• 28 Mart 2024

Müsəlmanlara qarşı müşriklərə yardım etmənin hökmü nədir?

Allah müsəlmanların qanını, malını, şərəfi-namusunu haram qılmışdır. Bu barədə bir çox açıq nəsslər (açıq höküm ifadə edən ayət və ya hədis) gəlmişdir.

Rəsulullah (s) belə buyurmuşdur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan söyləməz və yardımı tərk etməz. Hər müsəlmanın digər müsəlmana şərəfi-namusu, malı və qanı haramdır (Əli ilə qəlbini göstərərək) təqva buradadır. Bir kimsəyə şər olaraq müsəlman qardaşını xor görməsi yetər” (Tirmizi. Birr, 18; Həmçinin, bax: Müslim. Birr, 32; Buxari. Ədəb, 57).

Başqa bir hədisdə: “…Ona haqsızlıq etməz, onu (düşmənə) təslim etməz…” buyrulmaqdadır (Buxari. Məzalim, 3; Müslim. Birr, 58).

Bütün bunlara baxmayaraq, müsəlmanların dindən çıxmadan biri biri ilə savaşması mümkün olmuşdur. Yəni, bir-biri ilə savaşması, bir-birini öldürmələri onları dindən çıxarmamışdır. Çünki Quranda belə buyrulur (tərcüməsi):

“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! ” (əl-Hucurat, 9).

Bu ayəni təfsir edərkən İmam Qurtubi bunları söyləmişdir:

“Ayrıca bu: “möminlərlə savaşmaq mümkün deyil” deyərək, Rəsulullahın (s): “Möminlərlə savaşmaq küfrdür” (Nəsai, İbn Macə, Müsnəd) hədisini dəlil göstərənlərin fikrinin tutarsız olduğuna da dəlildir. Çünki əgər haqsızlıq edən möminlə savaşmaq küfr olsa idi, haşa, Allah küfrü əmr etmiş olurdu. Digər tərəfdən, Əbu Bəkir əs-Siddiq İslama bağlanmaqla bərabər zəkat vermək istəməyənlərlə döyüşmüş, lakin döyüşü tərk edib qaçanları təqib etməməyi, yaralıların işini bitirməməyi əmr etmişdir. Malları da kafirlərdə olduğu kimi qənimət olaraq halal olmaz” (Bax: Qurtubi. Əl-Came` li-Əhkam əl-Quran. Hucurat surəsi,  9-cu ayənin təfsisri, 3-cü başlıq).

Həmçinin, Hz. Osmanın xilafətinin son dövründən başlayan səhabə arasındakı fitnələri də buna misal vermək olar. İstər səhabələr arsında cərəyan edənlər olsun, istər xəvariclərlə olsun, elm əhlindən kimsə bunların kafir olduğunu söyləməmişdir. Bəzilərinin səhabələri təkfir (kafirlikdə ittiham etmə) etmələri isə ciddiyyətdən uzaq bir sapıqlıqdır.

Təəssüflər olsun ki, ilk dövrdə müsəlmanlar arasında baş verən münaqişələrdən sonra bu fitnələr günümüzə qədər davam etmişdir. Özü də səhabələrin tutduğu mövqedən fərqli şəkildə.

Əvvəla, səhabələr arasındakı münaqişələr şəxsi mənfəət, hakimiyyət hərisliyi, var-dövlət, şan-şöhrət naminə olmayıb, bəzi siyasi anlaşılmazlıq, bəzi məslələrin fərqli izah edilməsi ucbatından baş vermişdir.

İkincisi, bu savaşlarda döyüş əsnasında məcbur qalıb savaşmaq xaricində, onlar müsəlmanların toxunulmaz haqlarına (qan, mal, namus) həssaslıqla riayət etmişlər. Mallar qənimət götürülməmiş, insanlar əsir götürülüb kölələşdirilməmiş, məhkəmə qurulub əsir düşmüş döyüş iştirakçıları ölümə məhkum edilməmişdir.

Üçüncüsü, onlar aralarında baş vermiş münaqişə zamanı biri birinə qarşı qeyri-müsəlmanların yardımından istifadə etməmişlər.

Sonralar isə müsəlmanlar arası münaqişələr islam tarixində utanc verici qara ləkələrlə dolub daşdı. Bu utanc verici şeylərdən biri sizin də toxunduğunuz kimi, müsəlmanlar arası münaqişədə qeyri müsəlmanların yardımından istifadə etmək olmuşdur. 

Quranda Uca Allah ibrət götürməyimiz üçün bizdən əvvəlki müsəlmanları (yəhudiləri) misal gətirir. Onların şəriətində də, bizdə olduğu kimi, müsəlmanın müsəlmana qanı, malı, namusu haram edilmişdir. Lakin onlar buna riayət etməmişlər. O zaman bütpərəst olan Mədinədəki ərəb qəbilələri Övs və Xəzrəc daima müharibə vəziyyətində idilər. Yəhudilərdən Qaynuqa oğulları Övs ilə, Qureyzə oğulları da Xəzrəc ilə ittifaq bağlamışdılar. Övs və Xəzrəc arasında müharibə başlayan kimi bu ki yəhudi qəbilələri də biri biri ilə savaşa başlayardı. Bu səbəbdən əl-Bəqərə surəsinin 85, 86-cı ayələri nazil oldu.

“Siz elə adamlarsınız ki, sonra yenə bir-birinizi öldürür, özünüzdən olan bir dəstəyə (tayfaya) zülm və düşmənçilik etmək üçün köməkləşib, onları öz yurdlarından kənar edirsiniz. Onlar (özünüzdən olanlar başqalarına) əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Aya, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir.

Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar” (əl-Bəqərə, 85-86).

Müsəlmanlar arasında eyni şeyin əsirlərlə davam etməsindən sarsılan İmam Qurtubi bu ayəni təfsir edərkən bunları söyləmişdir:

“Deyirəm ki, Allaha and olsun ki, biz də bütün sınamalarda haqdan üz çevirdik, bir-birimizin əleyhinə başqaları ilə həmrəy olduq. Kaş ki, müsəlmanların yardımını alaraq yardımlaşardıq…Harda qaldı? Kafirlərlə bir- birimizin əleyhinə yardımlaşdıq. Nəhayət qardaşlarımızı müşrüklərin hökümlərinin hakimiyyəti altında alçalmış və zəlil olaraq buraxdıq. Allahdan başqa güc və qüdrət sahibi yoxdur! (Bax: Qurtubi. Təfsir, əl-Bəqərə 85,86. 4-cü başlıq).

Rəsulullah (s)  bizi yəhudiləşməkdən xəbərdar etmişdir: “Siz özünüzdən əvvəl gələn ümmətlərin sünnətinı (yolunu) addım-addım, arşın-arşın, qarış-qarış izləyəcəksiz. Hətta onlar kərtənkələ deşiyinə girsələr belə siz də onların arxasınca girəcəksiz.” Oradakılar: “Ey Allahın rəsulu, yəhudi və xristianlarımı nəzərdə tutursan?” dedikdə Rəsulullah: “Başqa kim olacaq!” – deyə buyurdu” (İbn Macə, Fitən).

Halbuki müsəlmanlara, ümumiyyətlə, qeyri-müsəlmanları dost götürmək qadağan edilmişdir.

“Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!” (əl-Maidə, 51).

“Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik” (Ali İmran, 118).

“Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən” (əl-Mücadilə, 22).

