• 19 Aprel 2024

Qara yanvar hadisələrinə mətbuatın baxışı

20yanvar1990SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı, mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi.

Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: “Yaxşı yadımdadır 20 Yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər -Yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 Yanvar gecəsi – Mirzə Xəzərin səsi – möcüzə idi! Bəlkə “ah, nalədən” boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər – 20 Yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi”.

Sovet sistemi nə qədər qapalı olsa da, xarici ölkələrin informasiya agentlikləri, mətbu orqanları Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciədən xəbər tutaraq öz münasibətlərini, öz mövqelərini bildirmişdilər. Dünya mətbuatında 20 Yanvar faciəsi haqqında yazılan informasiyalar həcmcə kiçik olsa da, mənaca, mahiyyətcə çox dolğundur. Sözlər, fikirlər həqiqəti əks etdirir.

Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanm qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir. The Guardian qəzeti, 22 yanvar 1990-cı il.

Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər. 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular. Los Angeles Times qəzeti, 23 yanvar 1990-cı il.

Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir. The Times qəzeti, 29 yanvar 1990-cı il.

Bakının işğalından sonra öz torpağına bütün varlığı ilə bağlı olan hər bir azərbaycanlının qəlbində Moskvaya və Mixail Qorbaçova qarşı dəhşətli bir nifrət hissi yaranmışdı. Vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır. İndi adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinədək uşaqlı-böyüklü hamı dərk edir ki, Moskva öz hüquqlarının bərpası uğrunda ayağa qalxmış milləti susdurmaq üçün Bakıya qoşun yeridib, günahsız qanlar töküb. The New York Times qəzeti, 18 fevral 1990-cı il.

Read Previous

20 yanvarda hərbi müdaxilə

Read Next

Allaha məhəbbət

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.