• 20 Avqust 2019

Osmanlı padşahları nə üçün həccə getmədi?

osmanli-padisahlari[1]

Bütün Osmanlı padşahları dinə həssas yanaşsa da, heç biri həccə getməyib. Bəs bunun səbəbi nə idi?

Osmanlı dövründə hacı olmaq istəyən padşaha icazə verilməyib. Gənc Osman həccə getmək istədikdə alimlər ona “Vacib deyildir!” deyib. Bəs Osmanlı padşahları nə üçün həccə getməmiş, nə üçün alimlər “Vacib deyildir” cavabını vermişlər. Tarixə nəzər yetirək…

Həccə gedən yeganə şahzadə

Osmanlı padşahlarının hamısı dinə həssas yanaşmışdır. Buna baxmayaraq, heç biri həccə getməyib. Osmanlı xanədanında, padşahları bir kənara qoysaq, hətta şahzadələr arasında da Cem Sultandan başqa heç kim həccə getməyib. Osmanlı xanədanında həccə getmək üçün ilk ciddi addımı atan II Bəyazit olub. Şahzadəsi və valisi olduğu Amasyadan həccə getmək üçün yola çıxdığı zaman atası Fateh Sultan Mehmetin ölüm xəbərini alan II Bəyazit, xəbərlə yanaşı bir məktub da almışdı.

Dövlət idarəçiliyində boşluq yolverilməzdir

Bu məktubda, II Bəyazit üçün dərhal İstanbula qayıdıb taxta keçməsi, həccə xalqın və dövlət idarəsində vəzifəsi olmayanların gedəcəyi, dövlət idarəçilində boşluğun yolverilməz olduğu, əks halda düşmənin hakimiyyət boşluğunu fürsət bilərək Osmanlı Dövlətinə hücum edəcəyilə bağlı xəbərdarlıqlar yazılmışdı.

Nə üçün həccə getmədilər?

Padşahların həccə getməmək səbəbləri arasında iki səbəb çox mühümdür. Bəziləri burada təhlükəsizlik səbəbini irəli sürür, bəziləri isə dövlətin başsız qalma təhlükəsini nəzərə almadıqlarını və cihada daha çox əhəmiyyət verdiklərini bildirirlər. O dövrdə bir insanın həccə gedib-qayıtması ən azı 3 ay çəkirdi. Buna görə də bir padşahın həmin müddət ərzində işindən uzaq qalması qarışıqlıqlara səbəb olub fitnə yarada bilərdi. Bundan başqa, padşahlar adi vətəndaşlar kimi tək halda həccə gedə bilməzdilər. Quru və dəniz yolunda məruz qalacaqları hücuma qarşı mütləq özlərilə ordu olmalı, yəni həccə, döyüşə gedən kimi getməliydilər.

Ənənəyə çevrildi…

Osmanlı padşahları və onlara təsir edən alimlər, II Bəyazitdən başlayaraq bir padşahın, şəxsi ibadətlərinə görə dövlət rəhbərliyi vəzifəsindən aylarla uzaq olmasını doğru hesab etməmişlər. Yəni bu davranışda şəxsi ibadətlərini ictimai xidmətlərindən əhəmiyyətli hesab etməmək düşüncəsi üstün gəlmiş və bu, müəyyən vaxtdan sonra xanədanın kişiləri üçün mübahisəsiz ənənəyə çevrilmişdi.

Şeyxülislam fətva verdi

Belə ki, II Osman da həccə getmək niyyətini bildirdikdə, əvvəl qayınatası şeyxülislam Əsəd Əfəndi buna qarşı çıxaraq “Padşahlara həcc lazım deyil. Bunun əvəzinə oturub dövləti ədalətli idarə etmək daha yaxşıdır. Əks təqdirdə fitnə yarana bilər” fətvasını vermişdi. Osmanlı padşahlarının həcc kimi şəxsi fərz üçün dövlət işlərini aylarla bir kənara qoyması dinə uyğun hesab edilməmişdir.

 

 

 

 

/din.az/

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 145 dəfə.

Müşfiq Xəlilov

Read Previous

“Müsəlmanların lideri” seçildi

Read Next

Müsəlmanın yeni il şənliyi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.