Yuxarıdakı əmrləri əsasən demək olar ki, qeyri-müsəlmanları, ümumiyyətlə, dost götürmək qadağandır. Amma bu ümumi mənadan bəzi hallar müstəsnadır:

1. Müsəlmanlara qarşı düşmənlik etməyən kafirlərlə xoş münasibətlərin icazəli olması.

Məsələn, bu ayələrdəki qeyri-müsəlmanlarla dostluğun qadağan edilməsi, əlaqələrin kəsilməsini əmr edilir. Amma bundan kafirlərlə hər cür münasibətin kəsilməsi başa düşülməməlidir. Bu ayələrdə onlarla əlaqənin kəsməsinin səbəbi onların kafir olması deyil, müsəlmanlara qarşı zülüm, güc tətbiq etmələridir. Müsəlmanlar onlara qarşı düşmən münasibət bəsləyən kafirlərlə, bəsləməyənləri biri-birindən ayırmalıdırlar. Ələlxüsus da qohumluq bağları, qonşu, iş yoldaşı və s… olan qeyri müsəlmanlarla. (Bax: Mövdudi. Təfhim əl-Quran. əl-Mümtəhinə surəsi, 5-9 ayələrin təfsiri, 13-cü başlıq)

“Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!

Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!” (əl-Mumtəhinə, 8-9).

2. Qeyri-müsəlmanlarla siyasi, hərbi, iqtisadi, sülh, hansısa sahədə əməkdaşlıq haqqında andlaşmalar bağlamaq da qadağan deyildir.

Hətta qeyri-müsəlman bir zümrə ilə digər kafirlərə qarşı ittifaq bağlamaq da olar. Rəsulullah (s) Mədinəyə gəldikdə oradakı yəhudi qəbilələri ilə bağladığı müqavilədə tərəflərin Mədinəyə hücum edən xarici düşmənlərə qarşı ittifaq halında savaşma öhdəliyi öz əksini tapmışdır. Həmçinin, Hüdeybiyyə anlaşmasının maddələrindən birinə görə, hər iki tərəf (Müsəlmanlar və Qureyş) qonşu qəbilələrlə andlaşma bağlamaqda sərbəst buraxılmışdırlar. Bundan sonra müşrük Xuzaa qəbiləsi   müsəlmanlarla, Bəni Bəkir də Qureyşlə müttəfiq olacağına dair müqavilə bağladılar. Sonralar Bəni Bəkir Qureyşin himayədarlığı ilə Xuzaa qəbiləsinə təcavüz etmiş, bununla da müsəlmanlarla Qureyş arasındakı müqavilə pozulmuşdur.

3. Hansısa səbəbdən qeyri-müsəlmanlardan çəkindiyi halda onlarla əməkdaşlıq etmək.

Biz yuxarıda kafirlərlə dostluğun qadağan olduğunu bildirmişdik. Amma bəzi müstəsnalı hallarda buna icazə verilmişdir.

“Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir” (Ali İmran, 28).

Bu ayəni təfsir edərkən bəziləri bundan məqsədin bir müsəlmanın kafirlərin əlinə düşməsi vəziyyəti olduğunu bildirmişlər. Onlardan gələ biləcək bəladan əmin olmaq üçün həmən şəxs imanını gizləyə bilir, yaxud onlarla dost kimi keçinir.

Digər yöndən, bu qorxu həddi aşmağa da səbəb olmamalıdır. O mənada ki, kafirlərin əlində alət olmaq, İslama qarşı qalxmış qüclərə müsəlmanlara qarşı hücumlarında heç bir şəkildə dəstək olmamaq. Bunlara görə ayənin sonundakı “Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir” xəbərdarlığı bu mənaya gəlir: “Əgər həyatınızı qurtarmaq üçün Allahın dininə, möminlər toplumuna və ya bir tək möminə hər hansı bir zərər versəniz, və ya Allaha asi olanlara hər hansı bir həqiqi xidmət göstərsəniz ən sonunda Allaha döndürüləcəyinizi, hesab günü özünüzü qurtara bilməyəcəyinizi ağlınızdan çıxartmayın” (Bax: Mövdudi. Təfhim əl-Quran”, Ali-İmran surəsi, 28 ayənin təfsiri, 26-cü başlıq).

