• 09 Avqust 2020

SƏFƏR ƏDƏBİ

Bu dünyada, fiziki məhdudiyyəti olmayan hər bir insan ömrünün müxtəlif anlarında məcburi və yaxud da könüllü şəkildə səfərə, səyahətə və ya ekskursiyaya  çıxmaqdadır. “Yüz eşitməkdənsə bir görmək yaxşıdır” sözünə əsaslanaraq deyə bilərik ki, hər bir səfər insanın intellektinə yeni informasiyalar qazandırır. “Ağıllı insan – nəfsini hesaba çəkən və ölümdən sonrası üçün çalışan insandır.” (Tirmizi, Qiyamə 25) hədisinə görə mömin dünyada qarşılaşdığı və yaşadığı anı öz lehinə çevirə bilmə fərasətinə malik olmalıdır. Odur ki, səfər və səyahət edərkən yaşadığı (müsbət və mənfi) anı Allahdan bilməli, müşahidə etdiyi gözəlliklərdə Allahın qüdrətini təfəkkür etməlidir.

İslam elmlərinin formalaşma tarixinə nəzər saldıqda bu elmlərin təşəkkül etməsində elmi səyahətlərin müstəsna rolu olduğunu müşahidə edirik. Hədis elmində “ər-Rihlə” adı ilə özünəməxsus terminoloji məna qazanan elmi səyahətlər aylarla dəvə və ya at belində davam etmişdir. Əlimizdəki bahabiçilməz İslam ədəbiyyatının ərsəyə gəlməsində bütün çətinliklərə sinə gərərək həyatlarını təhlükəyə atan ulu babalarımızı minnətlə yad etmək və qarşılığını bu xəzinəyə sahib çıxmaqla göstərmək hər birimizin borcudur.

Həyatın hər bir anını şəkilləndirən və tənzimləyən İslam mədəniyyəti səfər əxlaqı məsələsində də öz dəyərli prinsiplərini ortaya qoymuşdur. Həm dünya, həm də axirət sərmayəsi olması üçün səyahət və səfərlərimizi Hz. Peyğəmbərin tövsiyələri çərçivəsində düzənləməliyik.

Mahiyyətləri baxımından fərqli olsa da, çətinliyinə görə səfərin əzabdan bir hissə olduğunu ifadə edən Hz. Peyğəmbər (s.ə.s) dua edərək yola çıxmağı münasib görür. Həm səfərin faydalı və bərəkətli olması, həm də başa gələcək müsibətlərdən qorunmaq üçün mühafizə dualarını və ayətəl-kürsünü oxumağı məsləhət bilir. “Allahım! Bizə bu səfər əsnasında yaxşılıq və təqva, razı qalacağın əməllər nəsib eylə. Allahım! Bu səfərimizi asanlaşdır və uzağı yaxın eylə! Allahım! Səfərdə yardım edən, geridə qalanları qoruyan Sənsən. Allahım! Səfərin çətinliyindən, pis hadisələrlə üzləşməkdən, geri qayıdanda malımızı, ailəmizi müsibət içində görməkdən Sənə pənah aparıram”. Hədisin ravisi Abdullah ibn Ömər sözlərinə belə davam edir: “Hz. Peyğəmbər (s.ə.s) səfərdən qayıdanda da eyni sözləri təkrarlayar və bu cümlələri əlavə edərdi: “Biz səfərdən qayıdan, tövbə edən, ibadət edən və Rəbbimizə şükür edən insanlarıq”. (Müslim, Həcc 425)

Hz. Peyğəmbər (s.ə.s) səfərə həftənin cümə axşamı günləri, gündüz çıxardı. Axşam və yaxud gecə yarısı evə qayıtmağı isə qadağan etmişdir. “Uzun müddət ailəsindən ayrı qalanlar evinə gecə vaxtı xəbər vermədən gəlməsin!”- deyərək (Buxari, Nikah 121) xəbər vermədən, qəflətən gecə vaxtı evə qayıtmağın ailədə söz-söhbətlərə də səbəb ola biləcəyini ifadə etmişdir. Günümüzdə informasiya vasitələri kifayət qədər inkişaf etmişdir. Telefon, internet və s. vasitələrlə gələcəyimizi əvvəlcədən xəbər verə bilərik. Beləliklə, həm insanları narahatlıqdan qurtarar, həm də qəfildən evə girməmiş olarıq.

Dua və səmimi niyyətlərlə başladığımız səfəri şükür namazı ilə bitirmək səfərimizi bərəkətləndirəcəkdir. Hz. Peyğəmbər səfərdən döndükdən sonra ilk işi məscidə gedərək iki rükət şükür namazı qılmaq olmuşdur. (Buxari, Məğazi 79) Yeri gəlmişkən onu da ifadə edək ki, evinə dönənə qədər səfərdə olan şəxslərin etdiyi dualar məqbul dualar arasında qeyd edilmişdir. Bunu fürsət bilərək səfər əsnasında geridə qalanlar və digər möminlər üçün dua etməyi də unutmamaq lazımdır.

Səfər əsnasında diqqət ediləcək ən önəmli xüsuslardan biri də, heç şübhəsiz ki, bir başçının təyin edilməsidir. Yorğunluq və məşəqqətin hökm sürdüyü səfərlərdə insanların emosiyaları da zərər görür. Odur ki, hər bir qrup nümayəndəsinin özbaşına hərəkət etməsi qarışıqlığa və könül qırmağa zəmin hazırlayacaqdır. Belə halların yaşanmaması üçün Hz. Peyğəmbər (s.ə.s) mütləq şəkildə məsul bir şəxsin təyin edilməsini bildirmişdir: “Üç nəfər səfərə çıxanda mütləq özlərindən birini başçı seçsinlər”. (Əbu Davud, Cihad 80) İslam dini bütün işlərdə nizam-intizama əhəmiyyət verir. Başsız və nizamsız cəmiyyətlərin bəşəriyyətə heç bir faydası yoxdur.

Xülasə, səfərə çıxarkən, nəqliyyat vasitəsinə minərkən, səfər əsnasında və döndükdən sonra dua etməli, təkbaşına çıxmamağa səy göstərməli, yol boyu zikrlə məşğul olmalı, aramızdan birini başçı təyin etməli, onun göstərişlərinə qulaq asmalı, zəif və yaşlıları nəzərə almalı, ibadətləri yerinə yetirməli, səfərlərə səhər erkəndən çıxmalı, səfər başa çatanda vaxt itirmədən geri qayıtmağa çalışmalıyıq.  

Rüfət Şirinov

Mənbə: irfandergisi.com

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 4 dəfə.

ENO

Read Previous

Ərəb dili dərsləri – üçüncü dərs (2)

Read Next

Ömrünü Elmə Həsr Edən Bir Yetim: İbn Kəsir