Qızımı məktəbə başıörtülü getməyə qoymurlar. Nə edim?


Salam aleykum!Ailəm Allaha ibadət edir. Qızım hicab geyinir, məktəblidir. Məktəbə isə qoymurlar, deyirlər ki, qadağandır. Mən övladımın təhsil almasını istəyirəm, bildiyiniz kimi, indiki zəmanədə bu vacibdir. Özəl məktəbə qoymağa da imkanım yoxdur! Hicabını da nə qızım, nə də ki biz çıxartmaq istəmirik! Bilmək istərdim, İslamın bu məsələyə dair görüşü nədir? Biz bu vəziyyətdə ne etməliyik?
Allah razı olsun!

Əleyküm salam!
Son günlər, ümumiyyətlə ölkədə bu barədə gərginlik yenidən artmışdır. Ali və orta məktəblərdə hicablı qızlarımızın öz hicabları ilə dərslərə girməsinə qadağa qoyulması haqda söhbətlər gedir və biz hətta bir çox təhsil müəssisəsində bunun artıq icra edilməsinin şahid oluruq. Bu barədə müsəlman bacı və qardaşlarımızın aşağıda qeyd edilənləri bilmələrini lazım sayırıq.
Əvvəla bilməliyik ki, yetginlik yaşına çatmış müsəlman qadının naməhrəm kişilərin olduğu çevrələrdə hicablanması Allahın əmridir və İslam şəriətinin sabit qanunlarındandır. Bu əmr Allahın kitabı Qurani-Kərimlə, Rəsulullahın əmri və tətbiqatı ilə, İslam alimlərinin icması ilə sabitdir. Bunun əksindən söz belə gedə bilməz.
“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)” (ən-Nur, 31)
Bir inanclı müsəlman qadın hər hansı qurumun və ya şəxsin göstərişi ilə başını aça bilməz. Bu, onun inancının, imanının bir hissəsidir.
Eyni zamanda bir müsəlman qadını buna məcbur etmək də Allah qatında böyük günahlardandır. Bu, şər`i bir günah olduğu kimi, həm də insan haqlarının tapdalanması,  Azərbaycan Respublikası Konstitusiyasının pozulmasıdır.
Müasir insan haqları baxımından bir şəxsin necə geyinməsi ancaq onun özü ilə əlaqəli bir işdir. Başıaçıq və ya başıörtülü olmasına görə bir qadının sosial həyatını məhdudlaşdırmaq, onu təhsil almaq haqqından məhrum etmək bu günün dünyasında ən adi insan haqlarının tapdanması kimi qəbul edilir. Həm insan haqları haqda beynəlxalq anlaşmalar, həm də Azərbaycan Respublikasının Əsas Qanunu (Konstitusiyası) hər bir vətəndaşın azad təhsil almaq haqqını tanımışdır. Bu sənədlərin heç birində başıörtülü olmamaq məhdudiyyəti yoxdur. Bir yəhudi başındakı kipası ilə, bir xristian boynundakı xaçı ilə təhsil müəssəsinə girib təhsil aldığı kimi, başıörtülü bir müsəlman xanım da eyni haqdan yararlanmalıdır. Onu bu haqdan məhrum etmək həm dini ayrı-seçkilik, həm də şəxsi həyatına müdaxilədir.
Bizim burada həm müsəlmanlara, həm də bu qadağanı qoyanlara və ya qoymaq istəyənlərə bəzi xatırlatmalarımız olacaq.
Əvvəla, müsəlman bacı qardaşlarımız bu yöndə mübarizələrini səbir və təmkinlə, eyni zamanda yuxarıda toxunduğumuz insan haqları müstəvisində aparmalıdırlar. Çünki bu günün toplumlarında bu işin şər`i yönündən daha çox hüquqi yönü təsirlidir.
