• 19 Aprel 2024

Ölümdən sonrakı həyat

  İslam inancına görə, dünyanın başlanğıcı olduğu kimi sonu da vardır. Uca Yaradandan başqa heç kim, heç nə əbədi və əzəli ola bilməz. Bu səbəbdən Axirət inancı dinimizdə imanın şərtlərindən hesab edilir. “Əl-yəvmul axir” adlandırılan və “sonuncu gün” mənasını verən bu ifadə yaşadığımız dünyanın sonu və yeni həyatın başlanğıcı deməkdir.

Axirət inancı Allah-Təala tərəfindən göndərilən bütün dinlərdə vardır. Çünki səmavi dinlərin ana qayəsi bəşəri müstəvidə əxlaqın qorunması, sosial bərabərləyin, eləcə də ədalətin təmin olunmasıdır. Dini mənbələrdə Allah-Təalanın bu amili nəzərə alaraq dünyanı fani və imtahan üçün yaratdığı bildirilir. İslam dinində insanların ömrünü necə dəyərləndirməsindən asılı olaraq və əməllərinin müqabilində əsl ədalətin axirətdə olacağı vədi verilir. Yaxşı ilə pisin, zalımla məzlumun hesaba çəkiləcəyi o gün Qurani-Kərimin ilk surəsi olan “Fatihə” də “yəvmud-din” (əməllərin qarşılığı veriləcəyi gün) kimi ifadə edilmişdir. 

  Bəs görəsən, bu nə vaxt baş verəcəkdir? Bütün insanlığı düşündürən bu sualın cavabı hələ də axtarılmaqdadır. Dinindən asılı olmayaraq bəzi alimlər konkret tarix təyin etsələr də, dünyanın sonu kerçəkləşməmişdir. Çünki dünyanın sonunun nə vaxt olacağını Uca Allahdan başqa   heç kəs bilə bilməz. əl-Əraf surəsi 187-ci ayədə belə buyurulur: (Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”

Axirətin başlanğıc mərhələsi qəbir həyatı hesab edilir. Qiyamətin qopacağı anadək davam edəcək bu zamana “bərzəx” həyatı deyilir. Ümumiyyətlə, Axirət həyatı üç mərhələyə ayrılır. Birincisi, Qiyamətin qopmasıdır. Bu, kainatdakı nizam və intizamın pozulması ilə başlayacaqdır. Qəflətən və surətlə baş verəcək hadisənin dəhşətləri barədə Qurani-Kərimdə bir çox ayələr vardır. Həmin ayələrdə Qiyamətin qopacağı an təsvir edilərkən uşaqların saçlarının ağaracağı, körpə əmizdirən anaların övladlarını unudacağı və bütün insanların çaşbaş qalacağı bildirilir.

Haqq-hesab günü olan ikinci mərhələ İsrafil əleyhissalamın təkrar “sur”a üfürməsi və qəbirlərdəki hər kəsin dirilib məhşərə toplaşması ilə başlayacaqdır. Burada hər kəsin əməl dəftəri gətirələcək və tək-tək sorğu-sual ediləcəkdir. Üçüncü mərhələdə isə tərəzidəki əməllərin hansı daha ağır olacağı önəm daşıyacaqdır. Yaxşı əməlləri çox olanlar Cənnətə, günahları ağır gələnlər isə Cəhənnəmə göndəriləcəkdir.

 Yazımı Həzrət Əli (r.a.) ilə bir münafiq arasında keçən dialoqu sizə ərz etməklə yekunlaşdırıram: Rəvayət olunur ki, münafiqlərdən biri Həzrəti Əlidən (r.a.) soruşur: “Ey Əli! Sən bütün günü ibadət edirsən, var-dövlətini kasıblara paylayırsan. Səni maddi cəhətdən bu dünya ilə heç nə bağlamır. Bütün bunların əvəzini o dünyada görəcəyinə ümid bəsləyirsən. Bəlkə Axirət olmayacaq?”. Həzrət Əli (r.a.) münafiqə belə cavab verir: Əvvəla mənim axitət inancımda heç bir şüphəm yoxdur. Axirət haqdır və hər kəs əməllərinin qarşılığını orada alacqdır. Bütün bunlara rəğmən sənin düşündüyün kimi əgər axirət olmayacaqsa mənim  itiricəyim bir şey yoxdur. Həyatımı vicdanlı, dürüst bir insan kimi yaşayıram. Lakin hər şey həqiqətə çevrilsə, yəni Axirət varsa, Haqq-hesab günü olacaqsa, onda öz aqibətini heç düşünürsənmi?”

Vüqar Məmmədov.

Read Previous

Allahın razı qaldığı nəsil

Read Next

SƏSGÜCLƏNDİRİCİ İLƏ OXUNAN AZAN İSLAM DÜŞMƏNİNİ NARAHAT ETDİ