• 29 Mart 2024

Salam

Möhtərəm müsəlmanlar! Bugünkü, xütbəmizin mövzusu İslamda salamın fəziləti haqqında olacaqdır. Salam, İslam, müsəlman və təslim. Bu kəlimələrdən hər birinin kökü eynidir. Salam deyəndə ilk əvvəl ağlımıza müsəlman olan biri gəlir. Salam duadır. Salam İslamdır.
Salam hər təhlükədən salamatlığa çıxarandır.
Uca Allah bir ayədə: ” Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!” deyə buyurmaqdadır.
Ayədən də başa düşüldüyü kimi Salama, İslama yəni sülhə gələ bilməyən Allahın yolunda ola bilməz. Allahın yolunda olmayan Şeytanın yolundadır. Şeytan isə Allahı anmaz və salama – sülhə gəlməz. Çünki o yalnız vəsvəsə verə və iğtişaş törədə bilir.
Salam isə sülhdür.
Salam Allahın ən gözəl adlarından biridir. Salam İslamın sevgi və rəhmət qapılarının açarıdır. Salam möminlərin bir-birləri üzərin¬¬də¬¬ki¬ qarşılıqlı haqlarıdır. Salam haqqında Peyğəmbərimiz (səs) bir Hədisi-Şərifində belə buyurur:
“İman etməyənə qədər cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməyənə qədər də iman etmiş sayılmazsınız. Əməl etdiyiniz təqdirdə sevinəcəyiniz bir şeyi sizə xəbər verimmi? Aranızda salamı yayın. Ey insanlar salamı yayın, başqalarına yemək yedirin. İnsanlar yuxuda olarkən namaz qılın. Bu dediklərimi etsəniz sağ-salamat cənnətə girərsiniz.”
Əziz möminlər!
“Salam verdim, rüşvət deyil deyə almadılar” deyir dahi Fizuli. Fizuli qarşısındakını İNSAN bilib, ona salam verib, onu da Allahı anmağa, onun adını zikr etməyə çağırıb. Qarşısındakı isə Salama maddiyat kimi baxıb, onu anlamayıb, pul-para olmadığı üçün almayıb. Ona edilən duanı anlamayıb. Salamın Allahın adı olduğunu unudub.
Salamı unudubsa, deməli əslində Allahı unudub.
Uca Allah Qurani-Kərimin bir çox ayələrində salamlaşmaqdan və salamın fəzilətindən bəhs edər. Möminlərə salam verməyi, verilən salamı eynilə və ya daha gözəl bir şəkildə qarşılamağı əmr etməkdədir. Bu ayələrdən bəziləri bunlardır:

“Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə düşünüb anlayasınız”
Salam haqqında digər bir məsələ verilən salamı eyniylə və ya daha gözəl bir şəkildə sahibinə qaytarmaqdır.
Uca Allah buyurur: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya eynilə sahibinə qaytarın. Şübhəsiz, Allah hər şeyi hesaba alandır.”
Verilən salama yalnız “və aləykum” deyə qarşılıq vermək doğru deyildir. Bu şəkildə salamı qaytarmaq ancaq əhli-kitab yəni Xristiyan və Yəhudilərin verdiyi salama qarşılıq ola bilər. Müsəlman bir kimsənin salamına yalnız “aləykum” deyə qarşılıq verilməz.
Peyğəmbərimizə (səs) “Kitab əhli olanlar bizə salam verirlər, onların salamını necə alaq?-deyə soruşmuşlar. Peyğəmbərimiz də (səs)-: “Və aləykum” deyin buyurmuşdur.
Salam elə bir məfhumdur ki, həqiqi möminlər hətta onu cahillərə belə verərlər. Onlara söz atsalar belə yenə də möminlər salamı onlardan əsirgəməzlər:
Ayədə buyurulur: “Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər.”
Əziz müsəlmanlar! Salamı birinci vermək Allah qatında daha fəzilətlidir. Rəsulullah (səs): “İnsanlardan Allah qatında ən hörmətli olanlar əvvəl salam verənlərdir.” buyuraraq bu həqiqətə işarə etmişdir. Hər hansı bir vasitədə olanın piyada olana, gedənin oturana, azın çoxa salam verməsi salamın ədəb qaydalarındandır. Uşaqlara və qadınlara salam vermək də Rəsulullahın (səs) adətlərindəndir.
Səhv başa düşülmə və ya hər hansı bir fitnə qorxusu olmayanda qadının kişiyə, kişinin də qadına salam verməsi mümkündür. Peyğəmbərimiz (səs) məsciddə oturan bir qrup qadına salam vermiş, bundan başqa əmisinin qızı Ümmü Hani də Rəsulullaha salam vermişdir. Uşaqlara da salam verilməlidir. Hələ çox kiçik yaşlarından etibarən uzun bir müddət Peyğəmbərimizin xidmətində olmuş Ənəs (r.a.) uşaqlara rast gəldikdə onlara salam verər və “Rəsulullah da belə edərdi” deyərdi.
Uca Allah, həqiqi salamat yeri olan və Qurani-Kərimin də ifadə etdiyi kimi salamdan başqa heç bir söz eşidilməyəcək olan cənnətə girməyi cümləmizə nəsib etsin! Allahın Salamı, Rəhməti və Bərəkəti üzərinizə olsun!
Salam

23 Sentyabr/25 Şəvval 1432

Read Previous

İSLAMDA AİLƏ

Read Next

ÜMİDSİZLİK KÜFRDÜR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.