• 22 Mart 2019

Peyğəmbərimizi Tanıyaq II Hissə

Əziz Möminlər, Həzrət Peyğəmbərimiz (səs) ehtiyacı üçün yanına gələnlərlə baş-başa oturar, onlar durmadıqca o da yerindən qalxmazdı.

Ondan bir şey istəyəni əliboş geri qaytarmazdı. Ən azından, onu xoş sözlə yola salardı.

İnsanlar onun gözəl əxlaqına valeh idilər. O, onlara ata idi. Ayrı-seçkiliyi sevmirdi.

Həmişə üzü gülürdü. Xasiyyəti ürəkaçan idi. Yumşaq təbiəti vardı. Qaba deyildi. Nə bağırar, nə hay-küy salar, nə də nalayiq danışardı. Nə çoxluca məzəmmət edər, nə də həddən artıq tərifləyərdi. Tərifçilik və məddahlıqdan xoşu gəlməzdi.

Həzrəti Aişə (r.a.)belə rəvayət edir:

“Heç kəs Peyğəmbərdən (səs) daha gözəl əxlaqa sahib deyildi. Səhabələrindən və ya ailə üzvlərindən biri onu çağırdığı zaman “buyur” (ərəbcə: ləbbeyk) deyərdi”.

Cərir ibn Abdullah(r.a.) belə deyir:

“Yadıma gəlmir ki, müsəlman olmağımdan sonra Peyğəmbər (səs) hər dəfə mənimlə görüşdüyündə üzümə gülümsəməsin”.

Səhabələri ilə zarafat edir, onlara qaynayıb-qarışır, uşaqlarla oynayır, onları belində gəzdirirdi.

Azad, kölə, cariyə (kəniz), kasıb, dul – hər kəsin dəvətini qəbul edər, Mədinənin ən ucqar yerlərinə xəstə ziyarətinə gedərdi. Üzrlü şəxslərin üzrxahlığını başa düşərdi.

Ənəs ibn Malik (r.a.) rəvayət edir ki, birisi əyilib Peyğəmbərin qulağına söz demək istədiyində başını elə tuturdu ki, sanki özü həmin şəxsə nə isə demək istəyir. Əllə görüşdüyü zaman qarşı tərəf əlini çəkmədikcə o da çəkməzdi. Rastlaşdığı şəxsə əvvəlcə salam verər, sonra hal-əhval tutardı. Səhabələri ilə görüşdüyündə əllərini sıxardı.

Evinə gələnə ehtiram göstərər, bəzən paltarını yerə sərər, bəzən də döşəyini qonağına verərdi ki, üzərində əyləşsin. Qonağı istəməsə də, israr edərdi ki, döşəyinin üzərində otursun.

Səhabələrinə künyələr qoşar, onları ən gözəl adlarla çağırardı. Çünki onlara hörmət edirdi. Heç kəsin sözünü ağzında qoymazdı. Gözləyərdi ki, qarşı tərəf sözünü tamamlasın, ya da ara versin.

Ənəs ibn Malik (r.a.) rəvayət edir ki, bir dəfə Peyğəmbərə (r.a.) bir hədiyyə gətirmişdilər. Dərhal belə demişdi: “Bu hədiyyəni filankəsin evinə aparın. O, Xədicənin rəfiqəsidir və onu (sağlığında) çox sevirdi”

Həzrəti Aişə (r.a.) belə deyir:

“Xədicəni qısqandığım qədər heç bir qadını qısqanmadım. Peyğəmbərimiz onun barəsində çox danışırdı. Qoyun kəsdiyi zaman onun rəfiqələrinə də pay göndərərdi. İmkan yaratmışdı ki, Xədicənin bacısı tez-tez onun yanına gəlsin. Hər dəfə gəldiyində Həzrət Peyğəmbərin eyni açılardı. Bir gün Peyğəmbərin yanına bir qadın gəlmişdi. Gəlişinə çox sevindi, hal-əhval tutdu. Qadın getdikdən sonra dedi: “O, bizə Xədicə sağ ikən gəlib-gedərdi. Vəfakarlıq imandandır”.

Əbu Qətadə (r.a.) nəql edir: Bir dəfə Nəcaşinin göndərdiyi adamlar gəlmişdilər. Həzrət Peyğəmbər (səs))özü onlara qulluq etməyə başladı. Səhabələri ona etiraz etdilər: “Bəsdir sən etdin, indi də biz edək.” Peyğəmbər (səs) dedi: “Onlar səhabələrimizə böyük ehtiram göstəriblər. Mən də onlara eyni ehtiramı göstərmək istəyirəm”.

Əbu Ümamə (r.a.) deyib: “Peyğəmbər (səs) əsasına söykənə-söykənə yanımıza gəlmişdi. Onu görüncə ayağa qalxdıq. Dərhal dilləndi: “Bir-birlərinə baş əyərək ayağa qalxan yadellilər (əcəmlər) kimi etməyin”.

Başqa bir yerdə demişdi: “Mən də adi bəndəyəm, adi bəndələr kimi yeyir və otururam”.

Qatırına mindiyi zaman tərkinə başqalarını da alardı. Yoxsullara baş çəkir, kasıb-kusubla oturub-dururdu. Səhabələri ilə yanba-yan əyləşərdi. Məclislərdə başa keçməz, harada boş yer görsə, orada da oturardı.

Məkkəni fəth edib, ordusu ilə oraya daxil olduğu zaman dəvəsinin belində idi. Ancaq təvazökarlığından başını o qədər əymişdi ki, az qala, dəvənin belinə toxunsun.

Susmağa üstünlük verər, yersiz danışmağı xoşlamazdı. Gülməyi təbəssüm şəklində idi. Konkret və aydın danışar, nə uzunçuluq edər, nə də söz deməkdə xəsislik göstərərdi.

Səhabələri də onun yanında təbəssümlə gülərdilər. Çünki onu özlərinə nümunə götürmüşdülər.

Onun əyləşdiyi yerdə mülayimlik, xeyir və əmin-amanlıq olardı. Nə ucadan bir səs eşidilər, nə də kiminsə xətrinə toxunulardı. Danışmağa başlayan kimi, səhabələri başlarında quş varmış təki sakitcə onu dinləyərdilər.

Aramla yeriyər, nə tələsər, nə də ləngiyərdi.

Həzrəti Aişəyə (r.a.) görə, Peyğəmbər (səs) elə aydın və açıq danışırdı ki, dediyi sözləri saymaq olardı.

Xoş şeyləri, gözəl qoxuları sevir, ətirdən tez-tez istifadə edirdi.

Ardı-arda qələbələr qazansa da, dünyanın “tez solan gülü” nə aldanmadı. Ailəsini dolandırmaq üçün vəfatından qabaq bir yəhudiyə zirehini girov qoymuşdu. Dünyadan köçdü, zirehini də geri almağa macal tapmadı.

      Peygamberimizi taniyaq II hisse

 

20  Aprel  2012 / 29  C. Əvvəl  1433

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 87 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Mövzu: Küfr Nədir

Read Next

Quran və Hədislərdən kimlər hökm çıxara bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir