• 29 Mart 2024

Nəsimi və Babək

Bizim Azərbaycan xalqının tarixinin qəhramanları Nəsimi və Babək haqqında nə deyə bilərsiniz, onlar müsəlman idilər, yoxsa kafir?

 

Dediyiniz şəxslər fərqli əsrlərdə yaşamış, fərqli sahələrin adamları olub, fərqli əqidələrə xidmət etmişlər. Bu baxımdan onların dəyərləndirilməsi də fərqlidir. Sizin suala cavab vermədən əvvəl bir məsələni qeyd etməyi vacib bildik.
Xalqın qəhrəman və ya dahi olaraq tanıdığı insanlar qeyri-dindar və ya dinsiz olmaları mümkündür. Bir insanın bir xalq tərəfindən şəxsiyyət olaraq qəbul edilməsi müəyyən o insanın şəxsi keyfiyyətləri ilə bərabər onu qəhrəman edən xalqın arasında qəbul edilən ölçü və dəyərlərdən də asılıdır. Məsələn Azərbaycan xalqı kommunizmin hakim olduğu dövrlərdə təbliğ edilən bəzi qəhrəmanları sonradan bir qədər dəyərini itirdi. Eyni zamanda müstəqillik dövründə bir sıra qədim tarixi şəxsiyyətlərə xalq qəhrəman kimi baxmağa başladı. Rus işğalına qarşı igid mübariz və şəhid Gəncə xanı Cavad xan buna bir misaldır.
Sizin haqqında sual verdiyiniz şəxsiyyətlərdən birincisi şairdir. Nəsimi yazdığı qəzəllərlə Azərbaycan ədəbiyyatının zirvələrindəndir.  Əsərlərində Azərbaycan türkcəsini bütün incəliklərini ortaya qoymuşdur. Bu xidməti ilə Nəsimi dilimizin zənginləşməsində və formalaşmasında böyük xidmət göstərmişdir. Bu barədə geniş danışmayacağıq, çünki bizim sahəmiz deyil.
Nəsiminin qəzəllərinin əqidəvi yönünə gəldikdə isə heç şübhəsiz ki, qəzəllərində səslənən bəzi fikirlər öz zahiri ilə İslam əqidəsini əks etdirmir. Bir çox şeirlərində əsasən vəhdəti-vücud (panteizm) nəzəriyyəsi əksini tapmışdır. Bu nəzəriyyə yunan (Platon) fəlsəfəsinin İslam dünyasında bir növ əksidir ki, bəzi sufilər (Muhyiddin ibn Ərəbi) tərəfindən sonradan mənimsənərək işlənmişdir. Nəsimi bu cərəyanın təsirində qalmış və bu cərəyandan intişar edən hürufilik kimi aləmin varlığını səslərdə, səslərin də hərflərdə əks edildiyini və beləcə hərflərin də eyni zamanda insanın bədən üzvləri ilə əlaqədar olduğunu bildirən bir dünya görüşünü mənimsəmişdir. Bu əqidəyə görə eyni zamanda  Allah insanda təcəlli etmiş, insan da hərflər də təcəlli etmişdir. Məsələn ص [sad] hərfi insanın gözlərini, ا [əlif] hərfi insanın qamətini,  ل[ləm] hərfi insanın burnunu və s əks etdirir. Eyni zamanda bu görüşdə olanlar fars əlifbasında 32 hərf olmasına görə bu rəqəmi də müqəddəsləşdirməkdə idilər. Göründüyü kimi bu əqidə də həm yunan platonizmi, həm hind-İran fəlsəfəsi, hətta qədim yəhudi kabbalasının belə təsirləri vardır. Əlbəttə ki, bunlar Qurani dünya görüşü ilə tamamilə fərqlənir və ona ziddir.
Nəsimi nə qədər bu dünya görüşünü mənimsəmişdir bu da bir başqa söhbətin mövzusudur. Hərçənd ki, bir çox şerləri onun hürufi olduğunu deməyə əsas verir.
Onun “ənəlhəqq” sözü bəzi sufilər tərəfindən təvil edilsə də (yozulsa da) amma məsələn “Allahu əkbər ey sənəm, üzünədir sücudumuz” kimi şerindəki misralar zahirən tam küfrdür. Bu tip İslamın əsasına uyğun olmayan şerlər Nəsimi qəzəlləri arasında rast gəlmək mümkündür.
Zahirən dedikləri batil və küfr fikirlər olsa da bu gün bizdən yüz illərlə uzaqda olduğu, ölmədən əvvəlki halını bilmədiyimizə görə və bir çox dediklərinin sufilərin söylədiyi “şatahat” (cəzbə halında deyilən söz) qismindən ola biləcəyindən ehtiyat edərək onun kafir olduğu haqqında qəti bir fikir söyləyə bilmərik.
Babəkə gəldikdə isə, bilməliyik ki, əslində Babək sovet hakimiyyətinin bizə milli qəhrəman etdiyi şəxsiyyətlərdəndir. Babək Cənubi Azərbaycan ərazisində fəaliyyət göstərsə də əqidə və din olaraq xalis iranlı idi. Babək Xürrəmilər hərəkatının başında dayanmaqda idi. Xürrəmilik qadın və mülkiyyətin ortaqlığını müdafiə edən qədim İran dinlərindən biri, kommunizmin ulu babası məzdəkiliyin bir qoludur. Babək islamı qorxudan qəbul etmiş, ancaq ərəblərdən və müsəlmanlardan xoşlanmayan keçmişi atəşpərəst-məzdəki olan bir çevrədə böyümüşdü. Daim iranlılığı ilə fəxr edirdi. Təsadüfi deyil ki, böyüyəndə müsəlman adı Həsəni dəyişərək Sasani imperiyasının qurucusu Ərdəşir Papakanın ləqəbini özünə ad elədi. Ərəb dilində  [p] səsi olmadığına görə bu ad qədim müsəlman mənbələrində Papa  (və ya Patakan) adı Babəkin və ya Babək olaraq keçməkdədir. Babək ərəblərə və türklərə nifrət edirdi. Bu səbəbdən üzərinə əsasən türk əsilli sərkərdələr göndərilirdi. Təsadüfi deyil ki, edam edildiyi zaman türk əsgərlərə verildi. Onlar da onu türk hərbi birliklərinin yerləşdiyi Samirə şəhərində xəlifənin gözü qarşısında edam etdilər.  (Babək və Xürrəmilər barədə baxın Muhamməd Əbu Zəhra “Məzhəblər tarixi”, Türkiyə Diyanət Vakfı İslam ensiklopediyası, Babək və Xürrəmilər məqaləsi, Ziya Bünyadov “VII-IX əsr Azərbaycan tarixi).
Doğrusunu bilən Allahdır.

 

Read Previous

Qarabağ Döyüşlərində Ölən Şəhid Sayılırmı?

Read Next

MERAC VƏ NAMAZ

One Comment

  • Salam müsəlmanların üzərinə olsun.Əhsən!Həcmcə lakonik olsa da dəyərli araşdırmadır.Bilmədiyimiz məlumatları aldıq, sağ olun!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.