• 18 Aprel 2024

Qardaşlıq yoxsa müsiqidəki haramlıq

Qardaşlıq yoxsa müsiqidəki haramlıq

İnsan dəyişkən təbiətli, daima yeni bir şeylər axtarmağa və əylənməyə meyllidir. Bu onun fitrət yönündən gələn həyatdakı nəfsani tələbləridir ki, ətrafımızda olan hər bir şeyin üzərimizdə haqqı olduğu kimi bu istəklərimizin də üzərimizdə haqqları vardır. Xeyir iş, toy şənlikləri evlənən gənclərin gələcək üçün xeyirli bir ailə müəssisəni qurmaq, cəmiyyətə Allahın lütf etdiyi saleh övladlar bəxş etməsi üçündür.

 

Toy kimi xeyir işlər hər bir gəncin həyatında ən böyük dəyişiklikdir. Valideynlərinin, özünün razılığı ilə ailə quran insanlar arasında elə birisi yoxdur ki, məhz bu gününü matəm kimi keçirsin. Nəfsimizin ələmatdar günlərimizi şadyanalıqla qeyd etməyi istəməsi, bu günlərdə əylənməyimiz əslində insanlığımızın ortaya qoyduğu ən zəruri şərtlərdir. Hətta Allah rəsulunun (s.a.s.) dövründə belə toy şənlikləri bu gün kimi dəbdəbəli olmasa da, dəflə və yaxud xalq oyunları, tamaşaları ilə qeyd olunardı. Doğrudur bu günün toy şənlikləri nə qədər də formatından çıxsa da, pozulan sistemi özümüz də format edə bilərik. Yəni çox vaxt ətrafımızda eşitdiyimiz, rast gəldiyimiz məsələlərdən biri də illərlə dostluq, qardaşlıq yolunu gedən müsəlman qardaş və bacılarımızın musiqi olan toylara getməməsi və iştirak etməməsidir. Qəribədir musiqinin hökmü barədə bütün alimlərin rəyi sabitdirmi? Musiqi kimi şübhəli məsələ ucbatından uzun bir qardaşlıq yolçuluğunun üzərindən xətt çəkmək, sanki bu illəri, ömürü bir paylaşmadıqlarını unutmaq nə qədər doğrudur? Dinimizin bizdən tələb etdiyi qadağalara sarılmaq bu şəkildəmi olmalıdır, yoxsa ən vacib haramlar qarşısında kiçik haramlara girə bilmə mübahlığımız var? Yoxsa yoldaşımızın ən əziz günündə ürək arzularını bildirmədən, sən Allahın haram buyurduğu şəkildə toyunu etdirdin deyib, bütün ən böyük haramların açıq şəkildə işləndiyi, lakin, çox vaxt heç birimizin üzərində heç bir təsir buraxmadığını düşündüyümüz dövrdə musiqi kimi “toya gediləsi” məsələyə görə dostumuzun yanında olmaqdan çəkinməliyikmi? Əslində sualları artırmaq olar, amma bu şəkildə düşünən və düşüncələrinə görə müsəlmanların ən sevimli günlərində onların yanında yer almayanların fikirləri qəribədir! Sanki artıq insanlar elə bir zühd həyatına sahibdirlər ki, nə gözləri haram görür, nə qulaqları haram eşidir, nə də ki, haram loxma yeyirlər!!! Amma dinimizin tələb etdiyinə gəlmədən öncə qardaşlıq və dostluq gərəyi qəbul olunan şərtlərdən danışmalıyıq ki, buna cahiliyyə ərəbləri belə bizdən yaxşı əməl edirdi. Qatil, zinakar v.s. nəslin istənilən üzvünə sahib çıxmaq, qəbilə təəssübkeşliyi. Tənqid etdiyimiz cahillərin əməl etdikləri, qəbilələrin istənilən üzvünə verdikləri dəyər ölçüsü bundan ibarət idi. Müsəlman olaraq imanımızın təlqin etdiyi prinsipləri “Hamılıqla Allahın ipinə sarılın və təfriqəyə varmayın”1 yoxsa “Həqiqətən müsəlmanlar qardaşdırlar, buna görə də (aralarında