• 19 Mart 2024

“Son əməliyyatlar erməni tərəfinin belini qırdı”

4 günlük savaşdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində illərdir davam edən danışıqların növbəti mərhələsi başlayıb. Rusiyanın xarici işlər naziri və baş nazirinin tələsik Ermənistan və Azərbaycana səfərlərində heç şübhəsiz ki, 4 günlük savaşın fonunda əsas müzakirələrdən biri də Qarabağ probleminin həlli ilə bağlı oldu.

Əksər ekspertlər son günlərdəki proseslərin ölkəmizin xeyrinə olduğunu düşünürlər. Çünki indiyə qədər düşmən ölkəyə vurulmayan zərbə 4 günlük döyüşlərdə vuruldu. Hazırda intensivləşən danışıqlarla bağlı bir məsələ yenidən gündəmə gəlib: Azərbaycan bu danışıqlarda ölkəmizin müstəqilliyinə təhlükələrin yaranmaması üçün nə etməlidir? Çünki qonşu Rusiya proseslərin havadarı olduğu Ermənistanın ziyanına işlədiyini yaxşı görür. Hər vəchlə bununla barışmaq istəmir. Azərbaycana qarşı hələ də təsir mexanizmlərinin qaldığını düşünsək, şimal qonşumuzun müstəqilliyimizə təhlükə yarada biləcəyi ehtimalının qüvvədə qaldığı sirr deyil.

qaynarimage316448
Xatırladaq ki, iki il öncə Xəzər dənizinin statusu ilə bağlı Həştərxanda keçirilən sammitdə Azərbaycanın qarşısına müəyyən şərtlərin qoyulması barədə xəbər yayılmışdı. Məlumatlarda 7 rayonun qaytarılması müqabilində rəsmi Bakıya Xəzərin ona aid olan hissəsinə nəzarətdən imtina etməsi təklifinin irəli sürüldüyü deyilirdi.

Politoloq Qabil Hüseynli Azərbaycanın dəyişmiş reallıqlara uyğun şəkildə hərəkət etməsinin vacibliyini vurğuladı: “Azərbaycan ərazilərimizin müəyyən qismini azad edib, böyük uğur qazanılıb. Hərbi strateji üstünlüyümüz qorunur. Bu da danışıqlar masasında Azərbaycana variantlarını diktə etmək hüququ verir. Diktəni BMT-nin 4 qətnaməsini nəzərdə tutub deyirəm. Bu isə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə qəbul və təmin edilməsidir. Ruslarda Kazan variantı, Madrid prinsipləri var. Amma bu məsələlər artıq köhnəlmiş sayılmalıdır. 7 rayonun geri qaytarılması və ermənilərin həmin ərazilərdən çıxarılması şərt kimi ortaya qoyulmalıdır. İndiyə qədər ermənilər iddia edirlər ki, münaqişədə iştirak etmirlər, Azərbaycan torpaqlarını işğal edən ”Arsax özünümüdafiə” qüvvələridir. Hətta indi də iddia edirlər ki, son döyüşləri aparan “Arsax milli özünümüdafiə” qüvvələridir. Belə olan şəraitdə Azərbaycan sübut və tələb etməlidir ki, ermənilər hərbi qüvvələrini bütün Qarabağ ərazisindən çəkməli, ərazi bütövlüyümüz təmin olunmalıdır. Dağlıq Qarabağ məsələsinə isə, Azərbaycanın ərazi bütövlüyü daxilində baxıla bilər. Bu status əvvəlki mədəni muxtariyyət şəklində ola bilər, daha yüksək muxtariyyət növü də. Ermənilər deyirdilər ki, qan töküb torpaqlar almışıq. Azərbaycan da əsgərləri hesabına cəbhədə təşəbbüsü tam ələ alıb. Bundan sonra Azərbaycan həm ordunun potensialından, həm də cəbhədəki strateji üstünlüklərdən istifadə edərək, istənilən anda hansı köməyin olmasından asılı olmayaraq, erməniləri ərazilərimizdən çıxara bilər. Danışıqlar masasında diplomatiyamız arxasındakı hərbi gücü hiss edərək, daha inamlı və diqqətli olmalıdır”.

Politoloq Rusiyanın Qarabağ məsələsində heç bir beynəlxalq hüquq normalarını nəzərə almadığını qeyd etdi: “Rusiya son hərəkətləri ilə Qərbin gözünü bir xeyli qorxuda bilib. Elə düşünür ki, istədiyini edə bilər, istədiyi ölkəyə hücum edər. Bu, özündənmüştəbehlikdir. Beynəlxalq aləmin bu məsələyə qarışmaması özbaşınalığın yaranmasına səbəb olur. Ona görə də Rusiya faktorunu nəzərə almağa məcburuq. Çünki Rusiya yaxın qonşudur, eyni zamanda nüvə silahına malik ölkədir, son vaxtlar da hərbi potensialını xeyli düzəldə bilib. Bizdən ötrü Qərbin vuruşacağını gözləmək çox çətindir. Yəqin ki, Rusiya faktorunu nəzərə almaq mümkün olacaq. Amma bu faktor həlledici əhəmiyyətə malik ola bilər. Sona qədər dirənməliyik”.

Q.Hüseynli 4 günlük savaşın Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlara müsbət töhfələr verdiyi qənaətindədir: “4 günlük savaş Qarabağ probleminin həlli yollarını uzatmadı, əksində problemin həllinin siyasi yoluna böyük təkan verdi. Ordunun son əməliyyatları erməni tərəfin belini qırdı. Onlar əvvəlki kimi danışıqlar masası arxasında dirəniş göstərə bilməzlər. Siyasi qüvvələr nisbəti, beynəlxalq aləmin problemə yanaşması tərzi və digər məsələlər ölkəmizin xeyrinədir”.

Cavanşir ABBASLI

Read Previous

Həftənin Xütbəsi: Şəhidlik

Read Next

Hədəf Cənnətdirsə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.