• 28 Mart 2024

Kenquru əti və ondan hazırlanan kolbasalar halaldırmı?

kolbasaCavab: İslam dininə görə, azıdişi ilə ovlayıb parçalayan və özünü müdafiə edə bilən heyvanların ətinin yeyilməsi qadağandır. Belə ki, canavar, ayı, aslan, pələng, şir, samur, meymun, kaftar, fil, it, pişik, tülkü, gəlincik kimi dördayaqlı heyvanlar bu qrupa daxildir. Azıdişi olduğu halda başqasına hücüm etməyən bir heyvanın isə əti yeyilə bilər.

Məsələn, dəvə kimi. Əbu Hüreyrədən edilən rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Azıdişi olan hər vəhşi heyvanın yeyilməsi haramdır” (Müslim, Səyd, 15, 16; Əbu Davud, Ətimə, 32; Tirmizi, Səyd, 9, 11). Bundan başqa; dırnaq və pəncələri ilə ovlayan və cırmaqlayan quşların əti də haram və ya təhrimən məkruhdur. Qartal, qırğı, quzğun, qarğa, yarasa, şahin kimi quşları misal vermək mümkündür. Dırnaqlı olduğu halda bununla heyvanları ovlamayan quşlar isə yeyilə bilər. Məsələn, göyərçin buna misal verilə bilər. Həmçinin, yaradılış baxımından iyrənc olan və insanda ikrah hissi oyadan heyvanların əti də haramdır. Belə ki, kəsəyən, ilan, əqrəb, gənə, quru və dəniz tısbağası, arı, milçək, ağcaqanad, köstəbək, bit, birə və digər həşəratlar bunlara daxildir. Bununla yanaşı, insana ikrah hissi vermə məsələsi iqlim, bölgə, mühit və adət-ənənəyə görə dəyişə bilər. Belə ki, Abdullah ibn Abbas və Xalid ibn Vəlid Hz. Peyğəmbərlə birgə Hz. Meymunənin evində yeməyə oturduqları zaman süfrəyə ev sahibəsinin bir yaxınının Nəcd tərəfindən gətirdiyi qızarmış bir kərtənkələ qoyulmuşdu. Rəsulullah (s.ə.s) yemədikdə İbn Abbasın “bu heyvanın əti haramdırmı?” sualına: “Xeyr, lakin biz tərəfdə olmayan bir yeməkdir, xoşuma gəlmədiyi üçün yemirəm!” cavabını vermişdi. Sonra Xalid öz qabağına çəkərək bu yeməyi yemiş və Rəsulullah (s.ə.s) da heç nə deməmişdir (Buxari, Zəbaih, 33).

Onu da qeyd edək ki, Qurani-Kərimin müxtəlif ayələrində ölü heyvanın əti, donuz əti və Allahdan başqası adına kəsilən heyvan əti, eləcə də boğulmuş, vurularaq öldürülmüş, hündür bir yerdən düşüb ölmüş və ya bir heyvan tərəfindən buynuzla öldürülmüş heyvanların əti ilə vəhşi heyvanın parçalayaraq öldürdüyü heyvanların yeyilməsi qadağan edilmişdir.

Nəticə etibarilə, kenquru yuxarıda qeyd edilən vəhşi heyvanlar sinfinə girmədiyi üçün ətinin yeyilməsi ilə bağlı hər hansı qadağa yoxdur.

Mənbə:irfandergisi.com

Read Previous

Şeytanın cənnətdən qovulmasının səbəbi

Read Next

İslamda içki necə haram edildi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.