• 29 Mart 2024

Quranı əzbərləyən insan onu unutmamalıdır (Müsahibə)

Şəki İslami elmlər mədrəsəsinin müəllimi hafiz Rəhman Nuri ilə Quranı əzbərləmək barədə

Qurani-Kərim– Hafiz kimdir, hafizlik nədir?

– Hafiz sözü ərəbcə olub, mənası qorumaq, mühafizə etmək deməkdir. İslam ədəbiyyatında isə hafiz, Qurani Kərimi başdan sona qədər əzbərləyənlərə deyilir. Əslində isə hafiz sadəcə Quranı əzbərləyənlər deyil. Bu baxımdan hicri II, III əsrlərdə yaşamış hafizlərlə indiki hafizlər arasında çox fərq var. O dövrün alimləri İslami elmləri (buraya hədis, təfsir, fiqh, əqaid, əhkam, əsbabı-nüzul və s. daxildir) ən yüksək səviyyədə bilməli və bunlarla yanaşı Qurani Kərimi başdan sona qədər əzbərləyib “Hafiz” titulu almalıydı. Misal üçün, “İbni Kəsir təfsiri” kitabının yazıçısı Hafiz ibni Kəsir bu adı sadəcə Quranı əzbər bildiyi üçün yox, eyni zamanda hədis elmində müəyyən bir mərtəbəyə çatdığı üçün alıb. Bu sahənin elmi dərəcələri belə sıralanır: Muhaddis, Musnid, Hafiz və ən yüksək dərəcə Hüccət. Hüccət 800 minlə 1 milyon arasında hədis əzbərləyənlərə deyilir. İmam Qəzali hüccət səviyyəsinə çatmış bir İslam alimi olub. Ancaq bu gün texnikanın inkişafı ilə hədislər və bütün islami biliklər həm kitablar şəklində, həmdə internet vasitəsilə əlimizin altındadır və istədiyimiz vaxt, istədiyimiz məlumatı əldə etmək mümkündür. Buna görə də dövrümüzdə sadəcə Quranı əzbər bilən insan “Hafiz” adını ala bilər və dünyanın harasında olursa olsun hafiz deyildiyi vaxt Quranı əzbərləyən insan nəzərdə tutulur.

– Hər müsəlman hafiz ola bilər?

– Təbii ki, istəyən hər müsəlman hafiz ola bilər.

– Hafiz olmaq üçün hansı yaşda başlamaq lazımdır?

– Bunun üçün aşağı və yuxarı yaş məhdudiyyəti yoxdur. Kiçik bir uşaq dil açdıqdan sonra yazmağı oxumağı öyrənməsindən etibarən hafizliyə başlaya bilər. Tarixin və müasir mətbuatın qeydlərindən öyrənirik ki, hətta 4 yaşlı hafizlər də olub və hal-hazırda da var. Hafizliyə başlamaq üçün minimum yaş həddi 3-4 də ola bilər. Bu yaşlardan başlayaraq ömrün sonuna qədər hər bir insan hafiz ola bilər.

– Qızların hafiz olması mümkündür?

– Bəli, mümkündür. Hazırda dünyada yüzminlərlə hafizə qadın (qadınlara hafizə deyilir) var. Hətta Azərbaycanın da bir neçə qadın hafizəsi var. Necə ki, qadınlar həyatın hər sahəsində kişilər kimi məktəb, universitet oxuya bilirsə, hafiz də ola bilərlər. İslam dinində hər sahədə olan qender bərabərliyi, hafizlik sahəsindəı də var.

– Azərbaycanda hafizliyin inkişafı hansı dövrə təsadüf edir?

