• 26 May 2019

Söz oyunu

Əziz qardaşlar, İslam alimlərimiz əsrlər boyu ayə və hədislərə əsaslanaraq bizi gözəl söz söyləməyə, gözəlliklərə əxlaq və mənəviyyata çağırmışlar. Doğru sözlü olmağın, pis sözdən uzaqlaşmağın əhəmiyyətini vurğulamış, qiymətli əsərlərində bunu insanlara aşılamışlar. Lakin təəssüf ki, bir müsəlman olaraq biz bunlara kifayət qədər diqqət göstərmirik.

Bunun fərqində olan şeytanın dostları həm bizim düşüncələrimizi öz istədikləri kimi formalaşdırmaq, həm də müsəlmanlar arasında qarşıdurma yaratmaq üçün “söz” oyunlarından geniş istifadə etmiş və bundan sonra da istifadə edəcəklər.

Bu həm müsəlmanların biri-birilərinə ad qoyaraq digərlərindən ayırması, həm də cəmiyyətin əxlaq səviyyəsini korlamaq üçün günah əməllərə qoyulan fərqli adlar şəklində baş verir.

Misal üçün deyək ki, bir qrup müsəlman müəyyən şəxslərin mənafeyinə uyğun deyil, bu halda onunla  neçə mübarizə aparmaq olar?

– Təbii ki, ən “yaxşı” metod “qaralamaqdır”. “Qaralamaq” üçün ən asan və özünü “doğrultmuş” üsul hansıdır?

– Təbii ki, ləqəb qoymaq, “söz oyunundan” istifadə etmək. Müəyyən müsəlman qurplarına ləqəb qoyanlar həm özlərini bu sözlərlə aldadır, həm də qarşılarındakıların şüuruna nüfuz edərək, konkret qrup haqqında fikir formalaşdıraraq insanları onlardan uzaqlaşdırlar. Daha sonra bu “ad qoyulan” qrupdan bir şəxs doğru söz də desə, “sən filankəslərdənsən, siz beləsiniz, siz səhv yoldasınız” deyilərək geri çevrilir.

Bu «asan» yolu əsrlər boyu təcrübədən keçirən xarici xüsusi xidmət organları Osmanlı kimi dövləti çökdürdülər, Hindistanı parçaladılar, İraqı, Əfqanıstanı viran qoydular. Lakin təəssüf ki tarixdən dərs almayan biz müsəlmanlar eyni səhvləri bu gün də davam etdiririk. Bu gün də  biri haqq söz demək istədiyi halda, onu dinləməyib “siz səhv yoldasınız” deyir, onun nə dediyinə baxmırıq.

Əziz möminlər, “Söz” oyunundan geniş istifadə olunduğu sahələrdən biri də pis əməllərin fərqli adlarla adlandırılmasıdır. Cəmiyyətdə normal qəbul olunmayan və əxlaqsızlıq kimi görülən bir çox əməl başqa adla adlandırılaraq yaxşı bir iş kimi tərənnüm etdirilir.

Məsələn rüşvət cinayəti “hörmət” adı ilə, oğurluq cinayəti “atmaq, fırlatmaq”, zina əxlaqsızlığı “cavanlıq etmək”, yalan danışmaq əxlaqsızlığı “fırıldaq, fərasət, bacarıq” sözləri ilə bəzədilərək insanlar tərəfindən daha asan qəbul etdirilir.

Çünki bu bəd əməllərin əsl adları insanların şüuraltında pis əməl olaraq qəbul edilir, eyni zamanda bu əməllərin törədilməsi də müsbət olaraq qəbul olunmur. Bu cür pis əməllərin insanlar tərəfindən törədilməsini asanlaşdırmaq üçün şeytanın dostları bu ifadələri başqa adla adlandırıb insanları həmin əməllərin əsl mahiyyətindən uzaqlaşdırırlar. Hətta bəzən bu pis əməlləri törədənlər sonradan fəxrlə bunu başqalarına danışıb “biri mənə hörmət elədi”, “cavanlıq etdim”, “filankəsə filan şeyi atdım” və ya “filankəs fərasətlidir” deyirlər. Lakin bu adamlara etdikləri əməlin əsl adını söylədikdə rüşvət aldıqlarını, zina etdiklərini və yalançı olduqlarını qəbul etməyərək qətiyyətlə bunu  rədd edərlər. Bu da onu göstərir ki, edilən eyni əməl müxtəlif cür adlandırılaraq insanlar tərəfindən müxtəlif şəkildə qəbul edilir.

Möhtərəm möminlər!

Nəticə olaraq, hər birimiz bilməliyik ki, danışarkən istifadə etdiyimiz sözlərə, dinləyərkən eşitdiyimiz sözlərə diqqət yetirməliyik, bu zaman sözlərin gücünün fərqində olaraq tərənnüm etdikəri mənanı dərk etməliyik. Danışdıqlarımızdan məsuliyyət daşıdığımızı unutmamalıyıq.

Eyni zamanda biri-birimizə ləqəblər qoyaraq parçalanmamalı, pis ləqəblər qoyaraq təhqir etməməli, haqqı söyləyənin ləqəbinə deyil dediyi sözə baxmalıyıq. Müsəlmanlar olaraq ya xeyir danışmalı, ya da susmalıyıq. Pis söz insanları əxlaqsızlığa parçalanmağa və fəsada apardığı kimi bunun əksi olan yaxşı sözlər də əxlaqa və birliyə səbəb olur. Bunun fərqində olaraq gəlin yalnız xeyiri danışaq. Xütbəmə bir ayə və bir hədislə son verirəm:

“Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır” (Hucurat surəsi, 11).

Allah Rəsulu (səs) bir hədisində isə belə buyurur:

“Kim Allah və axirət gününə iman gətirirsə, ya xeyirli danışsın, ya da sussun” (Buxari, Müslim)


      Soz oyunu

Oxunub: Bu gün - 0 dəfə, Cəmi - 340 dəfə.

Müşfiq Xəlilov

Read Previous

Tövbə və İstiğfar

Read Next

İslamda qardaşlıq

One Comment

  • Bu movzu heqiqeten mene ders oldu…Sehvlerimin Gunahlarimin NE qeder cox oldugunu her xutbede daha cox bawa duwurem

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir