• 23 Aprel 2024

Şübhəli şeyləri tərk etmək

    Möhtərəm möminlər, insanın qarşısında bəlli olan halal və haramlar, bir də halal və haramlığı dəqiq olaraq bilinməyən şübhəli şeylər vardır. Bəlli olan halal və haramlara diqqət etmək, onları nəzərə almaq asandır. Ancaq şübhəli şeylər haqqında bir hökm çıxara bilmək çox çətindir. Şübhəli olan şeylər halal qəbul edildiyi təqdirdə harama düşmək ehtimalı vardır. Bu da insanın qəlbini narahat edir. Məhz müsəlmanları bu sıxıntıdan qurtarmaq üçün Peyğəmbərimiz (s) bu barədə belə buyurmuşdur: “Şübhəli olanı tərk et, şübhə verməyənə bax!”[1]

     Əziz möminlər Hz. Rəsulullahın (s) şübhəli şeyləri tərk etmək haqqında söylədiyi bu hədisi-şərifi yaxşı dinləyin: “Halal da bəllidir, haram da. Birdə bunların arasında halal, yaxud haram olduğu bəlli olmayan bəzi şübhəli şeylər vardır ki, çox insanlar bunları bilməzlər.

Kim şübhəli şeylərdən çəkinsə, dinini və namusunu qorumuş olar. Kim də şübhəli şeylərə dalsa, mal-qarasını qoruğun kənarında otaran çoban kimi çox keçməz qoruğa düşər.

Diqqət edin! Bilin ki, hər bir hökmdarın qoruğu vardır. Unutmayın ki, Allahın yer üzərindəki qoruğu haram buyurduğu şeylərdir…..”[2]

Yuxarıdakı bu hədisi-şərifdə Allah Rəsulu (s) qadağan olan ərazinin kənarında heyvanlarını otaran çobanın qadağanı pozmaq təhlükəsi ilə üz-üzə olduğunu ifadə edir. Çox vaxt çoban tarlaya özü girib zərər verməz, ancaq güddüyü heyvanlara hakim ola bilməyərək onlara görə məsuliyyət daşıyar. Şübhəlilər sərhədinə yaxınlaşan insan da nəfsinə, və əmri altındakı insanlara hakim ola bilməyərək onlara görə günaha girə bilər.

Əshabələr şübhəli şeyləri tərk etmək xüsusunda çox həssas davranırdılar. Bu mövzuda Hz. Ömər baxın nə deyir: “Biz faizə düşmək qorxusu ilə on halaldan doqquzunu tərk etdik.”[3]

Hz. Əbu Bəkr Siddiqin bir köləsi vardı. Bu kölə qazancının müəyyən bir hissəsini ona verir, o da bundan yeyərdi. Bir gün yenə kölə qazandığı bir şeyi gətirdi.

Hz. Əbu Bəkr (r.a.) də ondan bir loğma götürdü. Bunun müqabilində kölə: “Hər axşam məndən qazancımın mahiyyətini soruşardın. Bu axşam niyə soruşmadın?!”-dedi.

Hz. Əbu Bəkr (r.a.): “-Ac idim, soruşmağı unutdum. Yaxşı, de görək necə qazandın?” deyərək izah etməyi istədi. Kölə: “Faldan başım çıxmadığı halda cahillik dövründə falçılıq edərək bir adamı aldatmışdım. Bu gün onunla qarşılaşdıq. Həmin adam etdiyim işin əvəzində bu yeməyi mənə verdi.”- dedikdə Hz. Əbu Bəkr (r.a.) barmağını boğazına saldı və (bütün əziyyətinə rəğmən) yediklərini hamısını çıxartdı. Köləyə tərəf çevrilərək: “-Ar olsun sənə! Az qala məni həlak edəcəkdin.”-dedi. Ona: “-Bir loğma üçün bu qədər əziyyətə dəyərdimi?”-deyənlərə Hz. Əbu Bəkr Siddiq bel buyurdu: “-Canımın çıxacağını bilsəydim yenə də o loğmanı çıxarardım. Çünki Rəsulullahdan (s)  eşitdim: “Haramla bəslənən vücuda cəhənnəm daha çox layiqdir.”[4]

   Möhtərəm müsəlmanlar, insan bir iş görmək istəyərkən qəlbində tərəddüd yaranır, qəlbi onunla heç barışmır, şübhələnir və günah olmasından qorxursa, orada dayanmalıdır. Məhz bu təmiz qəlbin və vicdanın xəbərdarlığıdır, onu dinləmək lazımdır. Əshabələrdən bir nəfər gəlib: “Bir şeyin mənə şübhə verib vermədiyini necə başa düşə bilərəm?”- deyə soruşdu. Rəsulullah (s) bu səhabəyə belə tövsiyə etdi: “-Əlini ürəyinin üstünə qoy! Çünki ürək haramdan həyacanlanır və çırpınır, halaldan isə sakitlik və rahatlıq tapır.”[5]

Şübhəli şeyləri tərk etmək mövzusunda digər bir ölçü isə belədir: Əgər insan gördüyü işin başqaları tərəfindən duyulmasından pərt olursa, bu səbəbdən də eşidilməsini istəmirsə, o hərəkət mütləq çirkindir, günahdır. Allah Təalanın ona rizası yoxdur.

Bütün bunlarla yanaşı, şübhəli şeylərdən qorunmaq istəyərkən halal olan nemətlərdən uzaqlaşmaq və ya halal olan nemətlər haqqında vəsvəsəyə düşərək lazımsız tərəddüdlər keçirmək və bu şəkildə müsəlmanları sıxıntıya salmaq da düzgün deyildir.

    Əziz möminlər, xütbəmi yuxarıda oxudğum hədisi-şərifi təkrar oxuyaraq yekunlaşdırıram: “Şübhəli olanı tərk et, şübhə verməyənə bax!”

Shubheli sheyleri terk etmek

                                          14 Dekabr  2012 /1 Səfər 1434


[1] Tirmizi, Qiyamət, 60/2518

[2] Müslim, Müsaqat, 107, 108

[3] Ali əl-Müttəqi, IV. 187/10087

[4] Buxari, Əbu Nuaym, Hilyə, I, 31

[5] Heysəmi, X, 294

Read Previous

21 DEKABR 2012

Read Next

Qəbir ziyarəti və qəbiristanlıqda Quran oxumaq caizdirmi?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.