• 20 Avqust 2019

İsra surəsi 64 – cü ayə və musiqi

Xaiş edirəm İsra sursəinin 64-cü ayəsini şərh edəsiniz. Məgər bu ayə musiqinin haram olub olmadığına sübut ola bilərmi?

Allaha həmd olsun.Sizin zikr etdiyiniz ayənin məalı belədir:
“Onlardan kimi bacarırsansa, SƏSİNLƏ YERİNDƏN OYNAT, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!” (İsra 64)
Həqiqətən bu ayə musiqini haram sayanların Qurani-Kərimdən gətirdikləri üç ayədən üçüncüsüdür.
Bildiyimiz kimi bu barədə İslam alimləri ixtilaf etmişlər. Bir çox İslam alimləri bu ayələrə və bu barədə bir çox hədislərə dayanaraq musiqini haram saymışlar. Bir çox alimlər də bu və ya digər ayələrdə keçənlərin musiqiyə bir başa dəlalət etmədiyini və bir sıra dəlilləri də əsas alaraq harama təhrik etməyən musiqinin ifasını və dinlənməsini caiz görmüşlər. Biz bu ixtilafın dərinliyinə getmədən sizin xatırlatdığınız ayə barəsində müfəssirlərin dedikləri bəzi fikirləri zikr edəcəyik. Ayədə keçən “vastəfziz” kəliməsi yerindən oynat mənasına gəlir. “Yerindən oynat” nə ilə? …. “bi savtik” – yəni səsinlə. Burada “səsinlə”-dən məqsəd şeytana xidmət edən və insanı yolundan çıxarıb onun imanını yerindən oynadan hər şeyə aiddir. İbn Abbas “səsinlə” dən məqsədin insanı Allaha üsyan etməyə sövq edən hər şey olduğunu bildirməkdədir. (Qurtubi, “Təfsir”) Eyni zamanda Qatadə və İbn Cərir də bu görüşdədirlər. Böyük İslam müfəssirlərindən Fəxrəddin Razi də bunu şeytanın Allaha qarşı günaha və üsyana dəvət etməsi,  vəsvəsəsi olduğunu bildirmişdir.
Eyni zamanda müfəssirlərdən bəzisi  bunun musiqi səsi olduğunu da bildirmişlər. Mücahid bu ayəyə “səsinlə – yəni əyləncə və nəğmə ilə onları yerlərindən oynat” deyə məna vermişdir. Eyni zamanda  Dəhhaka görə də bu musiqi alətinin  səsidir.
Əlbəttə bu ayənin zahiri mənası bütünlükdə (hər növ) musiqinin haram olması qənaətini vermir. Bu ayədən çıxış edərək musiqiyə haram deyənlər, bu ayəni təfsir edərək,  yoruma tabe tutaraq bu  qənaətə gəlmişlər. Yəni bütün musiqilərin haramlığı bu və ya digər ayələrdə açıq məna olmayıb, onların (səhabədən bəziləri və ya sonra gələnlər) bir ictihadı, bir rəyidir. Göründüyü kimi belə ayələri fərqli anlayan səhabə və digər elm əhli da olmuşdur. Fəqət burada bir məsələni qeyd edək ki, İslam alimləri bütün əsrlərdə insanları harama götürən, insanları günaha sürükləyən hər şeyin, o cümlədən də buna xidmət edərsə musiqinin də haramlığında ittifaq etmişlər. Yəni musiqinin sözü və ya səsləndirmə tərzi və ya oxuyanın halı, və ya oxunduğu yer haram dairəsinə girərsə, günah və üsyana yol açılarsa o musiqi haramdır. Belə bir musiqi heç şübhəsiz ki, İsra 64 – də keçən “ÖZ SƏSİNLƏ” – yə daxildir. Bu gün şeytan belə musiqilərlə həqiqətən insanları yolundan azdırdığının şahidi olmaqdayıq. Bu səbəbdən nəyi dinlədiyimizə çox diqqət etməliyik.

 

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 196 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Xurafatlar 3-cü hissə

Read Next

Namazın ilk rükətlərində Fatihənin əvvəlindəki “Bismilləhir-rahmənir-rahim”i səssiz və səsli oxumaq haqda

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.