mübahisə düşərsə) qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!”2 ilahi əmrləri “Allahın bərəkəti, köməyi camaatın üzərinədir” deyən peyğəmbərimiz (s.a.s.) də bu birlik, bərabərlik ölçüsünü həmişə yaşamağı bizə öyrətmişdir. Müsəlman olaraq imani kimliyimizə, həyatımız boyu qardaşımıza və qardaşlığımıza sadiq olmağımızın ən gözəl nümunəsi ən pis hallarda dostlarımızla bərabər olduğumuz kimi ən xoş anlarda da onlarla bərabər olmaqdır. “Dost dar gündə tanınar” atalar sözünü artıq müasir dövrümüzdə həm də “dost şad gündə tanınar” əlavəsi ilə geniş götürmək lazımdır. Bu gün musiqi kimi üzərində şübhə olan məsələyə görə qardaşlarımızı, Allah rızası üçün həyatlarını quran, maksimal dərəcədə Allahın haramlarından qorunmağa çalışan yaxınlarımızı (məs: əksər qardaşlarımız ailənin istəyi ilə toylarını musiqi ilə etsələr də, ailələrinin narazıçılığı ilə içkisiz edirlər) ən lazımlı anlarda tərk etməyimizin hansı yöndən izahı ola bilər bilmirəm?! Musiqinin hökmü üzərə isə alimlər arasında ixtilaf var, demək olar ki, digər bütün şəri məsələlərdə olduğu kimi. İmam Şafei musiqiyə Mədinədə ancaq fasiqlər qulaq asar, Əhməd ibn Hənbəlin, doğrusu mən qulaq asmıram, çünki qəlbə nifaq salır ifadəsi, Əbu Hənifənin də musiqiyə qarşı sərt çıxması musiqinin dinimizdə haram qəbul olunmasını ifadə edə bilər. Amma İbn Hazmın da musiqi ilə bağlı gələn bütün hədislərin rəvayətində qopuq olmasını bildirməsi və İmam Qəzalinin insanın harama götürən yolda hər bir şey haramdır deməsi və iddiasını sübut etmək üçün gətirdiyi misal olduqca hikmətlidir. “Əgər hər hansı bir şeyin oxunması insanları harama götürərsə, onda bu yolda Quran oxumaq da haramdır.” Yəni üzərində hökm olan şəri məsələlərin haram elan olunduğu səbəblərə və dövrün tələblərinə də baxmaq lazımdır. Əgər həqiqətən bu həyatımızda ən böyük haramdırsa, bu ən böyük haramı tərk etmək ya da illər boyu dostluq etdiyimiz insanı tərk etməklə seçim arasında qalırıqsa, iman yoxsa Allahın haramı deyib birliyimizi və ən xoş anlarımızı bölə bilmiriksə, onda öldürülən müsəlman qardaşlarımızın, irzinə təcavüz olunan xanımlarımızın, heç bir səbəbsiz öldürülən körpələrimizin, bağlanılan, sökülən məscidlərimizin, azansız qalan minarələrimizin, çəkinmədən etdiyimiz qeybətlərin, iftiraların, illərlə qonşu olduğumuz halda qapısını bir dəfə döyüb Allahın salamı ilə salamlamadığımız qonşularımızın, qohumlarımızın üzərimizdəki haqqları, boğazdan aşağı keçməyən saysız oxuduğumuz kitabların, ayələrin, hədislərin hesabı, nəticəsi, aqibəti necə olacaq, sizcə? Nə isə, sualları cavablandırmağı düşünən və “tikanlıq içində qızılgül axtaran” qardaş və bacılarımıza buraxıram. Allah bizi həqiqi dini ilə şərəflənən, bildiyi ilə əməl edən müsəlmanlardan etsin… Amin.


Read Previous

“Allah hər yüz ilin əvvəlində bu ümmətə dinini yeniləyən kəs göndərər” hədisini necə başa düşməliyik?

Read Next

Dünyanın Sonumu?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.