• 28 Mart 2024

RÜŞVƏT VƏ HÖKMLƏRİ

61c573e5-f87b-4acf-bb5c-177254cf71f6_mw800_s_(1)[1]Rüşvət verənlər və alanlar üçün…

RÜŞVƏT VƏ HÖKMLƏRİ

Rüşvət hər zaman haramdırmı?

    Rüşvət almaq, vermək, bu işə vasitəçi olmaq Quranda və Sünnədə qadağan olunmuş haramlardan və böyük günahlardandır.

Lakin, bəzi hallarda rüşvət verilməsi caiz ola bilər. Bu, özümüzdən zülmü dəf etmək, haqqımızı almaqdakı əngəlləri qaldırmaq və bənzəri hallardır.

Bir çox müsəlman sərhəddə, polislə olan münaqişələrdə, həbsxanada və bir çox başqa yerlərdə zülmə məruz qalır və onlardan rüşvət tələb edilir. Bir qisim insanlar bu halda rüşvət verməyi haram hesab etdiyi üçün rüşvət verməyərək zərərə düçar olurlar.

Müsəlmanlar üzərindən bir məşəqqəti qaldırma, bir yüngülləşdirmə olaraq onları Şəriətin bizə tanıdığı rüxsətlə tanış etmək istəyirik. Müsəlmanların bu sıxıntıları qaldırmaq üçün elm əhlinin fikirlərini bilməyənlərə bildirmək bizim üzərimizə bir borcdur.

Rüşvətin lüğəti və istilahi mənaları, zülmü dəf etmək üçün verilən şeyin rüşvət adlandırılıb adlandırılmayacağı, bu əmələ “hörmət” və başqa adların verilməsinin nəticəyə təsiri haqda izahlara lüzum görmürük. Çünki, işlərin hökmü adlarına görə deyil, mahiyyətlərinə görədir. Müvəffəqiyyət Allahdandır.

Şafi alimlərindən İbnul Əsir (544-606 h/1150-1210 m) rahiməhullah özünün məşhur “Ən Nihəyə fi Ğaribil Hədisi vəl Əsər” adlı kitabında “Allah rüşvət verənə, alana və vasitəçi olana lənət etsin” hədisinin şərhində deyir:

“Raşi – ona batil işdə kömək edənə nəsə verəndir. Murtəşi – bu rüşvəti alandır. Raiş – onlar arasında qiymət artırıb, azaldaraq gedib gələn vasitəçidir.

Haqqı olan bir şeyin əldə edilməsi və ya bir zülmün dəf edilməsi üçün verilən şeylər isə bura daxil deyildir.

Rəvayət edilir ki, İbn Məsudu Həbəşistanda girov götürürlər, azad edilməsi üçün iki dinar verir.

Tabiun imamlarından olan bir qrupdan belə dedikləri rəvayət edilmişdir: İnsan zülmdən qorxduğu zaman canı və malı üçün rüşvət verməsində bir bəis yoxdur.”

 

Qaynaq: İbnul Əsir: Ən Nihəyə fi Ğaribil Hədisi vəl Əsər: 2/226

Beyrut: Dar İhyait Turasil Arabi: 1383/1963

 

***

Hənəfi fəqihlərindən Əbul Leys Əs Səmərqandi (v. 373 h/983 m) Maidə surəsi 42-ci ayəsinin təfsirində bu haqda deyir:

 

“Rəsulullah – aleyhis salam – buyurub: “Allah rüşvət verənə və alana lənət etsin”.

Vəhb bin Munəbbihə belə deyildiyi rəvayət edilir:

– Rüşvət hər şeydəmi haramdır?

– Xeyr! Ancaq sənin olmayan bir şey sənə verilsin və ya üzərində haqq olan bir şeyi dəf etmək üçün verdiyin rüşvət haramdır. Dinini, canını, malını qorumaq üçün rüşvət vermək istəsən bu haram deyildir!

(Müəllif) Fəqih Əbul Leys deyir: Bizdə bu görüşdəyik. İnsanın öz canına, malına gələn (haqsız) zərəri rüşvətlə dəf etməsində bəis yoxdur.

Necəki bu, Abdullah bin Məsuddan rəvayət edilib. O, Həbəşistanda (özündən zülmü dəf etmək üçün) iki dinar rüşvət verib belə demişdir: (Bu halda) Günah rüşvət verənə yox, ancaq alanadır.”

