəklərinə dair fitva verdi. Sonra da onlara cürət vermək üçün özü onların arasında gəzişərək yemək yedi. Monqollar məğlub edilənə qədər vəziyyət belə davam etdi. O bununla mücahid alimin necə olmasını göstərdi. Belə ki peyğəmbəri və səhabəni örnək alan bir mömin elm adamı bütün imkanları ilə bu cür hadisələrdə öz mövqeyini bildirməlidir. İnsanların içindən sıyrılıb çıxaraq hadisələrə yuxarıdan baxaraq evində oturmamalıdır. Ətrafında baş verən hadisələrlə yaxımdan əlaqədə olmalı, zamanın nəbzini tutmalıdır. Malını, övladını, evini hətda lazım gələrsə canını ortaya qoyaraq mübarizədən kənarda qalmaz. Həqiqi İslam alimi qılınc və qələmi özündə birləşdirmiş bir şəxsiyyətdir. İmam İbn Teymiyyə məhz belə bir elm adamı idi.

Sosial həqiqətlərə münasibəti

İbn Teymiyyə yaşadığı dövrdəki cəmiyyətin həqiqətlərini yaxşı təsbit etmiş, cəmiyyətin qüsurlarını anlamış, canını və elmini insanlar içindən xeyirli bir ümmətin formalaşması üçün sərf etmişdi. Şəhərlərdəki valilərə və Sultanlara nəsihət etmiş, etdiyi pis əməllərə görə onları qınamışdı. Bu onun bir neçə dəfə həbs edilməsinə səbəb olmuşdur. Məhbəsdə olduğu müddət ərzində ümidini üzməmiş, Allaha bel bağlamışdır. Xatirələrində yazırdı: “ Düşmənlərim mənə heç nə edə bilməzlər. Mənim cənnətim qəlbimdə, bağçam isə sinəmdədir. Hara göndərilsəm onlar mənimlə bərabərdir. Həbs edilməyim Allah üçün inzivaya çəkilməyimdir, öldürülməyim  şəhadətimdir və məmləkətimdən sürgün edilməyim isə hicrətdir”

Dörd məzhəbin fiqhini öyrənməsi

İlk dərslərini böyük hədis alimlərindən olan atasından almışdır. 21 yaşında atasını itirdikdən sonra bir çox böyük alimdən də dərs aldı. Tələbəsi İbn Abdilhadi onun iki yüzdən artıq müəllimdən dərs aldığını bildirir. Gündəlik elmi mübahisələri, elmi toplantıları və elm üçün təşkil edilən hər hansı bir işi tərk etməz, hamısında iştirak edərdi. Uzaq şəhərlərə gedərək dövrünün məşhur alimlərindən dərs alardı. Hətta eyni fikir və düçüncədə olmayanlardan belə dərs alardı. Yorulmadan, usanmadan elmi fəaliyyətini davam etdirirdi. Sələfi-salihinin kitablarını oxuyur, lazım gəldiyində bir ayənin açıqlaması üçün bir çox təfsirə baş vururdu. Özü haqqında belə deyir: “Bəzən bir ayənin açıqlaması üçün yüz təfsirə baxardım. Sonra başa anlamaq qabiliyyəti verməsi üçün Allaha belə dua edərdim: “Ey İbrahimə öyrədən Rəbbim, mənə də öyrət. Ey İbrahimə öyrədən Rəbbim, məni dinimdə elm sahibi et. Məscidlərə gedər səcdəyə qapanaraq Allahdan mənə doğrunu ilham etməsini diləyərdim.”
“Məcmuat əl-fətava” əsərində qeyd etdiyinə görə sələfin təfsiri 30 cilddən çox idi. Bunlardan bəziləri yazılmış, bəziləri isə yazılmamışdı.
Hənbəli fiqhində İbn Qudamənin(h.630) “əl-Muğni” adlı kitabını, hənəfi fiqhində Təhavi, Husayri, Səraxsinin kitablarını, Şafii fiqhində “əl-Umm”, “əl-Muhəzzəb”, “əl-Məcmu”, “Müxtəsər əl-Müzəni” adlı kitabları və İmam Qəzalinin yazdığı “əl-Vəcizi”, Maliki fiqhində isə İbn Rüşd əl-Kəbir və əl-Hafidini oxumuşdur. Eyni zamanda Zahiriyyə məzhəbinin məşhur alimi İbn Hazmın “əl-Muhalla” və əl-Əhkam fi usul əl-əhkam adlı kitablarınıoxumuş və bunlardan təsirlənmişdi.

