• 22 Oktyabr 2019

Məhərrəm Ayı və Aşura Günü.

images“Şəhrullahi’l-Muharrəm” olaraq məşhur olan, yəni “Allahın ayı Məhərrəm” olaraq bilinən Məhərrəm ayı, İlahi bərəkət və bolluğun, Rəbbani lütfkarlıq və kərəmin coşduğu və bollaşdığı bir aydır.

Allahın ayı, günü və ili olmaz, ancaq Allahın rəhmətinə qovuşmağın əhəmiyyətli bir fürsəti olduğu üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tərəfindən bu şəkildə ifadə edilmişdir.

Aşura Günü isə Məhərrəmin 10-cu günüdür. Aşura Gününün Allah qatında ayrı bir yeri vardır. Bu gündə Cənab-ı Haqq on peyğəmbərinə on növ ikramda olmuş və qudsiyətini artırmışdır. Bu günlərdə oruc tutmaq çox fəzilətlidir.

Hicri İlin ilk ayı olan Məhərrəm ayının 10-cu günü Aşura Günüdür. Məhərrəm ayının digər aylar arasında ayrı bir yeri olduğu kimi, Aşura Gününün də digər günlər içində daha mübarək və bərəkətli bir məqamı vardır.

Aşura Gününün Allah qatında da çox özəl bir yerinin olduğunu Fəcr Surəsinin ikinci ayəsi olan “On gecəyə and olsun” ifadələrinin təfsirindən öyrənməkdəyik.

Bəzi təfsirlərimizdə bu on gecənin Məhərrəmin Aşurasına qədər keçən gecə olduğu bəyan edilməkdədir. (Haqq Dini Qur`an Dili. 8 5793)

Cənab-ı Haqq bu gecələrə and içərək onların qudsiyyə (müqəddəs) və bərəkətini bildirməkdədir.

Bu günə “Aşura” deyilməsinin səbəbi, Məhərrəm ayının onuncu gününə bərabər gəldiyi üçündür. Hədis kitablarında keçdiyinə görə isə, bu günə bu adın verilməsinin hikməti, o gündə Cənab-ı Haqq on peyğəmbərinə on fərqli ikram və lütf etdiyi üçündür. Bu ikramlar belə ifadə edilməkdədir:

1. Allah, Hz. Musaya (ə.s.) Aşura Günündə bir möcüzə lütf etmiş, dənizi yararaq Firon ilə ordusunu sulara boğmuşdur.

2. Hz. Nuh (ə.s.) gəmisini Cudi Dağının üzərinə Aşura Günündə quruya çıxartmışdır.

3. Hz. Yunus (ə.s.) balığın qarınından Aşura Günü xilas olmuşdur.

4. Hz. Adəmin (ə.s.) tövbəsi Aşura Günü qəbul edilmişdir.

5. Hz. Yusuf (ə.s.) qardaşlarının atmış olduğu quyudan Aşura Günü çıxarılmışdır.

6. Hz. İsa (ə.s.) o gün dünyaya gəlmiş və o gün səmaya yüksəldilmişdir.

7. Hz. Davudun (ə.s.) tövbəsi o gün qəbul edilmişdir.

8. Hz. İbrahimin (ə.s.) oğlu Hz. İsmayıl (ə.s.) o gün doğulmuşdur.

9. Hz. Yaqubun (ə.s.), oğlu Hz.Yusufun (ə.s.) həsrətindən ötəri bağlanan gözləri o gün görməyə başlamışdır.

10. Hz. Əyyub (ə.s.) xəstəliyindən o gün şəfaya qovuşmuşdur. (2)

Hz. Aişənin (Allah ondan razı olsun) ifadə etdiyinə görə, Kəbənin örtüsü daha əvvəllər Aşura günündə dəyişdirilərdi.

