• 19 Mart 2024

İxlas nədir?

1329135286_images-1[1]    Möhtərəm möminlər, bu günkü xütbəmizin mövzusu ixlas haqqında olacaqdır. Elə isə gəlin görək ixlas nə deməkdir. İxlasın əlamətləri nələrdir. İxlaslı müsəlman necə omalıdır. İxlas, hər iş və əməldə Allahın rizasını əsas alaraq hər cür göstərişdən uzaq durmaq deməkdir. İxlas, ibadətlərin cövhəri, əməllərin ruhu, qəlblərin təmizliyidir. Ancaq ixlaslı kimsələr həqiqi səadət və xoşbətliyə nail ola bilərlər. Onların əməllərinin əsas məqsədi dünyəvi bəzi mənfəətlər əldə etmək deyil, yalnız və yalnız Allahın rizasına nail olmaqdır.

Allahın adı çəkildiyi vaxt onların qəlbləri titrəyər, başları yalnız Allahın hüzurunda əyilər. Namazlarını göstəriş üçün deyil sırf Allah rizası üçün qılarlar. Onlar zəkat, sədəqə və başqa yardımlarını, başqalarının “filankəs çox xeyirxah insandır, insanlara yardım edir” demələri üçün deyil, onları yaradan Allahın rizası üçün edirlər. İxlaslı kimsələrin zəngin, məqam və mövqe sahibi olmaları onları Allahdan uzaqlaşdırmır əksinə Allaha  yaxınlaşdırır. Çünki onlar “yerlərdə və göylərdə olan bütün mülk Allahındır” həqiqətini yaxşı qavrayırlar.

Əziz möminlər, etdiyimiz əməllərdə ixlas yoxdursa, hər işdə Allahın rizasını əsas almırıqsa, gecə səhərə qədər namaz qılsaq, bütün il boyu oruc tutsaq belə əməllərimizin Allah qatında heç bir dəyər və qiyməti yoxdur. İxlas yalnız qəlbdə olar. Hədisi-Şərifdə belə buyurulur:

    “Xəbəriniz olsun ki, cəsədin içində bir ət parçası vardır. Əgər o yaxşı olarsa bədənin digər orqanları da yaxşı olar. Əgər o pis olarsa bədənin digər orqanları da pis olar. Məhz o ət parçası qəlbdir”[1]

Başqa bir Hədisi-Şərifdə isə belə buyurulur:

      “Allah sizin cəsədlərinizə və surətinizə baxmaz.  Ancaq qəlblərinizə baxar.”[2]

Uca Allah Qurani-Kərimin bir çox ayəsində ixlasdan bəhs edərək yalnız ixlasla ibadət edilməsini əmr etməkdədir. Bu ayələrdən bəziləri belədir:

    “(Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək ibadət edin!”[3]

“De ki: “Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!”[4]

      Əziz müsəlmanlar, yuxarıdakı ayələrdən də başa düşülüdüyü kimi ibadət və əməllərdə ixlaslı olmaq Allahın bizə qəti əmridir. İxlassız ibadət meyvəsiz ağaca bənzəyir. Allahın lənətinə uğrayan İblis ancaq ixlaslı kimsələri haqq yoldan azdıra bilməz. İblisin Allah-Təalaya: “yalnız sənin sadiq (ixlaslı) bəndələrindən başqa” qullarının hamısını yoldan azdıracağam, dediyi Qurani-Kərimdə xəbər verilmişdir.[5]

    Əziz müsəlmanlar, İxlası olmayan məmur, hər gördüyü işi rüşvət alaraq görər.

İxlası olmayan sənətkar, gördüyü işi şişirdər və adama görə iş görər.

İxlası olmayan müəllim, tələbələrinə həqiqəti öyrətməz.

İxlası olmayan tacir, yalan yerə and içərək malını tərifləyərək satar.

İxlası olmayan həkim, xəstəsinə lazımı diqqəti göstərməz.

İxlası olmayan vəkil, haqsız işləri müdafiyə edər.

  Möhtərəm mömimlər, xütbəmə bir ayə ilə son verirəm:

    “(Ya Peyğəmbər!) Biz Kitabı sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək yalnız Ona ibadət! et ! Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur…”[6]

ixlas nedir

 9  Noyabr  2012 / 25 Zilhiccə 1433


[1]Buxari, Müslim, Nəvəvi 40 hədis 7.

[2]Müslim, c. 8, s. 11.

[3] Mümin, 14

[4] Zümər,11

[5] Sad, 83

[6] Zümər, 2,3.

Read Previous

Nastradamus Və Vanqa yalanı. (Qeybin açarları yalnız ALlahın yanındadır)

Read Next

Hicrət və Məhərrəm ayı.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.