Qaynaq: Əbul Leys Əs Səmərqandi: Bəhrul Ulum: 1/438

Beyrut: Darul Kutubil İlmiyyə: 1413/1993

 

***

Hənəfi alimlərindən İmam Əbu Bəkr Əs Səraxsi (v. 483 h/1090 m) “Şərhus Siyəril Kəbir” adlı əsərində bu qaydanın həm küfr diyarında, həmdə darul İslamda keçərli olduğu haqda deyir:

 

“Müsəlman əsirin, darul İslama getmək üçün hərb əhlindən (kafirlərdən) bəzilərinə onu rahat buraxmaları üçün rüşvət verməsində bir bəis yoxdur. Çünki o, beləcə malını canına qalxan etmişdir ki, bu ona əmr edilən şeydir.

 

Rəsulullah – sallallahu aleyhi və alə alihi və səlləm – səhabələrindən bəzisinə demişdir: “Malını canından aşağı, canını dinindən aşağı tut”.

 

Bu dediyimizin dəlili Abdullah bin Məsud – radiyallahu təala anh – hədisidir. O, Həbəşistanda həbs edilmiş və azad etsinlər deyə iki dinar rüşvət vermişdir.

Beləcə anlayırıq ki, bu cür davranış (rüşvət) verən üçün (qadağan sayılan) rüşvət qismindən deyildir. Lakin, alan üçün rüşvətdir.

Həmçinin rüşvət verənin bu davranışı, Rəsulullahın – sallallahu aleyhi və alə alihi və səlləm – “Rüşvət verəndə, alanda atəşdədir” hədisindəki təhdidə daxil deyil! Rəsulullah bu sözləri ancaq zülm etmək və ya başqasına zərər vermək üçün (rüşvət) verən haqqında deyib.

Ancaq (rüşvət) verən özündən zülmü dəf etmək və ya başqasına zərər gəlmədən özü üçün (haqqı olan) bir fayda qazanmaq məqsədilə verərsə bunda bəis yoxdur.

 

Darul İslam haqqında deyiləcək söz də yuxarıdakının eynisidir. Bir zalım onu incidərsə, özündən zülmü dəf etmək üçün malından o zalıma verməsində bəis yoxdur.

İbn Əş Şasa Cabir bin Zeydin belə dediyi bizə çatıb: “Həccacın zamanında rüşvətdən daha xeyirli bir şey tapmırdıq”.

Onun (rüşvəti) xeyirlə vəsf etməsində – alan almaqla günahkar olsada – (bu halda rüşvət) verənin verməklə heç bir günah qazanmayacağına dəlil vardır.”

 

Qaynaq: Əbu Bəkr Əs Səraxsi: Şərhus Siyəril Kəbir: 5/226/Bab: 188

Beyrut: Darul Kutubil İlmiyyə

Şafi alimlərindən Əbu Muhəmməd Əl Bəğavi (436-510 h/1044-1117 m) bu haqda deyir:

 

“İmam (Bəğavi) dedi: Rüşvət, bir haqqın çeynənməsi və ya haqqı olmayan şeyin əldə edilməsi üçün verilən şeydir.

Rüşvət verən, batilə nail olmaq üçün və ya üzərinə haqq olanı dəf etmək üçün verər.

Rüşvət alan isə, onsuzda yerinə yetirməli olduğu haqqı (vəzifəni) yerinə yetirmək üçün alar və bunu aldığı rüşvət olmadan etməz. Yaxud da rüşvəti, tərk etməsi onsuzda vacib olan bir batili (zülmü) tərk üçün alar və bunu ancaq rüşvətlə tərk edər.

Ancaq verən kimsə bununla bir haqqını almaq və ya özündən bir zülmü dəf etmək üçün verirsə bunda bir bəis yoxdur.

İbn Məsuddan rəvayət edilmişdir ki, O girov götürülür və azad edilməsi üçün iki dinar verir.

Həsəndən, Şabidən, Cabir bin Zeyddən və Atadan belə dedikləri rəvayət edilmişdir: İnsan zülmdən qorxduğu zaman canı və malı üçün rüşvət verməsində bir bəis yoxdur.”

 

Qaynaq: Əbu Muhəmməd Əl Bəğavi: Şərhus Sunnə: 10/88

Məktəbətul İsləmi: 1403/1983

 

 

***

İbnu Əbi Şeybə (159-235 h/776-849 m) “Əl Musənnəf” isimli kitabında yuxarıda qeyd edilən bəzi rəvayətləri sənədiylə zikr edir:

 

“İnsanın canını qorumaq üçün rüşvət verməsi babı

 

İbn Uyeynə → Amr: Cabir bir Zeydin belə dediyini eşitdim: Bizim üçün bu zamanda rüşvətdən daha faydalı bir şey bilmirik.