İmam Qurtubinin qeyd etdiyinə əsasən elm əhlindən bəzilərinə görə, bu rüsxət (verilən güzəşt) yalnız dil ilə məhdududur, əməldə isə rüsxət yoxdur. Məsələn, Allahdan başqasına səcdə etmək, qiblədən başqa yerə namaz qılmaq, bir müsəlmanı vurmaq, malını qəsb etmək, öldürmək, yaxud zina etmək, içki içmək, faiz yemək və sair hallarda rüsxət yoxdur. Bu, Həsən əl-Bəsri, Evzayi, Malikilərdən Suhnunun qənaətidir.

Bəziləri isə: “birisinin içində imanını hifz etməsi şərti ilə əməli və ya söz rüsxətindən istifadəsi arasında fərq yoxdur” (Hz. Ömər, Məkhul, Malik və İraqlıların bir qisminin görüşüdür). İmam Malikdən bir kimsə içki içməyə, namazı tərk etməyə, Ramazanda orucunu açmağa məcbur edilərsə, ondan günah götürülmüşdür deyə rəvayət edilmişdir.

Rəsulullah (s) belə buyurmuşdur: “Ümmətimdən səhv, unutma, və işlətməyə məcbur edilməsinə görə (məsuliyyət) götürülmüşdür” (İbn Macə, Təlaq, 16).

Elm adamları icma ilə bir başqasını öldürməyə məcbur edilən birinin bunu etməsi halal olmadığını qəbul etmişlər. Belə vəziyyətdə olan adam başına gələn bu müsibətə səbir edər, başqasına zərər vermək surəti ilə özünü qurtarması halal olmaz, dünya və axirətdə Allahdan yüngüllük diləməklə yetinməlidir.

Zinaya gəldikdə, burada fikir ayrılıqları vardır. Bəziləri: “bunu heç kəs edə bilməz. Öldürülsə belə etməməlidir” demişlər (Mutarrif, Əsbağ, İbn Əbdülhakim, İbn Macişun, Əbu Sövr, əl-Həsən…) İbn əl-Ərəbi isə: “Səhih olan belə bir kimsəyə bunun icazəli olmasıdır və buna görə cəza da (hədd) uyğulanmaz” demişdir. (Bax: Qurtubi Təfsir, ən-Nəhl surəsi, 106. 4-6 başlıqlar).

Onu da deyək ki, bütün bu qeyd edilənlər bir alim rəyidir. Bu barədə açıq bir nəssə (məna baxımından açıqlıq ifadə edən Quran və ya hədis əmri) rast gəlmədik.

Rəsulullahın (s) tətbiqatına baxanda bənzəri hadisə ilə rastlaşdığını görmək mümkünüdür. Belə ki, bir ara müsəlmanların bir fasiləyə böyük ehtiyacları var idi. Buna görə Rəsulullah (s) Hüdeybiyyə müqaviləsi kimi bilinən məşhur müqaviləni bağlayarkən Qureyş müşrüklərinin tələb etdiyi bütün şərtləri qəbul etdi. (Peyğəmbərin (s) bu böyüklükdə güzəşt etməsinin sülhə, fasiləyə ehtiyacdan başqa bizim bilmədiyiniz səbəbləri də ola bilirdi, Allah bilir). Nəticədə Rəsulullahın (s) irəli sürdüyü bir neçə şərt qəbul olunmamaqla Qureyşlilərin şərt qoşduğu ağır bəndlər müqaviləyə daxil edildi.

Bunlardan bəziləri də sizin toxunduğunuz mövzu  (müsəlmanlara qarşı müşriklərə yardım) ilə əlaqəlidir. Belə ki, müşrüklərin idarəsi altında olan Məkkədə hicrət edə bilməyən müsəlmanlar var idi. Onlar orada sırf Allaha iman etdikləri üçün müşrüklərin hər cür təzyiq, təqib və işgəncələrinə məruz qalırdılar. Onlardan bəziləri imkan tapdıqda Məkkədən Mədinəyə qaçıb orada müsəlmanların himayəsinə sığınırdılar. Sözü keçən müqavilənin şərtlərindən biri də belə idi: “Bu müqavilə sənin (Peyğəmbərin) dininə girsə də, bizdən (müşrük Qureyşdən) heç bir kişinin sənin yanına gəlməməsi. Gələrsə qaytarmaq şərti ilə…” Hər nə qədər müsəlmanlar: “Sübhanallah! Bizə sığınan müsəlman müşrüklərə necə qaytarıla bilir” deyə etiraz etdilərsə də Qureyşi təmsil edən Süheyl ibn Amr bunu qəbul etmədi. Hətta bu əsnada Əbu Cəndəl (r) həpsxanadan qaçıb müsəlmanlara sığındı. Süheylin Əbu Cəndəli (r) tələb etməsinə qarşılıq Rəsulullah (s): “Biz hələ müqaviləni yazıb qurtarmadıq” deyə etiraz etdi. Buna cavab olaraq Süheyl heç bir anlaşma bağlamayacağını bildirdi. Bundan sonra Rəsulullah (s) Əbu Cəndəli ona bağışlamasını, şəxsi xatirinə verməsini istədisə, Süheyl öz sözündə inad etdi. Nəticədə Əbu Cəndəl (r) Məkkə müşrüklərinə təhvil verildi. Müsəlmanların müşrüklərə qaytarılma işi bundan sonra da davam etdi. Əbu Bəsir (r) müsəlman olub Mədinəyə gəldikdə onun dalınca gələn iki müşrikə təslim edildi. Bu barədə bir çox səhih hədislər vardır (Bax: Buxari, Şurut 15, Həcc, 106; Əbu Davud, Cihad 168; Müslim, Cihad, 132).

Bu hədislərdən görüldüyü kimi, Rəsulullah (s) ciddi bir səbəbdən dolayı onlara sığınan müsəlmanları müşriklərə təhvil verdi.

Həmçinin, insan həyatında mühim yer tutan iqtisadiyyat sahəsində də Rəsulullahın (s) qeyri-müsəlmanlarla əməkdaşlıq etməsi məlumdur.

Hz. Aişə (r) rəvayət etdiyinə görə: “Rəsulullah (s) bir yəhudidən yeyəcək mal (arpa) nisyə satın almış və zirehini girov qoymuşdur” (Buxari).

Hətta müharibə getdiyi halda belə müsəlmanların müharibə vəziyyətində olan kafirlərlə ticarət etməsinə əngəl qoyulmamışdır.

Rəsulullah (s.) Təbuk və Xəybər savaşında müsəlmanların yəhudi və xristianlarla ticarətinə əngəl olmamışdır. Yenə müsəlmanların müşrik Məkkəlilər ilə düşmən və müharibə şəraitində olduğu halda Rəsulullah (s.) Əbu Süfyana xurma göndərmiş və qarşılığında işlənmiş dəri istəmişdir.

Amma əgər qeyri-müsəlmanlarla edilən ticarət müsəlmanların əleyhinə səbəb olarsa, bu ticarət caiz olmaz. Belə vəziyyətdə müsəlmanların mənafeyi nəzərə alınır. Əslində bu kimi məsələlər (yəni, hansı ölkəyə və ya hansı ölkənin vətəndaşlarına hansı malların satılmasının qadağan olmasını) müsəlmanların böyükləri tərəfindən müəyyən edilməlidir. (Bax: Pr. Həmdi Döndüren/ İslami ölçülərlə Ticarət rəhbəri).

Müsəlmanların müşriklərə yardım məsələsində Quran və sünnətdən daha bir misal verə bilərik. Bu da Hatib bin Əbu Bəltəanın (r) hadisəsidir.

