• 19 Mart 2024

Namaz və xuşu


Möhtərəm möminlər, Uca Rəbbimiz, Qurani Kərimdə, namazlarını xuşu ilə qılan möminlərin qurtulacaqlarını belə xəbər vermişdir:
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
“Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarda (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər”
O halda qurtulmaq üçün namazı xuşu ilə qılmaq şərtdir. Xuşu, imanın özü, namazın ruhudur. Xuşu, mamazda dünya ilə əlaqəni kəsib, bütün varlığımızla Allaha yönəlməkdir. Allahın böyüklüyü qarşısında öz acizliyimizi idrak etməkdir.
Bu barədə Peyğəmbərimiz (səs) bir hədisi şərifində belə buyurur:
“(Ömrünə, qohum və əqrabasına) vəda edən (və yalnız Allaha yönələn) kimsə kimi namaz qıl. Onu görürmüş kimi Allaha qulluq et. Sən Onu görməsən də şüphəsiz O səni görür.”
Bir nəfər Rəsulullahın (s.ə.s) yanına gəlib:
“Ya-Rəsulallah! Mənə (dini) öyrət, ancaq qısa və konkret olsun!”-dedi.
Bunun müqabilində Peyğəmbərimiz (s.ə.s) belə buyurdu:
“-Namaza durarkən, dünya ilə vidalaşan biri kimi namaz qıl! Üzr istəməyə məcbur olacağın bir sözü söyləmə! İnsanların əlində olan şeylərdən də ümidini kəs!”
Başqa bir hədisi şərifdə isə belə buyururlur:
“Sahibini dinə, ədəbə uyğun olmayan pis şeylərdən çəkindirməyən namaz, Allahdan uzaqlaşmaqdan başqa birşeyə yaramaz.”
“Kimin namazı ona yaxşılıqları əmr etmir və onu pisliklərdən çəkindirmirsə, o namaz Allahdan uzaqlaşdırmaqdan başqa bir işə yaramaz.”
Abdullah bin Şıhhır (r.a) Peyğəmbərimizin namazdakı xüşu halını belə izah edir:
“Bir dəfə Rəsulullahın (səs) yanına getmişdim. Namaz qılır və ağlayırdı. Sinəsindən sanki qaynayan qazan səsi gəlirdi.”
Bir gün Əbu Cəhm (r.a) Rəsulullaha (səs) üzəri naxışlarla işlənmiş zərif bir paltar hədiyyə etdi. Allah Rəsulu (səs) həmin paltarla namaz qıldı. Namazı bitirən kimi Hz. Aişə anamıza:
“Bu paltarı Əbu Cəhmə qaytar, namazda gözüm naxışlarına sataşdı. Az qala namazda fikrimi yayındıracaqdı.”-buyurdu.
Bir gün Hüzeyfə (r.a) məscidə girəndə bir nəfərin namaz qıldığını, ancaq rüku və səcdələri tam yerinə yetirmədiyini gördü. Namzdan sonra ondan:
“Neçə ildir namaz qılırsan?”-deyə soruşdu.
Həmin adam:
“-Qırx ildir.”-dedi.
Hezeyfə (r.a)
“Sən qırx ildir namaz qılmırsanmış. Əgər bu şəkildə namaz qıla-qıla ölsən, namaz qılmayan kimsə kimi ölərsən”-dedi və ona namazı necə qılacağını öyrətdi.
Sonra da:
“-İnsan namazını xəfif (qısa) qıla bilər, ancaq rüku və səcdələrini tam icra etmək şərti ilə!”-dedi.
Hz. Aişənin nəql etdiyinə görə anası Ümmü Ruman (r.anhə) belə demişdir:
“Namaz qılarkən sağa-sola yırğalanırdım. Əbu Bəkr bunu görüb məni elə məzəmmət etdi ki, az qala namazı pozacaqdım. Sonra da mənə Rəsulullahdan (s.ə.s) belə hədis eşitdiyini söylədi:
“Hər hansı biriniz namaza duranda hər tərəfi hərəkətsiz və xüşu içində olsun, yəhudilər kimi yırğalanmasın. Çünki namazda əzaların hərəkətsizliyi namazı tamamlayan xüsusiyyətlərdən biridir.”
Abdullah bin Əbu Bəkr (r.a) də belə nəql edir:
“Əbu Talha (r.a) öz bağçasında namaz qılırdı. Dübsi deyilən bir quş bağçasından çölə çıxmaq üçün uçdu, çıxacaq yer tapa bilməyib sağa-sola çırpınmağa başladı. Bu hal Əbu Talhanın xoşuna gəldi və bir an gözləri ilə onu izlədi. Sonra namazına davam etdi, amma neçə rükət qıldığını unutdu. Bunun müqabilində bu malım-mülküm fitnəyə səbəb oldu, namazdakı xüşu halımı pozdu deyə düşünərək Allah Rəsulunun (s.ə.s) yanına getdi. Bağçada başına gələn hadisəni danışdı və:
“-Ey Allahın Rəsulu! Bu malım Allah üçün sədəqədir, istədiyiniz kimi istifadə edə və istədiyiniz yerə verə bilərsiniz.”-dedi.”
Hz. Peyğəmbərimizin (s.ə.s) əhli-beytindən olan Hz. Zeynəlabidin dəstəmaz almaq üçün qalxanda saralıb-solar, namaza başlayacağı zaman da ayaqları titrəyərdi.
Səbəbini soruşanlara:
“Kimin hüzuruna çıxacağımdan xəbəriniz yoxdurmu?”-deyərdi.

6 Sentyabr 2017/ 15 Məhərrəm 1439

Read Previous

Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb

Read Next

Boşanma

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.