Belə mənalı və qüdsi hadisələrin ildönümü olan bu mübarək gün və gecə, Səadət Əsrindən bəri Müsəlmanlar tərəfindən həmişə qeyd olunmuşdur. Bu günlərdə ibadət üçün daha çox zaman ayırmışlar, başqa günlərə nisbətlə daha çox yaxşı işlər eləmişlər. Çünki, Cənab-ı Haqqın bu günlərdə edilən ibadətləri və tövbələri qəbul edəcəyinə dair hədislər mövcuddur.

Aşura Günündə ilk ağla gələn ibadət isə oruc tutmaqdır. Məhərrəm ayı və Aşura Günü, Əhli Kitab olan Xristian və Yəhudilər tərəfindən də müqəddəs sayılardı. Necə ki, Peyğəmbərimiz Əleyhissalatu Vəssalam Mədinəyə hicrət buyurduqdan sonra orada yaşayan Yəhudilərin oruclu olduqlarını öyrəndi.

Bu nə orucudur?” deyə soruşdu.

Yəhudilər, “Bu gün Allahın Musanı düşmənlərindən qurtardığı Fironu boğdurduğu gündür. Hz. Musa (ə.s.) şükr olaraq bu gün oruc tutmuşdur” dedilər.

Bunun üzərinə Rəsulullah Əleyhissalatu Vəssalam da, “Biz, Musanın sünnəsini əhyaya (dirçəltməyə) sizdən daha çox yaxın və haqq sahibiyik” buyurdu və o gün oruc tutdu, tutulmasını da əmr etdi. (Səhihi Müslim Şərhi, 6:140.)

Aşura günü yalnız əhli kitab arasında deyil, Nuh Əleyhissalamdan etibarən müqəddəs olaraq bilinir, İslam əvvəli Cahiliyyə dövrü Ərəbləri arasında İbrahim Əleyhissalamdan bəri müqəddəs bir gün olaraq bilinir və oruc tutulurdu.

Bu barədə Həzrəti Aişə belə deməkdədir:

“Aşura, Qureyş qəbiləsinin Cahiliyyə dövründə oruc tutduğu bir gün idi. Rəsulullah da buna uyğun hərəkət edirdi. Mədinəyə hicrət edincə bu orucu davam etdirmiş və başqalarına da əmr etdi. Lakin Ramazan orucu fərz qılınınca özü Aşura günündə oruc tutmağı buraxdı. Bundan sonra Müsəlmanlardan istəyən bu gündə oruc tutdu, istəyən tutmadı.” (Buxari, Savm: 69.) Ibni Macə, Siyam: 31.

O zamanlar hələ Ramazan orucu fərz qılınmadığı üçün Peyğəmbərimiz və Səhabələri vacib olaraq o gündə oruc tuturdular. Nə vaxt ki, Ramazan orucu fərz qılındı, bundan sonra Peyğəmbərimiz hər kəsi sərbəst buraxdı.

İstəyən tutar, istəyən tərk edə bilər” buyurdu. (Müslim. Siyam: 117.)

Beləcə Aşura orucu sünnə bir oruc olaraq qalmış oldu.

Aşura orucunun fəziləti haqqında da bu tərcümədə hədislər zikr edilməkdədir.

Bir şəxs Peyğəmbərimizə gəldi və soruşdu:

“Ramazandan sonra nə vaxt oruc tutmamı tövsiyə edərsiniz?”

Peyğəmbərimiz Əleyhissalatu Vəssalam,

Məhərrəm ayında oruc tut. Çünki o, Allahın ayıdır. Onda elə bir gün vardır ki, Allah o gündə bir qövmün tövbəsini qəbul etmiş və o gündə başqa bir qövmü də bağışlaya bilər” buyurdu. (Tirmizi. Savm: 40.)

Yenə Tirmizidə keçən bir hədisdə Peyğəmbərimiz belə buyurmuşlar:

Aşura Günündə tutulan orucun Allah qatında, o gündən əvvəl bir ilin günahlarına kəffarə olacağını qüvvətlə ümid edirəm.”( Tirmizi. Savm: 47)

Ramazan ayından sonra ən fəzilətli oruc, Allahın ayı olan Məhərrəm ayında tutulan oruçtur“( İbni Macə. Siyam: 43.) hədisi şərifi isə, bu günlərdə tutulan orucun fəzilətini ifadə etməkdədir.