Digər bir məsələ isə orta məktəblərdəki şagirdlərin durumu ilə əlaqədardır. Əvvəldə də toxunduğumuz kimi, hicab yetkinliyə çatmış qadınlara fərzdir. İslam şəriətinə görə qadınların yetkinlik dövrü konkret bir yaşla müəyyən edilməyib. Bu, qadınların müəyyən fiziki dəyişikliklərindən asılı məsələdir. Bu isə hər bir qadının öz fiziki özəlliyinə və ya xalqlara, iqlimlərə görə dəyişir. Yetkinliyə çatmamış qızların hicab geyməsi vacib deyildir. Yəni, qızınız yetkinlik yaşına çatmamışsa, dərslərinə hicabsız davam edə bilər. Yetkinlik yaşına çatmışsa, naməhrəmlərin yanında hicab taxmaq ona vacibdir.
Hicabı qadağan edən və ya etmək istəyən müəssisələrimizə isə bunları xatırlatmaq istərdik. Məktəblərdə vahid məktəbli formasına keçmək başıörtülü şagirdlərin başını açmaq üçün bəhanə ola bilməz. Bu vahid formalara başörtüyünü də uyğunlaşdırmaq olar. Necə ki, bir çox ölkələrin məktəblərində bu təcrübə vardır.
Həqiqətən, dünyada insan haqları və azadlıqların inkişaf etdirildiyi bir dövrdə ölkəmizin belə bir məsələ ilə gündəmə gəlməsi xoş deyil. Unutmamalıyıq ki, bu kimi qadağalar bir çox ölkələrdə tətbiq edilmiş, ancaq bir nəticə hasil olmamışdır. Qonşumuz və qardaşımız  Türkiyədə bu qadağalar ciddi sosial problemlər doğurmuşdur. Bu gün isə həmin dövlətin ictimaiyyəti bu qadağaların bir-bir aradan qaldırılmasını mühüm demokratik nailiyyətlər kimi qəbul edir. Hər halda bu, bizə dərs olmalıdır.
Belə qadağalarla biz nə “qazanacağıq”? Əvvəla, təbii ki, bu vətənin minlərlə qız övladı təhsildən kənarda qalacaq. Minlərlə inanclı valideyn öz övladlarına inancları, dini dəyərləri tapdanmadan təhsil verməyin fərqli yollarını arayacaq. Kimisi ölkədən kənara üz tutcaq, kimisi qeyri-leqal ev məktəblərini çarə olaraq fikirləşəcək. Son nəticədə dindarlarla toplum arasında ciddi uçurum yaranacaq. Dövlət bugünkü dünya şərtlərində nə üçün o dindarların uşaqlarını və ya özlərini təhsilsiz qoyduğunu, təhsil almağa imkan vermədiyini onlara izah edə bilməyəcək. Dövlət və dindar özgələşməsinin, yadlaşmasının daha bir ciddi stimulu meydana gələcək.
Fikrimizcə, dövlət bu məsələyə özü yönəlməli, inanclı vətəndaşlarının səsinə qulaq verməlidir. Bu yöndə ciddi araşdırmalara, diskussiyalara, konfranslara ehtiyac var. Dövlət dindar vətəndaşları ilə bu və ya digər vasitələrlə dialoq halında olmalıdır. Nəinki özgələşməli, əksinə, birlikdə qütbləşməlidir.
Bu problemlərlə üzləşən mömin vətəndaşlara isə səbir  və təmkinlə mübarizə aparmalarını, zorakılıq və qanunsuz mübarizə üsullarından uzaq durmağı tövsiyə edirik. Eyni zamanda arzu edirik ki, müsəlmanlar hər bir təhsil müəssisəsində individual həll yollarını da fikirləşəcək, bununla yanaşı öz etiraz və rəylərini daha sistematik və daha təşkilatlanmış formada bildirəcəklər.
Konkret sualınıza gəldikdə isə yuxarıdakı tövsiyə sizə də aiddir. Bu məsələni konkret şəkildə yerində həll etməyə çalışın. Məktəb rəhbərliyi ilə görüşün. Qanunun icazə verdiyi bütün təzyiq və təsir vasitələrindən istifadə edin. Haqlarınızı hüquqi müstəvidə (məhkəmələr, hüquq müdafiə təşkilatları və s.) tələb edin. Eyni zamanda bu qadağadan zərər çəkən digər insanlarla əməkdaşlıq çərçivəsində hərəkət edin, haqlarınızı birlikdə tələb edin.

Allah bu işdə köməyimiz olsun