• 02 İyul 2020

Nafilə Namazlar

Fərz və ya vacib namazlardan başqa namazlara nafilə namazlar deyilir. Fərz namazlardan əvvəl və sonra qılınan sünnə namazlar, həmçinin zuha, təhəccüd, əvvabin namazları ilə tətəvvü olaraq qılınan namazlar nafilə namazlardır. Bəzi İslam alimləri sünnə ilə nafiləni ayırd edərək namazları ümumi olaraq fərz, vacib, sünnə və nafilə namazlar olmaqla dördə bölürlər.

Sünnə namazların rükətlərinin sayı belədir: sübh namazının iki rükət sünnəsi, günorta namazının dörd rükət ilk və iki rükət son sünnəsi, ikindi namazının dörd rükət sünnəsi, axşam namazının iki rükət sünnəsi və gecə namazının dörd rükət ilk və iki rükət son sünnəsi.

Cümənin dörd rükət ilk sünnəsi, fərzindən sonra, dörd rükət son sünnəsi və iki rükət də “vaxtın sünnəsi” adı ilə başqa bir sünnə vardır.

Təravih namazı iyirmi rükətdir. Digər nafilə namazlar da ən azı iki rükət olur.

Namazlara bitişik olaraq qılınan sünnə namazlara “rəvatib” deyilir. Bunlardan sübh, günorta, axşam namazları ilə gecə namazının son sünnəsi ” müəkkəd”, ikindi və gecə namazlarından əvvəl qılınan sünnələr isə “qeyri-müəkkəd” və ya müstəhəb və məndub namazlar adlanır. Müəkkəd sünnə Hz. Peyğəmbərin (s.ə.s) daim qıldığı, nadirən tərk etdiyi nafilə namazlardır. Qeyri- müəkkəd isə daim qıllndığına dair qəti dəlil olmayan nafilə namazlardır.

Rəvatib sünnələrdən başqa digər nafilə namazlara isə “rəqaib” deyilir. Bunlar Hz. Peyğəmbərin tətbiqatına əsaslanaraq müəyyən zamanlarda və ya bəzi səbəblərlə qılınan yaxud insanın öz istəyi ilə hər hansı biz zamanda Allaha yaxınlaşmaq, mükafat qazanmaq və əcr almaq məqsədilə qıldığı namazlardır. Təhəccüd, zuha, istixarə, istisqa (yağış), xüsuf, küsuf, təhiyyətül-məscid, tövbə, əvvəbin, təsbeh, ehrama giriş, səfərə çıxma və səfərdən qayıtma, hacət, dəstəmaz və qüsldən sonra qılınan namazlar rəqaib növündən nafilə namazlardır.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 4 dəfə.

Fərahim Əzizov

Read Previous

NƏ ÜÇÜN QURAN ÖYRƏNMƏLİYİK?

Read Next

XƏSTƏLİYİN ÖZ-ÖZÜNƏ YOLUXMASI YOXDUR! – Hədisinin Açıqlaması