• 29 Mart 2024

Təfəkkür

 

  Əziz müsəlmanlar, təfəkkür, hər hansı bir məsələ haqqında dərin-dərin düşünmək, zehni yormaq və məsələnin mahiyyətinə varmaq deməkdir. Təfəkkür yalnız insana aid bir xüsusiyyətdir. İnsan, bunun sayəsində digər varlıqlardan seçilir və üstün tutulur. Yəni, bir adamın ucalması da, alçalması da təfəkkür qabiliyyətini istifadə edib etməməsinə bağlıdır.

Təfəkkür, yalnız qəlbdə təsəvvürü mümkün olan şeylər haqqında edilə bilər. Ona görə Allahın yaratdığı varlıqlar haqqında təfəkkür mümkündür. Lakin Allahın zatı haqqında təfəkkür mümkün deyildir. Çünki Allah heç bir şəkildə surət və şəkil olaraq xəyal edilə bilinməz. Necə ki, Rəsulullah (s) buyurmuşdur:

“Allahın yaratdıqları üzərində təfəkkür edin, lakin zatı üzərində düşünməyin. Çünki, siz Onun qədrini (layiq olduğu şəkildə) əsla təqdir edə bilməzsiniz.”[1] Ancaq, Allahın zatı xaricində sifətləri, etdikləri və yaratdıqları haqqında təfəkkürü də tərk etməmək lazımdır.  Uca Allahın nemətlərini təfəkkür etmək ən fəzilətli ibadətlərdən biridir. Peyğəmbərimizin (s) ilk ibadəti təfəkkür idi.

Qurani-Kərimdə Allahın keçmişdə bəzi qövmləri necə ucaldıb, digərlərini də necə alçaltdığını təfəkkür etməyimiz əmr edilir.[2]

Belə ki, Rum surəsi 8-9 cu ayələrdə belə buyurulur:

“Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.”

“Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar (Ad, Səmud tayfaları) bunlardan daha qüvvətli idilər. Onlar (əkinçilik məqsədilə) torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox abad etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.”

Allah Rəsulu, (s) təfəkkür üçün xüsusilə gecələrdən istifadə edərdi. Göz yaşları içində ayaqları şişənə qədər ayaq üstə dayanar, saatlarla rüku və səcdə edərdi.

Ata (rəhmətullahi əleyh) belə rəvayət edir, Həzrət Aişəyə: -Allah Rəsulunda gördüyün ən təəccübləndirici hadisəni mənə xəbər verərsənmi? –dedim. Aişə anamız: – Onun hansı halı təəccübləndirici deyildi ki!-dedi və belə davam etdi: Bir gecə yanıma gəldi, yatağa girdi, sonra: “-İcazə ver durub Rəbbimə ibadət edim”-dedi.

Mən: -Vallah, səninlə bərabər olmağı çox sevirəm, lakin səni sevindirən şeyi daha çox sevirəm, dedim. Bundan sonra qalxdı, dəstəmaz aldı, sonra namaza durdu və ağladı. O qədər ağladı ki, göz yaşları köksünə axdı. Sonra rükuya getdi, yenə ağladı, sonra səcdəyə getdi, səcdədə ikən də ağladı, sonra səcdədən başını qaldırdı və yenə ağladı. Bu hal ta ki, Bilal gəlib sübh azanını oxuyana qədər davam etdi. Bilal (r.a.), Peyğəmbərin (s) ağladığını görüncə:

-Ey Allahın Rəsulu, keçmiş və gələcək bütün günahların bağışlanıldığı halda səni ağladan nədir?-deyə soruşdu. Peyğəmbər (s)-:

“Allaha çox şükr edən bir bəndə olmayımmı? Allaha and olsun bu gecə mənə elə bir ayə endirildi ki, onu oxuyub üzərində təfəkkür etməyənlərin vay halına dedi və bu ayəni oxudu:

“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”[3]

Allah Təala, Qurani-Kərimin bir çox yerində “Düşünməzsinizmi?”, “Düşünənlər üçün dəlillər vardır!” ifadələriylə möminləri təfəkkürə dəvət edir. Belə ki, Uca Allah baxıb düşünmək üçün saysız hesabsız varlıqlar yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allahın bir dəlili olduğuna görə göylərdə, yerdə və onların arasında olan bütün varlıqlar bizim üçün də bir təfəkkür səbəbidir. Qurani-Kərimin bir ayəsində belə buyurulur: “(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb daşınanlar üçün bunda (Allahın birliyini sübut edən) dəlillər vardır!”[4]

     Əziz möminlər, Allah Təala, möminləri təfəkkürə dəvət etdiyi kimi kafirləri də təfəkkürə dəvət edir.  

     Xütbəmə bu barədə olan bir ayə ilə son verirəm:

“(Ya Peyğəmbər! Bu müşriklərə) de: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə (məni dinlədikdən sonra məclisimdən) iki-iki, bir-bir (durub gedin), sonra da bir dərindən düşünün!..”[5]

Tefekkur

 

30  Noyabr  2012 /16 Məhərrəm 1434

 


[1] Deyləmi, II, 56

[2] İbrahim, 14/5

[3] Ali-İmran, 3/ 190-191 (İbn Hibban, II, 386)

[4] ən-Nəhl, 16/11

[5] Səbə 34/46

Read Previous

Həzrət. Hüseynin şəhid edilməsi. /Kərbala Faciəsi/

Read Next

Dekabr 2012

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.