• 09 Avqust 2020

ÖLÜYƏ QURAN OXUMAQ CAİZDİRMİ?

Qurani-Kərim oxuyub savabını vəfat edən kimsəyə bağışlamaq da onlar adına edilən xeyirli işlərdəndir. Çünki Quran oxumaq da ibadətdir və bu əməl nəticəsində mömin savab qazanar. Quran oxunması səbəbilə əldə edilən ilahi rəhmətdən ölünün də istifadə edə bilməsi üçün xüsusilə “Yasin” surəsinin oxunması İslam dünyasında tətbiq edilən əməllərdəndir. Necə ki, bir hədisi-şərifində Həzrət Peyğəmbər (s.ə.s) belə buyurur: “Yasin Quranın qəlbidir. Bir kimsə onu Allahın rizasını və axirət yurdunu istəyərək oxuyarsa, şübhəsiz ki, onun günahları bağışlanar. Ölülərinizə (can üstündə olanlarınıza) “Yasin” surəsini oxuyun!”[1] Digər bir hədisində də Allah Rəsulu: “Sizdən biri vəfat edəndə onu çox gözlətməyin! Tez onu qəbrə qoyun! Qəbrinin baş ucunda “Fatihə” surəsi, ayaq ucunda da “Bəqərə” surəsinin sonu (Amənərrəsulu) oxunsun!” – buyurmuşdur.[2]

Digər tərəfdən Həzrət peyğəmbərin səhabələrindən Əla ibn Ləclac nəql edir ki, atası Ləclac vəfat edərkən belə vəsiyyət etmişdi: “Məni qəbrə qoyduğunuz zaman “بِسْمِ اللهِ وَعَلٰى سُنَّةِ رَسُولِ اللهِ (Allahın adı ilə və Allah Rəsulunun sünnəsi üzrə)” deyin və üstümə torpaq atın! Baş ucumda “Bəqərə” surəsinin əvvəlini və son hissəsini oxuyun! Həqiqətən, mən Abdulla ibn Ömərin belə bir davranışı xoş qarşıladığına şahid oldum”.[3] Tabeun nəslinin böyük hədis alimlərindən olan İmam Şəbi belə deyir: “Ənsardan olan səhabələr cənazənin yanında “Bəqərə” surəsini oxuyurdular”.[4] Tabeun nəslindən olan Cabir ibn Zeydin də cənazənin yanında “Rəd” surəsini tilavət etdiyi mənbələrdə qeyd olunur.[5]

Bütün bu rəvayətlərdən də aydın olur ki, qəbirləri ziyarət etmək, orada dəfn olunanlara salam verib onlar üçün istiğfar etmək, onların adına xeyirli işlər  görüb Quran oxumaq həm dirilər, həm də ölülər üçün rəhmət vəsiləsidir. Onu da unutmamalıyıq ki, Həzrət Peyğəmbərin və səhabələrinin davranışını özümüzə nümunə götürüb bu işdə həddi aşmamalı və ifratdan uzaq durmalıyıq.

[1] Əhməd ibn Hənbəl, “Müsnəd”, V, 26.

[2] Təbərani, “Mücəmül-kəbir”, XII, 340; Deyləmi, “Müsnəd”, I, 284.

[3] Heysəmi, III, 44.

[4] İbn Əbu Şeybə, “Müsənnəf”, II, 445/10848.

[5] İbn Əbu Şeybə, “Müsənnəf”, II, 445/10852.

f.f.d. Ələddin SULTANOV

islamveirfan

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 26 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Aya Sofyanın muzey statusu ləğv edildi

Read Next

ZƏKAT İSLAMIN ŞƏRTİDİR