• 28 Mart 2024

SİZİ HESABA ÇƏKMƏMİŞDƏN ƏVVƏL ÖZÜNÜZÜ HESABA ÇƏKİN

yaraticinin-akliyla-dusunmek[1]    Əziz müsəlmanlar! Uca Allah kainatı mükəmməl bir nizamla yaratmışdır. Heçbir canlı təsadüfən var olmamışdır. Bütün varlıqların öz nizamı və öz vəzifəsi vardır. Toxumlar, çəyirdəklər, ağaclar, quşlar, heyvanlar, yer və göylər möhtəşəm bir nizam-intizam içində çalışmaqda və öz vəzifələrini yerinə yetirməkdədir. Milyonlarla ulduz fəza boşluğunda, öz yollarından heç çıxmadan, bir-birləriylə toqquşmadan hərəkət etməkdədirlər. İşığında yaşadığımız, istisindən faydalandığımız günəş, hal-hazırda olduğu yerdən dünyaya bir az daha yaxın olsaydı, bütün yer üzü alışıb yanar və buxar halına gələrdi. Əgər bir az daha uzaq olsaydı bütün yer üzü buzla örtülər və heç bir canlı yaşaya bilməzdi.   Orta hesabla üc min metr yüksəklikdən yerə düşən yağış damcısı, “yerin cazibə qüvvəsinə görə” ğetdikcə artan bir surətlə yerə ensəydi, toxunduğu hər şeyi bir güllə kimi deşib keçərdi. Halbu ki, yağış damcısı, artan bir surətlə deyil, sabit və dəyişməz bir surətlə yerə düşməkdə və rəhmət olmaqdadır.

Kainata bu müəzzəm nizamı verən Uca Allah Qurani Kərimdə belə buyurmaqdadır:

“Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.”[1]

“Günəş və ay müəyyən bir ölçu ilə (hərəkət) edər.”[2]

       Əziz möminlər!  elə isə kainatda olan butün bu varlıqların nizam və intizamla hərəkət etmənin məna və hikməti nədir?

Ayə və hədisi-şəriflərdə bildirildiyinə görə, bütün kainat Allaha səcdə etməkdədir. Hətda varlıqların kölgəsi belə Ona səcdə etməkdədir.

Bu barədə Qurani Kərimdə  belə buyurulur:

“Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, onların kölgələri Allaha acizanə surətdə səcdə edərək  sağa-sola əyilir?! Göylərdə və yerdə olan bütün canlılar, hətda mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər!”[3]

“(Ey insan!) Məgər göylərdə və yerdə olanların  (bütün canlıların) , günəşin, ayın və ulduzların, dağların, agacların və heyvanların, insanların bir çoxunun (yəni möminlərin) Allaha səcdə etdiklərini görmürsənmi?”[4]

“(Ya Peyğəmbər!)  Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin) qanadlarını açıb (qatar-qatar)  uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi? Allah onlardan hər birinin duasını, şükr – sənasını bilir.”[5]

Şərəfli möminlər! Kainatda olan bütün varlıqlar Allaha dua və səcdə etdikləri halda, kainatın ən üstün  varlığı olan insanın  Allaha dua və səcdə etməməsi cahillikdir. İnsanın əsas vəzifəsi, onu yaradan Allahı tanımaq və Ona qulluq etməkdir.

Allaha tam mənasıyla qul olmaq üçün də Allahın istədiyi şəkildə müsəlman olmaq şərtdir. Bunun üçün hər müsəlman özünü daxilən hesaba çəkərək bunları düşünməlidir:

Qəlbim nə qədər Allahla bərabərdir. Sözlərim və əməllərim Quran və Sünnəyə uyğundurmu? Ömrümü harada və necə keçirirəm? İslam, həyatımda nə qədər yer alır? İş yerimdə, evdə, ticarətdə dinimi nə dərəcədə yaşayıram. Ticarətdə hər axşam haqq-hesab apardığım kimi “bu gün Allah üçün mən nə etdim və nə etmədim” deyərək özümü hesaba çəkirəmmi?

Hər birimiz gündə dəfələrcə “Lə iləhə İlləllah Allahdan başqa heç bir ilah yoxudur”  kəliməsini söyləyir və onu təsdiq edirik. Elə isə gəlin görək bu kəliməni nə dərəcədə təsdiq edir və onu həyatımızda tətbiq edirik.  Həqiqətən həyatımızda yalnız bir ilahmı var. Yoxsa ilahlarmı var. Uca Allah      Qurani-Kərimdə “Nəfsini həva-həvəsini özünə ilah edəni gördünmü?”[6] buyurur. Yoxsa bizdə nəfisimizə uyaraq onu özümüzə ilah etmişik. Heç düşündükmü!

Allah Təala bir ayədə buyurur:  “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!”[7]

Elə isə gəlin bir düşünək: mübahisə edən iki qardaşımızın arasını düzəltməyə çalışırıqmı? Yoxsa mənə nə hər kəs öz ayağından asılacaqdır deyib kənardan seyrmi edirik. Quranki-Kərimdə buyurulur:  “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”[8]

O halda bir düşünək: yaşadığım bu müddət ərzində zənn etdiyim kimsələrdən halallıq aldımmı. İndiyə qədər qeybətini etdiyim qardaşlarımla halallaşdımmı.

Allahın Rəsulu (səs) dediqodu etməyi, fitnə – fəsad çıxarmağı, zülm etməyi və zülm edən zalimlərə yardım etməyi qadağan etmişdir. Bütün bu qadağanlardam çəkinirəmmi?

Uca Allah Qurani-Kərimdə, yaxşı və pis bütün əməllərimiz, mələklər tərəfindən yazıldığını  xəbər verməkdədir. Elə isə mənim əməl dəftərimdə xeyirli əməllər nə qədərdir və  bu əməllərimlə mən cəhənnəmdən qurtulub cənnətə girməyə haqq edirəmmi?

Bəli, hər agıllı insan Əzrail (ə) gəlmədən, nəfəslər tükənmədən əvvəl, bu və bunun kimi sualları soruşaraq özünü hesaba çəkməli və cavabını hazırlamalıdır. Son olaraq Peyğəmbərimizin  (səs) bu barədə bir hədisi şərifiylə  xütbəmi yekunlaşdırıram:

“Ağıllı insan, özünü (daima)  hesaba çəkən kimsədir”[9]

 

11 Yanvar  2012 /29  Səfər 1434


[1] Qəmər: 49.

[2] Rəhman: 5.

[3] Nəhl: 48, 49.

[4] Həcc: 18.

[5] Nur: 41.

[6] Furqan. 25/43

[7] Hucurat, 49/10

[8] Hucurat, 49/12

[9] Tirmizi, R. Salihin Tərc. C. 1, Sh. 1001. Nö: 66.

Read Previous

Yenə Qurani-Kərimə qarşı təxribat, yenə ABŞ…

Read Next

Pakistanda qanlı cümə: 115 ölü, 270 yaralı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.