• 28 Mart 2024

Qəflət və qafil insan

     Əziz möminlər, Qəflət qulun axirətini zəhərləyən xəstəlikdir və bu xəstəliyi qulun onu yoxdan yaradan Rəbbini unutması kimi tərif edə bilərik. Belə ki, Uca Allahı unudan insanın qəlbi qəflətə düşər və əməlləri ona axirətdə heç bir fayda verməz.

Allah Təala öz kitabında buyurur:

“Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir!” (əl-Həşr, 19).

Qəflət ani zövqlər uğrunda əbədi xoşbəxtliyi təhlükə altında qoymaq, fani olan dünya həyatını əbədi cənnət həyatına qurban verməkdir. Qəflətə düşən insan okeanın ortasında sükanı sıradan çıxan gəmiyə bənzəyir. Çünki sükanı qırıq gəminin harada suya qərq olacağı belə bəlli deyildir. Görəsən, neçə insan üzərindəki qəflət pərdəsini aralayaraq, bir gün dünyadan köçəcəyinin fərqinə vararaq, ayıq-sayıq yaşayır?

Belə bir rəvayət nəql edilir: Dükanı şəhərin girəcəyində olan bir nəfər vardı. Bu şəxs nə zaman bir cənazənin şəhərdən çıxarıldığını görsə, yanındakı qaba bir meyvə çəyirdəyi atar və bir ay sonra çəyirdəkləri sayaraq: “Bu ay filan qədər insan qaba düşdü!” – deyərmiş. Bir gün əcəl onun da qapısını döyür. Dükan sahibinin öldüyündən bixəbər olan dostu onu ziyarət etməyə gəlir, dükan sahibini tapa bilmədikdə qonşularından onun harada olduğunu soruşur. Qonşuları isə bir ağızdan: “O da qaba düşdü!” – deyə cavab verirlər…

Əslində insan ömrü boyu dəfələrlə ölümlə üz-üzə gəlir. Belə ki, düçar olduğu xəstəliklər, gözlənilməz fəlakətlər, üzləşdiyi təhlükələr ölümlə insan arasında çox nazik pərdə olduğunun göstəricisi deyilmi?

Qafil insan dünyaya nə üçün göndərildiyinin fərqinə varmaması ucbatından bir gün hökmən ölümlə qarşılaşacağı, yenidən diriləcəyi və Allahın hüzurunda hesab verəcəyi həqiqətini unudur. Belə insan ilahi nemətlər qarşısında nankorluq edir, günah əməllər işləyir. Cahillik, şəhvət, ehtiras, təkəbbür, qürur, paxıllıq və qəzəb kimi xoş olmayan və insanı zəlalətə aparan məqamlar belə insanın xüsusiyyətlərindəndir.

Müqəddəs kitabda bu xüsusiyyətlərdən bəziləri aşağıdakı kimi bildirilir:

“O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).

Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.

Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!” (əl-Hüməzə, 2-4);

“(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi” (əl-Əraf, 12);

“Nəhayət, (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!). Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!” (əl-Qəsəs, 81-82);

Axmaq insan nəfsinin istəklərinə tabe olduğundan dolayı qəlbini möhürləmişdir. O, sonsuz axirət həyatı qarşısında müvəqqəti olan və yox olub gedən dünya həyatına aldanmışdır.

İnsanların beyinlərindəki “Həyat nədir?” sualına yalnız torpağın rütubəti və məzar daşlarının sükutu cavab olacaqsa, belə qafil bir həyatdan daha pis nə ola bilər?

İmam Şafei bu barədə nə gözəl deyib: “İki xəstəlik vardır ki, təbiblər onları sağalda bilməzlər. Bu axmaqlıq və qocalıqdır”.

Xülasə, qafil insan Quran və Peyğəmbərin (s)  sünnəsi ilə tərbiyə olunmadığına görə nəfsinin qaranlıqları içərisində hökm verir, verdiyi hökmlərin doğru olduğunu zənn edir.

Möhtərəm möminlər, Xütbəmi bir ayə ilə yekunlaşdırıram:

“(Ya Rəsulum!) Onlara  ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!” (əl-Əraf, 175-176).

Qeflet ve Qafil insan

06  İyun  2012 / 16  Şaban  1433

 

Read Previous

İyul 2012

Read Next

Mövzu: Əsmaul husna nə deməkdir? Nəyə and içmək olmaz?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.