Hatib (r) Məkkədə Allaha iman edən və bu səbəbdən də Rəsulullah (s) ilə bir yerdə oradan çıxarılımış (hicrət etməyə məcbur qalmış) biri idi. O özü hicrət etmiş, amma ailəsini götürə bilməmiş, onlar Məkkədə qalmalı olmuşlar. Hatib (r) digər mühacirlərdən fərqli olaraq əslən Qureyşli olmadığı üçün Məkkədə ailəsini himayə altına alacaq heç bir qohumu, yaxını olmadığından ailəsinə zərər toxuna biləcəyindən çox narahat idi. Sonralar bu gerçək onu ailəsini qurtarmaq üçün bəzi addımlara (daha dəqiq desək müsəlmanların sirrini müşrüklərə verməyə) sövq etdi. Belə ki, Məkkədən Mədinəyə maddi yardım üçün Sara adında bir müğənni qadın gəlmişdi. Ona yardım edildikdən sonra Məkkəyə dönməkdə ikən hz. Hatib ona on dinar və baş-paltar verərək onun yazdığı bir məktubu Məkkə müşrüklərinə çatdırmasını istədi. Məktubda Rəsulullahın (s) Məkkəyə hücum etməsinə hazırlaşdığını, bundan dolayı onların tədbir görmələrini yazmışdı. Bunun müqabilində də ailəsinə toxunmayacağını düşünürdü. Sonradan bu hadisə Allah tərəfindən vəhy yolu ilə Peyğəmbərə (s) xəbər verildi. Rəsulullah da (s) qadının koordinatlarını bildirərək, Hz. Əlinin başçılığı ilə bir dəstəni onun arxasınca göndərdi. Nəticədə məktub alınıb gətirildi.

Bundan sonra hz. Hatib (r) çağırıldı və hesaba çəkildi. Hesab vaxtı Hatib (r) heç bir şeyi gizləmədən hər şeyi etiraf etdi və bunun səbəblərini açıqladı. Rəsulullah da (s): “Hatib doğru söylədi” deyərək, onun dediklərini təsdiq etdi. Hz. Ömər isə: “Ey Allahın rəsulu, izin ver Allaha, rəsuluna və müsəlmanlara xəyanət edən bu münafiqin boynunu vurum” dedi. Rəsulullah da (s): “Bu adam Bədr döyüşündə iştirak etmişdir. Nə bilirsən, bəlkə Uca Allah Bədr əhlini ucaltmış: “Mən sizi bağışladım, istədiyinizi edin” buyurmuşdu” dedi. Bu sözlərdən sonra hz. Ömər: “Allah və rəsulu daha yaxşı bilir” dedi.” Bu hadisə üzərinə Allah vəhiy nazil etdi.

“Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutmayın! Onlar (kafirlər) sizə gələn haqqı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!” (əl-Mumtəhinə, 1).

(Bax: Buxari, Cihad, 141, 195; Müslim, Fəzail əs-səhabə, 161; Əbu Davud, Cihad, 108; Tirmizi, Təfsir Müsnəd, I, 79).

Bu hadisədən alimlər bir çox dərslər çıxarmışlar.

a) Bu cür davranış düşmən lehinə bir cəsusluq olduğu üçün xəyanətdir. Burada niyyət nə olursa-olsun, bir şey dəyişməz. Bu haramdır. Hətta bir adamın malı və yaxınları təhlükə qarşısında qalsa belə buna icazə yoxdur.

b) Ortada açıq dəlillər olduğu halda höküm verməkdə tələsməyib günahkar sorğu-suala çəkilməlidir.

c) Bu günahı işlədən Hatib bin Əbi Bəltəa (r) sıradan bir müsəlman olmayıb imtiyaz sahibi idi (Bədr əhli mühacir). Bu isə onu göstərir ki, bir müsəlman səhabə olsa belə günahsız, xatasız deyil. Onda da insani zəifliklər var.

d) Hz. Ömərin  fikri (Hatibin mürtəd, münafiq olması) Hatibin davranışının zahirinə baxaraq, irəli sürülmüşdür. Ancaq Rəsulullah (s) onun fikrini rədd edərək, yanlış olduğunu ortaya qoydu. Bununla da İslamın “bir davranışın sadəcə zahiri əsas götürülərək qərar verilməz” prinsipini bəyan etdi. Məsələni tam araşdırmaq gərəkdir. Bunu edərkən günah işlədən adamın keçmişi, şəxsiyyəti, düşdüyü vəziyyət, şərtlər və digər faktorlar diqqətə alınmalıdır. Əsas da bu insanın İslama, müsılmanlara qarşı münasibəti nədir? Yəni bu insan Allaha, İslama, müsəlmanlara xəyanət etmək üçünmü bu cinayəti işləmişdi, Allah düşmənlərinə qarşı qəlbində bir sevgi var idi yoxsa səbəb başqa idi? Allah yolunda bu qədər fədakarlıq göstərən bir adamdan şübhə etmək doğrudurmu?

Nəticədə burada niyyət və şəxsiyyət məsələsi mühüm, həll edici rol oynamaqdadır. Yəni, səmimi bir müsəlmanın etdiyi xata ilə İslama, müsəlmanlara şübhə, etinadsızlıqla baxaraq, Allah düşmənlərinə simpatiya bəsləyən bir münafiqin arasında böyük bir fərq vardır. Göründüyü kimi, bunların zahiri davranışları eynidir.

e) Rəsulullahın (s) Bədr əhlinin fəziləti haqqında:  “Bu adam Bədr döyüşündə iştirak etmişdir. Nə bilirsən bəlkə Uca Allah Bədir əhlini ucaltmış: “Mən sizi bağışladım, istədiyinizi edin” buyurmuşdu. Bu, Bədr əhlinin halal-harama baxmadan istədiyini etməsinə izin verilməsi anlamına gəlməz. Nə səhabələr nə sonrakılar bunu bu cür anlamamışdırlar. Həmçinin, İslam hüququnda Rəsulullahın (s) bu sözlərini əsas alaraq “Bədr əhlindən biri oğurluq edərsə onun əli kəsilməz” deyə bir şey də yoxdur. Qanun hər kəs üçündür.

Bütün bunlardan sonra sizin (müsəlmanlara qarşı müşriklərə yardım etmənin hökmü nədir?) sualına cavab olaraq əldə edə bildiyimiz bütün məlumatları nəticələndirərək aşağıdakıları söyləyə bilərik:

1. Müsəlmanlara qarşı qeyri-müsəlmanlara yardım etməyin hökmü.

Bütün yuxarıdakı dəlillər və alimlərin rəylərindən məlum olduğu kimi, bu haramdır.

a) Yardım hər hansı bir şəkildə olmasından asılı olmayaraq (istər cəsusluq, istər maliyə yardımı, istər səflərində və ya ittifaq halında döyüşmək olsun), ümumi olaraq haramdır. Niyyət nə olursa-olsun, şəxs kim olursa-olsun, bu haramdır.

b) Bəzi məcburiyyət hallarında bir qismin deyil, ümumi müsəlmanların mənafeyini qorumaq məqsədi ilə bəzi şəkillərdə caizdir. Biz bunu Hüdeybiyyə anlaşmasında Rəsulullahın (s) örnəyində gördük.

2. Bu haramın küfr səviyyəsinə qalxıb qalxmaması.

Bu vəziyyətdən vəziyyətə, şəxsdən şəxsə, niyyətdən niyyətə dəyişir.

a) Əgər bunu edən bununla İslama, müsəlmanlara kin bəsləyib onların düşmənlərinin qələbə çalmasını istəyirsə, kafir olur.

b) Əgər bu işi Allahın dinin, müsəlmanların mənfəəti üçün edirsə, kafir olmaz.

c) Bunu şəxsi dünyəvi mənfəəti üçün edərsə, baxılır; əgər etiqadı sağlamdırsa, bunu etməklə məqsəd dindən dönmək deyil, kafirləri özünə minnətli borclu etməkdirsə, günahkar olmaqla bərabər kafir olmaz. Bu barədə hz. Hatibin misalında bəsi qədər açıqlama verildi.