– Hafizlik məktəbi Azərbaycanda ilk dəfə 1992-ci ildə Türkiyədən gələn hafizlərin təşəbbüsü ilə Şəki şəhərində yaranıb. Bu faliyyət ilk başladığı günlərdə ibtidai səviyyədə aparılırdı. O vaxtlar 15 nəfərə yaxın tələbə vardı və onlar hamısı səhər mədrəsəyə gəlib axşam evə qayıdırdılar. Bir neçə ay sonra isə bu faliyyətə xitam verildi. Bundan sonra 1993-cü il Şəki şəhəri Cümə məscidinin nəzdində açılan İslami elmlər mədrəsəsində yenidən hafizlik tədrisinə başlanılıb. Açıldığı dövrdə və hal-hazırda bu məktəbin Azərbaycanda analoqu yoxdur. (İnşallah çoxalmasını təmənna edirəm.) 1993-cü ildə başlayan bu mədrəsənin 26 tələbəsi vardı. Ancaq bir müddət sonra mədrəsənin imkanları genişləndikcə tələbələrin sayı da çoxalmağa başladı. 1995-ci il aprel ayında iki tələbə Quran əzbərini başa vuraraq keçmiş sovet Azərbaycanının ilk hafizləri olmaq şərəfinə nail oldular. Bunlardan biri mən özüm və digəri hazırda İstanbulda tibb aspiranturasında təhsilini davam etdirən Anar Salmanovdur. Hazırda Azərbaycanın 160-dan çox hafizi var. Bu hafizlər dünyanın bir çox ölkəsində, Türkiyədə, Rusiyada, İranda və Ərəbistandakı ali məktəblərdə öz təhsillərini davam etdirirlər. Onların arasında maqistura, doktorantura səviyyəsinə yüksələnlər var.

– Son günlər dünya ölkələrində keçirilən Quran yarışlarında Azərbaycanın adı heç çəkilmir. Bunun səbəbi nədir?

– Təəssüf ki Rusiyada keçirilən axırıncı hafizlik yarışması üçün Azərbaycana dəvətnamə gəndərilməyib. Belə bir yarışın keçirildiyini Biz ancaq mətbuatdan öyrənə bildik. Hətta anspress.com saytında da bu yarışda Azərbaycanın təmsil olunmaması ilə əlaqədar iradlar oldu. Biz sizə xəbər də göndərdik bu yarışa dəvət olunmadığımıza dair. Biz dəvət olunduğumuz bütün yarışlara hafiz göndəririk. İndiyə qədər bizim hafizlərimiz dünyanın müxtəlif ölkələrində yarışlarda iştirak edib, Azərbaycanı təmsil və təbliğ ediblər. Azərbaycanlı hafizlər Səudiyyə Ərəbistanında dəfələrlə, İran İslam respublikasında iki dəfə, Liviyada iki dəfə, İordaniyada iki dəfə, Türkiyədə iki dəfə, Dubayda bir dəfə, Rusiyanın Kazan vilayətində, Qazaxıstanda və Qırğızıstanda keçirilən hafizlik yarışlarında ölkəmizi təmsil ediblər. Buna sevidirici hal kimi baxmaq olar ki, dünyadakı peşəkar hafizlik müəssisələrinin tələbələri ilə eyni yarışlarda iştirak edən hafizlərimiz Qırığızıstandakı yarışda 1, 2 və 3-cü yerləri, Qazaxıstanda keçirilən yarışda 4-cü yeri tutublar.

– Belə yarışlar üçün dəvətnamə Azərbaycanda konkret kimə göndərilməlidir?

– Azərbaycanın ən ali dini qurumu “Qafqaz müsəlmanları idarəsi”dir. (QMİ) Dünyada da Azərbaycanın dini müəssisəsi kimi bu qurum tanınır. Ona görə də xarici ölkələrdən belə dəvətnamələr birbaşa QMİ-yə göndərilir. Həmin qurumdan da Şəki İslam mədrəsəsinə və ya bizim yeni qurduğumuz “Azərbaycan hafizlər cəmiyyəti”nə göndərilir. Biz də yenə QMİ vasitəsilə dəvətnamə göndərən ölkəyə müvafiq cavabı göndəririk. Bəzən də dəvətnmələr gec gəldiyindən yarışlara qatıla bilmirik. Misal üçün keçən il Malaziyadan bir dəvətnamə gəldi. Ancaq bu dəvətnamə Xarici İşlər Nazirliyindən QMİ-yə, ordan da bizə çatdırılana qədər artıq yarışın vaxtı keçmişdi. Bu bəlkə də ondan irəli gəlir ki, dövlətin rəsmi qurumlarından bəzilərində, Azərbaycanda hafizlər və hafizlik müəssisəsinin olduğunu bilmirlər. Ona görə də hesab edirlər ki, bu dəvətlərə cavab verilməyəcək. Son iki ildə isə bu proses bir qədər sürətlənib. Biz bu işlə ciddi məşğul olmaq üçün Azərbaycan hafizlər cəmiyyətini yaratmışıq.

– Hafizlər ancaq din xadimi və ya ilahiyyatçı olmalıdır?