Vəki → Əbul Umeys → Əl Qasim bin Abdir Rahmən: İbn Məsud Həbəşistana gedəndə girov götürülür və azad edilməsi üçün iki dinar verir.

Vəki → Sufyan → Usman bin Əl Əsvəd → Mucahid: Malını dininə qalxan elə! Dinini malına qalxan eləmə!

Hişam → Həccac → Ata → Amr bin Dinar: Cabir bin Zeyd və Əş Şabi belə demişdir: Zülmdən qorxduğu zaman, insanın canını və malını qoruması üçün rüşvət verməsində bir bəis yoxdur.

Huşeym: Yunus, Həsən Əl Basridən eynisini rəvayət etmişdir.

Huşeym → Yunus: Həsən Əl Basri, insanın öz irzini/namusunu qorumaq üçün malını (rüşvət olaraq) verməsində bəis görməzdi.”

Qaynaq: İbnu Əbi Şeybə: Əl Musənnəf: 11/314

Ciddə: 1427/2006

 

***

 

Şafii fəqihlərindən İbni Hacər Əl Məkki Əl Heytəmi (909-974 h/ 1504-1567) – rahimahullah – bu barədə danışmaqla bərabər, vasitəçinin durumu haqqında da söz açır:

 

“Bəzən elə olur ki – bu məsələdə olduğu kimi – rüşvət vermək caiz, almaq haram olur. Necəki hicvindən/tənqidindən çəkinildiyi üçün şairə rüşvət verilir. Bu halda rüşvət vermək zərurət səbəbilə caiz, almaq haram olar. Çünki, bu haqsız qazancdır. (Bu halda) Rüşvət verən, verməyə məcbur edilən kimidir.

Kim qaziyə və ya hakimə rüşvət və ya hədiyyə verərsə:

1 ) Onun xeyrinə batil bir hökm versin və ya bu vasitəylə haqq qazanmadığı bir şeyi əldə etsin, yaxud da bu rüşvətlə bir müsəlmana əziyyət verilsin deyə verərsə, belə bir rüşvəti və ya hədiyyəni verən verməklə, bu rüşvət və hədiyyəni alan kimsə almaqla, vasitəçi öz səyindən dolayı fasiq sayılar. Hətta rüşvətdən sonra bu hökm verilməsə belə bu belədir.

2 ) (Başqa çarəsi qalmadığı üçün) Onun xeyrinə haqlı hökm versin və ya haqqı olan bir şeyi alsın deyə verərsə, sadəcə bu rüşvəti alan fasiq sayılar. Rüşvət verən isə öz haqqını hansı yolla olursa olsun almağa olan zəruri ehtiyacı səbəbilə günahkar olmaz.

Vasitəçi olana gəlincə zahir olan budur:

A ) Əgər bu vasitəçi rüşvət alan cəhətdəndirsə fasiq sayılar. Bu, rüşvət alanın mütləq olaraq (hər iki halda) fasiq sayılacağı prinsipinə binaəndir. Dolayısıyla onun köməkçisidə bu hökmdədir.

B ) Əgər bu vasitəçi rüşvət verən cəhətdəndirsə, əgər biz rüşvət verənin fasiqliyinə hökm versək, onun vasitəçisidə fasiq sayılar. Fasiqliyinə hökm verməsək vasitəçisidə fasiq sayılmaz.

Onlardan (alimlərdən) bəzisinin vasitəçi haqqında dediyimin bənzərini olaraq belə dediklərini gördüm: (Verən tərəfindən gedən) Vasitəçi rüşvət verənin qəsdinə tabedir. Əgər xeyir/haqq qəsd etmişsə vasitəçiyədə lənət gəlməz. Əks halda lənətə düçar olar.

Alınması fasiqliyi gərəkli qılan rüşvətin az və ya çox olması arasında fərq yoxdur.”

 

Qaynaq: İbn Həcər Əl Heytəmi: Əz Zəvəcir an İqtirafil Kəbəir: 2/315

Darul Fikr: 1407/1987

Read Previous

Zinaya yaxınlaşmayın!

Read Next

Ukraynalı nazir Valeri Kravets İslamı qəbul edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.