3. Bunun cəzası.

a)  Bunu edənin müharibə edən tərəfdən bir kafir olarsa, öldürülür.

b) Müsəlmanların himayəsi altında olan kafirdirsə (zimmi), başqa cəza verilir. Amma əgər zimmi İslama qarşı düşmənçilik edəcək yaxud sıradan bir cəsusluqdan da artıq İslam əleyhinə düşmənlərə yardım edəcəksə, öldürülür.

d) Bunu edən müsəlmandırsa, bu İmamın (müsəlmanların rəhbərinin) ictihadına buraxılır. Əfv etməkdən tutmuş ölüm hökmünə qədər cəza verilə bilir.

Məsələn, əgər Hatib kimi özünü Allah yolunda bütün varlığı ilə fəda etmiş birinin xəta etməsi halına bənzər vəziyyətdirsə, əfv edilə bilir. 

Hz. Əlinin rəvayət etdiyinə görə, Rəsulullahın hüzuruna müşriklərə casusluq edən Furat ibn Həyyam gətirildi. Rəsulullah (s) onun öldürülməsini əmr etdi. Furat: “Ey Ənsar topluluğu! Mən Allahdan başqa ilah olmadığına, Məhəmmədin Allahın rəsulu olduğunu şəhadət etdiyim halda məni necə öldürəcəksiz?!” – deyə qışqırdı. Bundan dolayı Rəsulullahın (s) əmri ilə sərbəst buraxıldı. Sonra da Rəsulullah (s) belə buyurdu: “Aranızda özünü imanına həvalə etdiyim kimsələr var. Bunlardan biri də Furat ibn Həyyamdır” (Əbu Davud III, 48; Beyhəqi. Əs-Sünən əl-Kübra, VIII, 197, Müsnəd, IV, 336).

Yox, əgər bir müsəlman bunu adət halına gətirərsə, öldürülür. Çünki bu halda o, müsəlmanlara mütəmadi zərər verən, yer üzündə fəsad çıxaran bir kimsədir. (Bu barədə bax: Qurtubi Təfsir, əl-Mümtəhinə surəsi 1, 4-6-cı başlıqlar).      

Bu bizim sizə verə biləcəyimiz məlumatdır. Bundan başqa baş vurduğumuz mənbələrdə qeyri-müsəlmanlara yardım edənlərin arxasında namaz qılanın müşrük olub-olmaması, onların arxasında namaz qılmayıb, amma onlarla namaz qılanları təkfir etməyənin müşrik olub-olmaması məsələsi yer alıb. Öz növbəsində dördüncü qrupun da birinci və ikinci qrupu təkfir etdiyi halda üçüncünü təkfir etmədikdə müşrük olub-olmaması haqqında bir söz deyilmir.

Bu mövzu ilə bağlı bu gün Azərbaycandakı bəzi gənclərin sahib olduğu qəribə bir məntiqə toxunmaq istərdim. Yuxarıdakı Hüdeybiyyə anlaşmasının, hz. Hatibin və sairlərin digər örnəylərində gördüyümüz davranışlarının yüzdə birini bu günki müsəlmanlarda gördükdə, onları həmən müşrük elan edirlər. Amma onlara: “Rəsulullah (s), Yusuf peyğəmbər, səhabə, alimlər və sairlərin bundan daha böyüyünü etdilər” dedikdə, başlayırlar yorumlamağa, təvil etməyə, məntiq yürütməyə. Buna ikili standart deyilir. Bu isə ədalətdən uzaqlaşmaqdır. Bu qardaşların tərəzilərini bir qədər tənzimlənməsi daha yaxşı olardı. Hər şeyin doğrusunu bilən Allahdır.

Read Previous

Qızların qulaqlarını deşib sırğa taxmaq haramdırmı?

Read Next

İslamda Siğə/Muta Varmı?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.