Əqli elmlərə də əhəmiyyət verməsi

İbn Teymiyyə nəqlə əsaslanan elmlər (Vəhy qaynaqlı) olduğu kimi əqli əsasa dayanan fəlsəfə, məntiq və kəlam elmlərini də öyrənmişdi. Fəlsəfə və kəlam ilə bağlı əsərlər yazmasına baxmayaraq bu elmlərlə məşğul olaraq bunlardan təsirlənən digər alimlər kimi fəlsəfədən təsirlənməmişdi. Onun bu elmləri öyrənməkdə məqsədi İslam davasını yaymaq, dinin əmr və qadağalarına riayət etməyənləri xəbərdar etməkdi. Buna görə də onun yazdığı əsərlərin çoxu bidət əhlinə və dindən uzaqlaşanlara rəddiyyə şəklindədir. Dəhriyyə, Qədəriyyə, Cəhmiyyə, Mötəzilə, Vəhdəti-vücudçuluq və müxtəlif fəlsəfi cərəyanların təsirinə düşənlərə rəddiyyə yazmışdır.
“Məsihin dinini dəyişdirənlərə doğru cavab” adlı əsərindən çıxarılan nəticəyə görə xrisitianların əsərlərini də oxumuşdur. Çox dəyərli alim olan Məhəmməd Əbu Zəhra onun haqqında belə deyir: “ İbn Teymiyyə bütün İslami elmlərə dair yazılan kitabların əksəriyyətini, dövründə bilinən fəlsəfə kitablarını və ona qədər gəlib çatmış keçmiş dinlərin kitablarını oxumuşdur”

Tələbələri

Dövründə onun tələbəsi qədər heç bir müəllimin tələbəsi yox idi. Xüsusən Şam, Misir, İskəndəriyyə və Qahirə arasında ömrünü keçirib özünü tamamilə elmə həsr edərək xütbələr verməsi və elmi mübahisələrdə iştirak etməsi zaman keçdikcə onun tələbələrinin sayının artmasına səbəb olurdu. Həftənin bir neçə günündə Şamdakı böyük Əməvi məscidi başda olmaqla bir neçə məsciddə xalqa açıq elmi mübahisələrlə keçən xüsusi dərsləri olurdu. Bu dərslərdə çox sayda insan iştirak edirdi. Bu dərsləri qırx altı il boyunca yorulmadan davam etdirmişdir.

Oxutduğu tələbələrin ən tanınmışları bunlardır:

 

İmam İbn Qayyim əl-Cövziyyə : onunla hər zaman bərabər olan, ondan elm öyrənib onu müdafiə edən, “Zad əl-Məad” və “İlam əl-Muvakkiin” kimi kitablarında müəlliminin elmini rəvayət edən böyük bir alimdir. Fəqət o müəllimindən daha sakit təbiətli, ibadət və zahidliyə yönəlmiş biri idi.

İbn Kəsir: “Ət-təfsir əl-Azim” adlı məşhur Quran təfsirinin və “əl-Bidayə və ən-Nihayə” adlı tarix əsərinin müəllifidir.

 

İbn Teymiyyənin əsərləri

Təfsir mövzusundakı əsərləri toplanarsa 30 cildə yaxın olar. Təfsirdəki metodu haqqında bir kitabı var.
Əqaid mövzusunda bir çox əsər yazmışdır. Bunlardan bəziləri bunlardır:
“Kitabul-İman”
“Kitabul-İstiqamət”
“İqtida əs-Sırat əl-Müstəqim”
“Furqan
Risalələri: “Həməviyyə”, “Tədmiriyyə”, “əl-Vasıtiyyə”, “əl-Bağdadiyyə”, “əl-Keylaniyyə”, “əl-Əzhəriyyə”, “Qəza və qədər” və s.

Fiqhlə bağlı əsas əsərləri:

 

Qiyas risaləsi
Nikah əl-Muhallil
Kitab əl-Uqud
Əl-Hasbə risaləsi
Bunlardan başqa bir çox fərqli ictihad və fitvaları vardır. Onun bəzi fitvaları “əl-Fətava əl-Kubra” adlı əsərlərdə toplanmışdır.

 

Vəfatı

Imam İbn Teymiyyə hicri 728-ci ilə uyğun gələn Miladi 1328-ci ildə Şamda Qala həbsxanasında vəfat etdi. Şam xalqı və alimlərin camaat halında daha öncədən heç görülməmiş bir şəkildə onun cənazə namazını qılmışdır. Uzaq və yaxın İslam bölgələrində Yəməndən Çinə qədər bir çox yerdə onun qiyabən cənazə namazı qılınmışdır.

Read Previous

Mustafa İslamoğlu Kimdir?

Read Next

Yusif əl-Qərdavi Kimdir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.