• 23 Sentyabr 2019

Ramazandan Sonra

  Möhtərəm müsəlman qardaşlar, Artıq Ramazan ayını arxada qoyduq. Hər gələn bir gün getdiyi kimi Ramazan da gəldi və getdi.

Ramazan, hər il gələn bir mədəniyyətdir. Qaranlıqlara işıq saçan bir günəşdir. Möminlər üçün bir rəhmətdir. Gəldi və getdi.

Ramazan, orucla, Quranla, təravihlə, iftarla, sahurla, dua ilə dopdolu olan bir şəfaət ayıdır. Gəldi və getdi. Gedərkən, bizə oruc ibadəti ilə yumşalmış bir ürək, Quranla gözəlləşmiş bir dil, zəkatla təmizlənmiş bir sərvət qoyaraq getdi. Yenidən qayıtdıqda bizi eyni gözəlliklərdə görmək ümidi ilə getdi.

Elə isə bizə düşən əsas vəzifə, Ramazanı yola saldıqdan sonra da gözəl əməllər etməyə davam edərək bu halımızı qoruyub saxlamaqdır. Əks halda Qurani-Kərimin rəhmət və şəfasından, namazın nurundan, orucun işığı və bərəkətindən məhrum olmuş oluruq ki, bu da müsəlman üçün çox acınacaqlı bir haldır. Çünki həqiqi müsəlman yalnız Ramazanda deyil, hər zaman halal və harama diqqət edən, namazını qılan kimsədir. Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur:

 “Sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!”[1]  

    Əziz möminlər, müsəlman olan hər kəs həmişə yaşadığı ömrünün hesabını aparmalıdır. Xüsusilə Ramazanı yola saldıqdan sonra özümüzü hesaba çəkərək bunları düşünməliyik:

Bu oruc ayında, tutduğumuz oruclar, oxuduğumuz Quranlar, qiyamət günündə bizə şəfaət edəcəkdirmi?

Peyğəmbərimiz (səs) bir Hədisi-Şərfində: “Bir kimsə, Allah rizası üçün oruc tutarsa, Allah Təala onunla cəhənnəm arasında, yer və göy arası boyda bir xəndək açar.[2]  buyurur. O zaman gəlin düşünək görək oruclarımızı Cəhənnəmə əngəl olacaq şəkildə tutduqmu?

Bu mübarək ayda küsülü olduğumuz din qardaşımızla barışdıqmı? Onlara qarşı ürəyimizdə olan kin və küdurəti atıb çıxardıqmı?

Həşr surəsinin 10 cu ayəsində qeyd edildiyi kimi: “Bizim qəlblərimizdə möminlərə (mömin qardaşlarımıza) qarşı kinə (həsədə) yer vermə!” deyə dua edə bildikmi?

 

 

Bəli Ramazan ayı getdikdən sonra hər kəs özünü hesaba çəkməlidir. Mən bu mübarək bir ayda nə kimi savab işlər gördüm və görmədim deyə hesaba çəkməlidir. Xususi ilə bu şərəfli ayda, qıldığımız namazları, oxuduğumuz Quranları Ramazanla bərabər yola salaraq, “Sizə yaxşı yol məscid, namaz, Quran mən tətilə çıxıram, gələn Ramazan görüşərik”- deyən müsəlmanlar daha çox düşünməlidirlər.

    Əziz möminlər, Ramazan ayı bizdən ayrılarkən sanki bizə belə səslənir:

“-Ey müsəlmanlar, bir ətrafınıza baxın. Hər gün qılınan cənazə namazları bizi haqq-hesab gününə bir addım yaxınlaşdırır.

Tökülən yarpaqlar, yağan yağmurlar, əsən küləklər bizi hesab verməyə bir az daha yaxınlaşdırır.

Uca Rəbbimiz bir ayədə bizə belə xəbərdarlıq edir:

“İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allah dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər)”[3]

     “Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!”[4]

Möhtərəm möminlər, bunun üçün həm dünyamızı            həm də axirətimizi qazanmaq məcburiyyətindəyik.  Yalnız dünyanı qazanmaq bizi həqiqi xoşbəxt edə bilməz. Həqiqi xoşbəxtlik hər ikisi üçündə çalışmaqla   olur. Bu baxımdan axirətə çalışmağı yalnız Ramazan  ayına həsr  etmək böyük bir xətadır. “Mən  müsəlmanam” deyən kimsə bu xətaya düşməməlidir. Peyğəmbərimiz (səs):  “İnsanların ən xoşbəxti və ən xeyirlisi ömrü uzun və əməli gözəl olandır.”  buyuraraq  xeyirli və xoşbəxt olmağı, yaxşı əməllər  işləyərək uzun ömürlü olmağa bağlamışdır.    İlin on  bir ayını məscidlərə gəlməyib yalnız Ramazan  ayında ibadət etməklə gözəl əməl işlənmiş sayılmaz.  Müsəlman yalnız Ramazanda müsəlman olmaq deyil.  Həqiqi müsəlman hər zaman və hər yerdə ilahi əmrləri yerinə yetirən insandır.

Xütbəmə Allah Rəsulunun  (səs) bir Hədisi-Şərifiylə son verirəm:

“Ağıllı kimsə, nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışandır. Aciz və zavallı kimsə isə, nəfsinə həva və həvəsinə uyan kimsədir.”[5]

 

  24  Avqust  2012 / 6  Şəvval 1433

 


[1] əl-Hicr, 99.

[2] Tirmizi, R. Salihin Tərc. C. 2, Sh. 567, Nö: 1345.

[3] əl-Ənbiya, 1

[4] əl-Qiyamə, 36.

[5] Tirmizi, R. S. Tərc. C. 1, Sh. 101, Nö: 66.

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 66 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Ramazan Bayramı

Read Next

Zikr

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.