İslamda cinsi əxlaq – Qadın və cinsəllik (üçüncü hissə)

guel12314 Bəzək və ətir
Moda ilə yaxın əlaqəsi olan bəzək və ətir vurma qadının diqqətli davranması gərəkən məsələlərdəndir. İslam qadının bəzək əşyalarından istifadə etməsini və ətir vurmasını yasaqlamamışdır. Ancaq, bunların istifadəsində bəzi ölçülər gətirmişdir.

Məsələn, müsəlman bir qadın qızıl, gümüş kimi bəzək əşyalarını taxa bilər, ancaq bu bəzək əşyalarını başqalarına özünü göstərmək üçün və ya kişilərin diqqətlərini cəlb edib onların cinsi duyğularını təhrik etmək üçün taxması haramdır. Eyni zamanda ətirdən də istifadə edə bilər. Ancaq bu ətiri sadəcə və sadəcə əri üçün vura bilər. Qadının başqa kişilərə cəlbedici gəlmək üçün ətirlənməsi qəti şəkildə haramdır. Mişkatul-məsabihdən prof. Bəkir Topaloğlu bu hədisi nəql etməkdədir: “Hər göz zina edər. Qadının ətirlənib kişilərin yanından keçməsi də belədir (yəni bir növ zina etmək deməkdir).” Göründüyü kimi bəzək və ətirlərdən ancaq məşru sərhədlər daxilində istifadə etmək caizdir. Rəsulullahdan digər bir hədisdə buyurulmaqdadır: “Bəzək və zinətlərini yad kişilərə göstərən qadınlar qiyamət gününün qaranlığında qalacaq, aydınlığa qovuşmayacaqlar.” (Tirmizi)

Günümüzdə bu iki məsələ fərqli müstəvilərdə istifadə edilməkdəir. Qadınlar bəzək əşyalarından istifadə etdikləri zaman hədsiz israfa yol verməkdə, çox zaman da bu işi kişilərin nəzərlərini öz üzərlərinə cəlb etmək üçün etməkdədirlər. Ətir vurarkən də təsirinin cəzbedici və çox olmasına diqqət edərlər ki, bununla da istənilən qarşı cinsin istəklərini cəlb etməkdir. Xüsusilə də parfüm reklamlarında cinsəlliyi əsəs alan reklam çarxları hazırlanmaqda və qadınlar bu şəkildə yönləndirilməkdədirlər.
Əvvəlki yazılarda modanın insanı istehlak əsiri halına gətirdiyini, böyük israflara yol açdığını bildirmişdik. Bəzək və ətirlənmədə də çox ciddi israfa yol verildiyini bilməyimiz lazımdır. Moda tələsinə düşərək hər gün makyaj etmək, bəzənmək, bahalı ətirlərlə ətirlənmək külli miqdarda pulları udmaqdadır. Nəzərə alsaq ki, bu günki toplumlarda qadınların istifadə etdikləri kosmetik vasitələrin əksəri Qərb şirkətlərinə patentlidir onda pullarımızın kimlərə axdığı məsələsi də digər bir ciddi söhbətin mövzusudur. Bundan əlavə, günümüzdə bəzək və ətirlərdən istifadə tək qadınlarla məhdudlaşmayaraq artıq kişiləri də öz əhatə dairəsinə almaqdadır. İslam kişilərin alkaqolsuz ətirlərdən istifadəsini caiz görmüşdür. Buna baxmayaraq günümüzdə kişilər fantastik qiymətlərə aldıqları alkaqollu ətirlər vurmaqda, taxılması kişilərə haram olan çox baha qiymətli qızıl və bu kimi məmulatlardan bəzək əşyaları taxmaqda və beləliklə qadınlara bənzəməkdədirlər. Artıq qadınların istifadə etdiyi sırğalar kişilərin də istifadə etdiyi bəzək əşyaları növlərindən birinə çevrilmişdir.
Bütün bunlar insanın öz varlıq həqiqətini anlamaqda çətinlik çəkməsindən qaynaqlanmaqdadır. İnsan bütün məxluqatın ən şərəflisidir. Ondan belə düşük işlər törəməsi gözlənməməlidir. Onun etdiyi hər bir iş həqiqətinə uyğun olmalıdır. Bəli, bugünki modern insan xoşbəxt ola bilməməkdə, daim onu aramaqdadır. Bu narahat həyatının və axtarışının əsas səbəbi öz həqiqətini tanıya bilməməsidir. Günümüzdəki insan tənhalaşmış, özünü ifadə edə bilmək üçün çılğın, mənasız işlərin ardınca düşmüşdür. Moda, cinsəllik, üsyan və s. kimi əcayib işlərlə məşğul olaraq bir ömrü tükətməkdədir.