Bu hədisin açıqlanmasında İmamı Qəzali, “Məhərrəm ayı Hicri ilin başlanğıcıdır. Belə bir ili oruc kimi xeyirli bir təmələ söykəmək daha gözəl olar. Bərəkətinin davamı da daha çox ümid edilər” deməkdədir. (İhya, 1:238)

Gərək Yəhudilərə bənzəməmək, gərəksə orucu tam Aşura Gününə bərabər gətirməmək üçün, Məhərrəmin doqquzuncu, onuncu və on birinci günlərində oruc tutulması tövsiyə edilmişdir.

Bu mənadakı bir hədisi İbni Abbas rəvayət etməkdədir. Bunun üçün, müstəhəb olan, Aşura Gününü ortalayaraq, bir gün əvvəl və ya bir gün sonra oruc tutmaqdır.

Bu gündə orucdan başqa yaxşı iş görmək və sədəqə kimi gözəl adətlərin də yaşadılması məqsədə uyğun və yerində olacaq. Hər kəs imkanı nisbətində ailəsinə, qohum və qonşularına ikramda olar; bu günlərin fəzilətini bildirən hadisələri xatırlayaraq lütfkarlıqda olarsa şübhəsiz savabını qat qat alacaq. Xüsusilə, Peyğəmbərimiz, möminin ailə efradına Aşura Günündə hər zamankindən daha çox ikramda olmasını tövsiyə etmişdir.

Bir hədisdə belə buyurular:

Hər kim Aşura Günündə ailəsinə və ev xalqına ikramda olarsa, Cənab-ı Haqq da ilin hamısında onun ruzisinə bərəkət və bolluq ehsan  edər.” (ət-Tərqib vəl-Terhİb, 2:116.)

Bu ailə məfhumunun içinə qohumlar, yetimlər, kimsəsizlər, qonşular da daxildir. Lakin, bunun üçün çox xərcə girməyə, ailə büdcəsini məcbur etməyə gərək yoxdur. Hər kəs imkanı ölçüsündə ikram edər.

Aşura gününün mənəvi və aydınlığı üzərində Kərbəla qaranlığının kəsafəti də görülməkdədir. 61-ci hicrət ilinin Məhərrəm ayının 10-cu günündə Həzrəti İmam Hüseyn (Allah ondan razı olsun) 55 yaşında ikən Sinan ibn Ənəs adlı bir xain tərəfindən Kərbəlada vəhşicəsinə şəhid edilmişdir. Bu qəddarlıq və zülmün arxasında Əməvi Xəlifəsi Yezid, onun Kufə qubernatoru İbni Ziyad vardır. Yarım əsr əvvəl Peyğəmbərimizin şəxsən xəbər verdiyi bu ciyərləri yandıran hadisə Həzrəti Hüseyni Cənnət gənclərinin əfəndisi olma şanına ucaltmışdır.

Şəhidlər mükafatını almış ən uca mərtəbələrə çatmışdır. Uca Allahın da zalımlara layiq olduqları cəzanı ən ədalətli bir şəkildə verəcəyindən şübhəmiz yoxdur. Tale hökmünə boyun əyən hər mömin bu hadisəyə kədərlənər, ancaq etidalını və soyuqqanlılığını itirməz. Duyğuları onu xətalara və ifratlara aparmaz. Çünki meydana gələn bütün hadisələr əzəli təqdirin bir hökmüdür. Bu baxımdan bunu bir “yas mərasimi” halına çevirmək əhl-i sünnənin etiqad və inancına zidddir.

mənbə:

suallarlaislam.com

Oxunub: Bu gün - 4 dəfə, Cəmi - 31. 841 dəfə.

calal calalov

Read Previous

DQİDK-nin sədri Şəki Mərkəzi Cümə Məscidində və Şəki İslam Mədrəsəsində olmuşdur.

Read Next

Azərbaycanda dini bayram günlərinin müəyyənləşməsində yeni qərar.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.