• 28 Mart 2024

KİŞİLƏR AĞLAMAZ

images1Nə olar, tərpətmə ayrılıq közün,

Əsdikcə küləklər yandırıb, yaxar.

“Kişilər ağlamaz” demə, əzizim,

Kişinin göz yaşı içinə axar.

 

Yəqin nədən yazacağımı çoxunuz elə ilk misralardan anlaya bildiniz. Bəli, kiçik yaşlarımızdan ta indiyədək hər birimizə deyilən məşhur bir söz var: kişilər ağlamaz. İlk baxışdan sadə bir məna kəsb edən bu ifadə əslində dərk edilməsi olduqca çətin və dərin bir mənaya sahibdir. Dünyanın başqa yerlərində belə məsələlərə bir o qədər də mühüm bir şey kimi baxmasalar da çox təəssüflər olsun ki, bu bizdə belədir. Kişi dediyin hələ ana bətnindən öz bənzərsiz simasına bürünüb bu dünyanı şərəfləndirir.

Cəmiyyətimizdə kişi hərəkətlərini hələ kişi olmadan öyrədirlər insanlara. Kişi deyib göz yaşlarımızı qurudurlar gözlərimizdə. Nə qədər yıxılıb başımız, qolumuz yaralar bağlasa da gözümüzdən bir damla belə yaş çıxmasına icazə vermirlər. Sanki qız uşaqlarının ağlamasına qarşı normal, oğlan uşaqlarının ağlamasına qarşı isə anormal anlayış sistemi formalaşıb ətrafımızda. Bəlkə də çoxumuzun başına gəlib, orta məktəb illərində idman dərslərində yıxılıb qızların yanında özümüzü pərt etməmək üçün təbəssüm etməyimiz və sonradan təkliyə çəkilib sızım-sızım sızıldamağımız. Ya da  ətrafımızdakı insanlar görüb gülməsin deyə ağrının dəhşətindən yaranan hıçqırıqlarımızı içimizdə boğmağımız.

Elə bu minvalla azadca, sərbəstcə hər şeyimizi itirməkdən, işsiz qalmaqdan, sevgilimizin tərk etməsindən, yalnız qalmaqdan, qəzadan, bəladan qorxmadıq. Ancaq bir tək ağlamaqdan qorxduq. Güclüydük, güclü olmaq məcburiyyətindəydik. Qızlar kimi ağlayıb zarıya bilməzdik, el aləmin dilinə düşə bilməzdik. Dostlarımız bizdən uzaqlaşardı ağlasaydıq. Bəlkə də qız belə verməzdilər bizə.  Gözlərimizdən yaş axmasın deyə yağışın altında gəzdik, amma gözümüzdən yaş axıtmadıq. Bütün bunlar bizi bu şəkildə formalaşmağa vadar etdi. O şəkildə ki, biz artıq ətrafımızdakılara heç bir reaksiya verməməyə başladıq. Cəmiyyətdə qürurlu və əyilməz olaraq yetişməyə çalışdıq. Kişilər ağlamaz deyib qəddimizi əymədik naxələflər önündə. Həyat yollarında nə qədər yıxılsaq da, yenə də qalxıb davam etdik yolumuza.  Duyğulu filmlər, təsirli hadisələr belə bizi ağlada bilmədi. Gözlərimizin təbii ehtiyacı olan göz yaşlarını gizlində axıtdıq yanaqlarımıza. Göz yaşlarımızı görmədilər deyə dağa dönən dərdlərimizdən də heç kim xəbərdar olmadı. Artıq böyümüşük təklikdə ağlamaq da daha bizə əl vermir. İndi bədənimizdəki yaraların da ünvanı dəyişib. Əvvəllər əlimizdə, başımızda, ayaqlarımızda olan yaralar tez bir zamanda yox olub gedirdi. Elə bunun üçün də onlara daha çox kövrəlməyin yeri yox idi. Ancaq indi hər yerimiz sağ-salamat olduğu halda daxilimiz zay olub. Nə qədər böyük bir hadisə baş versə belə ağlamağa taqətimiz qalmayıb elə bil. Elə bil bütün hisslərimiz yoxa çıxıb. Ürəklərimiz vaxtından əvvəl daşlaşıb. Gözümüzün suyu ərşə çəkilib.

Hörmətli oxucular, yazdıqlarımdan elə başa düşülməsin ki, oturub sadəcə göz yaşı tökmək lazımdır. Yox, sadəcə vəziyyət o qədər gərginləşib ki, Allahın qarşısında səcdə etdiyimizdə belə ağlaya bilmirik. Orda da kişiliyimizin əskilməsindən ehtiyat edirik. Bəlkə də ətrafımızdakı insanların yanında qürurlu ola bilərik, ancaq yaradan Allahın qarşısında bu mümkün deyil. Etdiyimiz səcdələrdə belə qürurumuzdan əl çəkə bilmirik. Biz elə bir peyğəmbərin ümmətiyik ki, O, gecələr ayaqları şişənəcən ibadət edər və səcdəgahını göz yaşları ilə isladardı.

Necə deyərlər, tarix təkrarlanır. Əvvələr mənə deyilən sözləri indi mən də öz oğluma deyirəm. İndi mən də öz oğlumu ağladığı zaman kişilər ağlamaz deyib sakitləşdirməyə çalışıram. O həqiqətən də inanır mənə. Dərhal göz yaşlarını silir və mən kişiyəm deyib ağlamağı kəsir. Ancaq onu da hiss edirəm ki, onu ağladan hansı səbəbdirsə, yenə də daxilən ağladır və incidir. O, eynilə mənim kimi göz yaşlarını içinə axıdır. O, sadəcə mənim sözümə görə ağlamır. Beləliklə mən də, sən də, ümümilikdə biz də özümüzdən sonra  göz yaşlarını itirmiş bir nəsil yetişdiririk. Bunun nə qədər doğru olub-olmadığını bilmirəm, sadəcə onu bilirəm ki, ağlamaq və ya göz yaşı kişilərə lazım olmasaydı, böyük Allah bu neməti bizlərə bəxş etməzdi.

mənbə:

irfandergisi.com

Read Previous

İNSANLIQDAN MÜSƏLMANLIĞA

Read Next

ATA OLANLAR BU XƏBƏRİ MÜTLƏQ OXUMALIDIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.