– Xeyr! Əsla elə bir qayda yoxdur ki, hafiz hökmən din xadimi olacaq. Qurani Kərim insanlara göndərilən ən axırıncı və ən mükəmməl ilahi mənbəli kitabdır. O ilahi kitabı əzbərləyən insan da daha çox şeyi əhatə etməyi bilməlidir. Quranda buyurulan əmrləri, göstərilən yolları öyrənməli, bunları həyat prinsipləri halına gətirməlidir. Hafiz olan şəxs sadəcə dinin hüdudları içində qalmamalıdır. Qalmır da. Hazırda bizim müxtəlif sahələrdə təhsil alan azərbaycanlı hafizlərimiz var. Tibb fakultəsində oxuyan üç azərbaycanlı hafiz var. Onlardan biri ali təhsilini başa vurub və aspirantura pilləsində təhsilinə davam edir. İnşallah hafiz həkim olacaq. Bundan başqa hüquq sahəsində, iqtisadiyyat sahəsində, şərqşünaslıqda, filalogiya sahəsində və s. təhsil alan hafizlərimiz var. Hesab edirəm ki, hafiz həkimin, hafiz hüquqçunun və hafiz olan digər peşə sahiblərinin insana baxışı çox fərqlidir. Onlar insana Allahın da Quranda buyurduğu kimi, Yaradanın ən mükəmməl əsəri kimi baxırlar. Bunun da ictimaiyyət üçün çox böyük faydaları var.

– Hafizliyin məsuliyyətləri nələrdir?

– Hafizliyin ilk məsuliyyəti budur ki, Qurani Kərimi əzbərləyən insan onu unutmamalıdır. Unutmaqla bağlı Hz. Muhammədin (SAV) bəzi tövsiyyələri də var. “Quranı hafizənizdə qorumağa səy göstərin. Mühəmmədin canını qüdrəti ilə əlində tutan Allaha and içirəm ki, Quranın yaddaşdan silinməsi, bağlı dəvənin ipindən açılıb qaçmasından da sürətlidir”. “Quranı əzbərləyənin valideynləri müşrik belə olsalar, qiyamət günündə əzabları yüngülləşər”. “Kim Quranı oxuyar, əzbərləyər və onunla əməl edərsə, qiyamət günü ata-anasına nuru dünya günəşinin parlaqlığından daha gözəl bir tac geydirilər”. “Kim Quranı oxuyar, gözəl bir şəkildə əzbərləyər, halalını-halal, haramını haram qəbul edərsə, Allah bunun əvəzində o adamı cənnətə göndərər. O da öz ailəsindən cəhənnəmə düşmüş on nəfərə də şəfaətçi olar”. Bunun üçün də hər zaman Quranı oxumalı və əzbərini təkrarlamalıdır. Böyük əziyyətlər nəticəsində hafiz olmuş bir insanın əzbərlədiklərini unutmasının böyük məsuliyyəti var. Belə insan Qurani Kərimə xəyanət etmiş olur.

P.S. Mətndə göstərilən islami terminlərin mənası: Hədis – peyğəmbər kəlamı, Təfsir – Quranın ətraflı açıqlaması, Fiqh – İslam dini ilə bağlı lazım olan bütün məlumatlar, Əqaid – Allah inancı ilə bağlı məlumat, Əhkam – Quranda hökm ayətləri, Əsbabı-nüzul – Quran ayələrinin göndərilmə səbəbləri.

Şirəli Məmmədov (anspress.com)

Read Previous

ABŞ-da öldürülən 27 nəfər üçün Quran oxundu (VİDEO)

Read Next

“21 Dekabr 2012/Dünyanın Sonu”

One Comment

  • Salam. Mən hafiz olmaq istəyirəm. 17 yaşım var. Bakı Dövlət Universtetində Tarix fakültəsində tarixçilik ixtisasını oxuyuram, 1-ci kursu bitirmişəm. Arzum budur ki, “hafiz necə olmaq olar, Quranı necə tam əzbərləmək olar” kimi suallarıma ətraflı cavab verəsiniz. Bilmək istərəm ki, bunun üçün xüsusi Quran məşğələlərinə yazılmaq lazımdır, yoxsa evdə özbaşıma da öyrənə bilərəm? Evdə öyrənə bilərəmsə, hansı yöntəmləri tövsiyə görürsünüz?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.